İyulun 18-də Qənimət Zahidin Şamaxının Meysəri kəndində qardaşı oğlu – Tural Zahidov da saxlanaraq Şamaxı polisinə aparılıb. O, polis əməkdaşını təhqir etməkdə suçlanaraq 30 sutka həbs cəzası alıb. Qənimət Zahid AzadlıqRadiosuna açıqlamasında baş verənlərin “Azərbaycan saatı” ilə bağlı olduğundan əminliyini bildirib: “Şübhə etmirəm ki, bu həbs və təqiblər “Azərbaycan saatı” ilə bağlıdır. Başqa heç bir səbəb yoxdur. Hər kəs bilir ki, “Azərbaycan saatı” getdikcə populyarlaşır və əsl həqiqətləri ölkə əhalisinə çatdırır. Buna görə də, hökumət qohumlarıma qarşı təqiblərlə mənə təsir etmək istəyir”.
Q.Zahidin daha bir qardaşı oğlu Rüfət Zahidovu iyulun 20-də Yasamal rayonunda işlədiyi şirkətdən aparıblar. Bu barədə AzadlıqRadiosuna onun atası Fərasət Zahidov məlumat verib: “3 gündür ki, evimiz nəzarət altında idi. Gözətçi qoyulmuşdu ki, görsünlər bizə kim gəlib-gedir. Halbuki heç gəlib-gedənimiz yoxdur. İndi telefonuna zəng edirəm, zəng çatmır. İş yoldaşları öyrənib ki, hazırda Narkotiklərlə Mübarizə İdarəsindədir, biz də ora gedirik”.
Həbs olunanların yaxın daha bir doğması - Mirzə Sakit isə musavat.com-a müsahibəsində baş verənləri şərh etdi.
-Mirzə, öncə təbii ki, qardaşınız oğlanlarının həbsindən başlayaq... Bu barədə nə deyə bilərsiz? Məlumatlarınız nədir?
-Təkcə qardaşım oğlanları yox, bu serial həbslər artıq əmi oğlanlarına da "qismətlənib". Məndə olan məlumata görə, bir əmim oğlu da artıq həbs ediblər və ona da 25 günlük cəza tətbiq olunub. Yəqin ki, növbədə bibi oğlanları, dayı oğlanları, kirvələr, bacanaqlar və sairə...var..
|
“Bu repressiyaların dayanması üçün Əli Kərimli "ağlından" yox, dünya təcrübəsindən yararlanmaq lazımdı...” |
-Sizcə bu həbsin arxasında dayanan məqamlar nələrdir?
-Bu məqamların nədən ibarət olmasını bilmək üçün çox da baş sındırmaq gərək deyil, aydın məsələdir ki, "Azərbaycan saatı" verilişinə görə hakimiyyət bu həbslərə başlayıb. Həmin əməliyyata da "Nəslini kəsərəm" adını qoyub. Göründüyü kimi kəsməyə də başlayıb. Həbs olunan qohumlarımın heç biri siyasi fəaliyyətlə məşğul deyillər, onlar sırf fiziki əməklə məşğul olaraq, ailələrini dolandırmaqla məşğuldurlar. Ümumiyyətlə nəinki həbs olunan qohumlarım, eyni zamanda mənim bütün qohumlarımın heç biri ölkədəki siyasi proseslərlə heç vaxt maraqlanmayıblar. Hətta elə qohumlarımız var ki, şəxsən uzun illərdi mənimlə də əlaqələrini kəsiblər. Qayıdaq "Azərbaycan saatı" verilişinə.. Bu verilişi mən heç zaman dəstəkləməmişəm. Bu bir proyektdir və həmin proyektin ən başlıca məqsədi hardansa bir az pul-para qazanmaq məqsədi güdür.. İndi bu sözümə görə mənə irad tutanlar, hətta lənətləyənlər də olacaqlar.. Amma bu mənim üçün qətiyyən önəmli deyil. Önəmli olan odur ki, belə mübarizə üsulu Xorasanda oturub Bağdaddakı Kor Xəlifəyə meydan oxuyan minbər mollasının başağrıdan moizələridir.. Hakimiyyəti tənqid etmək mütləq lazımdır, bunun ustalarından biri də elə mən özüməm. Türmədə də olanda hakimiyyətə qarşı çox sərt yazılar yazıb çölə ötürərək qəzetlərdə dərc etdirirdim. Amma o türmə də Azərbaycanda yerləşirdi. Sizə bir misal çəkim. Almaniyada yaşayan dostlardan biri bir dəfə mənə dedi ki, a bəy, sən niyə "Azərbaycan saatı"nda çıxış etmirsən. Gülüb ona dedim ki, kimdi məni ora buraxan, o verilişin özü diktatorların əlindədi... Yəni bununla demək istəyirəm ki, demokratiya tələb edən insanların özləri ilk növbətə demokratik dəyərlərə, plüralizm qaydalarına əməl edib sonra başqalarından bunu tələb etməlidirlər. Mən ailəmi, uşaqlarımı ölkədən çıxardıb sonra da hakimiyyətin əleyhinə "Proyekt parası" xatirinə gecə-gündüz döşəyəcəmsə, demək mən cəmiyyətin firavanlığı haqda qətiyyən düşünmürəm. Qeyd edim ki, Azərbaycandakı qohum-əqrəbalar da cəmiyyətin üzvləridirlər... İnsanları təhlükə ilə üz-üzə qoyub, gedib “Ərəseydə” böyük-böyük danışmağın adı qəhrəmanlıq deyil. Bir məsələni də nəzərinizə çatdırım, həmin bu "Cəmiyyət cəfakeşləri" vaxtilə mən “Azadlıq” qəzetində çalışanda məni acından öldürürdülər. Baxırdım ki, özləri də normal təminatlı şəkildə yaşayırlar. Lələmin urfu haqqı mən və mənim yeddi nəfərlik ailə üzvlərim də həmin cəmiyyətin üzvləri idik..
|
"Yurd"dan və onun sədrindən hələ bir kəs xeyir görməyib...mədəniyyətsizlikdir” |
-Qardaşınız Qənimət Zahid AzadlıqRadiosuna açıqlamasında baş verənlərin “Azərbaycan saatı” ilə bağlı olduğundan əminliyini bildirib: “Şübhə etmirəm ki, bu həbs və təqiblər “Azərbaycan saatı” ilə bağlıdır. Başqa heç bir səbəb yoxdur. Hər kəs bilir ki, “Azərbaycan saatı” getdikcə populyarlaşır və əsl həqiqətləri ölkə əhalisinə çatdırır. Buna görə də, hökumət qohumlarıma qarşı təqiblərlə mənə təsir etmək istəyir”...
- "Azərbaycan saatı"nda deyilənlərdən beş qat artığını insanlar sosial-şəbəkələrdə yazıb paylaşırlar.. Həmin veriliş hakimiyyəti qətiyyən narahat etmir, ümumiyyətlə əhəmiyyət vermirlər. Sadəcə yuxarıda dediyim kimi, xaricə mühacirət olunub oradan demək lazım deyildi ki: "Mənim 100 nəfər qohumlarım həbsdədirlər". Hakimiyyət də dedi ki, indi onların sayını 100-ə çatdırmağa çalışarıq. Yenə deyirəm, hakimiyyəti tənqid etmək mütləq şəkildə lazımdı, amma bununçün da ilk növbədə ağıldan istifadə etmək gərəkdir. "Yurd"dan və onun sədrindən hələ bir kəs xeyir görməyib... Kimlərinsə həyatları qara günə qalacaq, mənə də "molodes" deyəcəklər. Belə siyasət olmur, bunun adı "Dəli yığıncağının məşvərət iclası" deməkdir. İndi bəzi "vətənpərvərlər" deyəcəklər ki, "Azərbaycan saatı" da məhz xalqın azadlığa çıxması istiqamətində çalışır. Belə deyənlərin özləri də çox düşüncəsiz və praktiki baxımdan cahil insanlardılar... Bu yolla hakimiyyətə təsir edə biləcəyini fikirləşən adamın ağlına “kilki konservası” kəsim. Həmin adamlar ya Azərbaycan hakimiyyətini tanımırlar ya da maskarad sevəndilər ki, o verilişdən həzz alırlar..
-Siz bu həbslərin digər qohumlarınızı da əhatə edəcəyini düşünürsünüzmü?
-Hər şey ola bilər, o qədər cinayət maddələri var ki... İstənilən insanları həbs də edə bilərlər, öldürə də bilərlər... Yeri gəlmişkən, bu yaxınlarda keçmiş cəbhəçi Ağaşirin Tanrıverdioğlu öz facebook səhifəsində cəbhəçilər haqda xırda bir zarafat yazmışdı... Bildiyiniz kimi, səhərisi gün Əli Kərimlinin müşaviri gündüzün günorta vaxtı gedib Ağaşirin bəyi döymədimi? Hələ bu müxalifətdi... Hakimiyyətin də əlində bütün səlahiyyətlər, güc, pul, ordu... Nə desən edərlər.
|
“”Azərbaycan saatı”nın ən başlıca məqsədi hardansa bir az pul-para qazanmaqdır...” |
- Sizcə bu həbslərin dayanması üçün nə etmək lazımdır?
- Bu repressiyaların dayanması üçün Əli Kərimli "ağlından" yox, dünya təcrübəsindən yararlanmaq lazımdı... Qəzetiniz vasitəsilə də hüquq-mühafizə orqanlarının nümayəndələrinə deyirəm ki, qohumlarımız sırf öz zəhmətləri ilə halal dolanan adamlardılar, bu vaxta qədər onların heç biri siyasətə yaxın da dayanmayıblar... Hətta anam həmişə mənə deyərdi ki, ay bala, İlham Əliyevə qarşı bu qədər "pis" yazılar yazırsan, bir dəfə də yaxşı şer yazsan dünya dağılmaz ki... Son olaraq onu da vurğulayım ki, Azərbaycanın siyasət meydanında anamın ən çox bəyəndiyi şəxs Mehriban Əliyevadır...
Sevinc TELMANQIZI , musavat.com