İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirşahindən Aqil Abbasadək

1644 18.06.2014 13:00 Yazarlar A A

Gülər Əhmədovanın tərtib etdiyi parlamentciyin də özünün Mirşahini varıymış. Mirşahinin kim olduğunu izah etməyə ehtiyac yoxdur. Bircə xatırlatmadan sonra mətləbin üstünə gələcəm. Bu adam “Hesabat” verilişində, NİDA-çılara haqsız və qəddar hökm oxunan günü məhkəmə qarşısına toplaşmış işıqlı gənclərin hökmə etiraz olaraq, Azərbaycan himnini oxuyarkən, bəzilərin ayağa qalxmamalarını tənqid edirdi. Daha nə deyəsən? Azərbaycanı, onun rəmzlərini canlarından artıq sevən işıqlı, əqidəli gəncləri şərləyib uzunmüddətli həbsə atırlar, adam bundan yox, onların əqidədaşlarının himnimizi otura-otura oxumalarından narahat olurmuş. Əsl parodiyadır! Əgər o, dövlətimizin himninə bu qədər sayğılı yanaşırsa, görəsən bir-sıra tədbirlərdə himnimiz səsləndirilərkən birinci də daxil olmaqla, heç bir dövlət rəsmisinin onu oxumadıqlarını niyə görmür? “Mən mücərrəd demokratiya və söz azadlığını qəbul etmirəm” deyən jurnalistin başqalarına dərs keçməsi də gözəl parodiya nümunəsidir.
Aqil Abbas Azərbaycanın qəhrəman xanımı Leyla Yunusun polisin furajkasını yerə fırlatmasından bərk əsəbiləşibmiş. Həmin furajkanın üstündə dövlətimizin herbi varıymış və onu polisin başından götürülüb fırladanda herbimiz dəhşətli dərəcədə təhqir olunubmuş. Mən də dövlət rəmzlərinə hörmətlə yanaşmağın tərəfdarıyam. Lakin herbi Leyla Yunus təhqir etməyib. O herb qadının oturduğu unitaza soxulan başa qoyulanda artıq təhqir olunmuşdu. Leyla xanım müqəddəs herbimizi natəmiz bir yerdən götürüb müqəddəs vətən torpağının üstünə atdı.
Leyla Yunus uzun illərdir ki, Azərbaycanın mədəni, hüquqi və sivil cəmiyyət olması üçün çalışır. Elə bir cəmiyyət ki, orada herb də, himn də, seçki də insan haqları da və s. müqəddəslik səviyyəsinə qalxsın, hamı tərəfindən hörmət edilsin. Aqil Abbas zəhmət çəkib bizim məhkəmədə iştirak edəydi və gözləri ilə görəydi ki, MƏNİM VƏ İlqar Məmmədovun qırmızı-qırmızı üzünə duran sıravi-zabit polislər o herbi necə aşağılayırlar. Vətəndaşlar öz konstitusiya hüquqlarını istifadə edərək, dinc etiraz aksiyası keçirmək istəyərkən, qadın, yaşlı, əlil demədən onları acımasız təpikləyən, şillələyən, zopalayan herbli furajkalardır, dövlətin qürurunu təhqir eyləyənlər. Müxalifətçilərin cibinə narkotik, evinə silah qoyub həbsə atdıran polislərdir herbimizi ayaqlar altına atan. Əli Kərimlinin cibindən qumbara “tapan” polislərdir herbimizin ünvanına söyüş söyənlər. Bətnində Hacı Məmmədovlar bəsləyən sistemdir herbimizi urvatsız edən.
Azərbaycan xalqına herbi qazandıran əsas simalardan biri də məhz Leyla Yunusdur. Türkdən, türkçülükdən çox danışan Aqil Abbas Leyla xanımın  xidmətlərini görməzdən gələ bilər. Bəs bütöv bir zor aparatının 60 yaşlı məsum, xəstə  qadının üstünə yeridiyi bir vaxtda, müdafiə etmək əvəzinə qılıncını sıyırıb onun üstünə cummaq nə deməkdir? Bu ki, elementar  etika məsələsidir. İqtidar mərd və yenilməz Leyla xanımın üstünə təhqir və böhtanları dolu kimi yağdırır. Bu səfdə “Dolu”nun müəllifi Aqil Abbas da yer alıb. Bilirsiniz, bu niyə belədir? Çünki bu ölkə də herb və bunun kimi dəyərlərə hörmət olunmur. Siyasi sifarişlə çıxarılan hökmlər oxunarkən hakimin arxasındakı divarda iri herb olur. Hökmü oxuyarkən, hakim bu herbi küçə söyüşlərinə qərq edir. Baxmayaraq ki, onun başında furajka olmur, amma əynində mantiya olur.  Aqil Abbas isə bunları görmür, özünün təbirincə desək, filanıncı dairənin deputatının maaşını almaqla məşğul olur.    
Tofiq Yaqublu
 
Redaksiyadan: Leyla Yunus əməkdaşımızın bu yazısını e-posta ilə və sosial şəbəkələrdə yayaraq, xüsusi bir qeyd yazıb ki, "Yeni Müsavat" bu yazını dərc etməkdən imtina edir. Bəzi saytlar, bu yazının yayımlanmasından xeyli müddət sonra, faktı dəqiqləşdirmədən bu iddianı tirajlayıblar. Bildiririk ki, Leyla xanımın bu qeydi həqiqətə söykənmir. Yazı qəzetin redaktorluğuna bu gün daxil olub və dərhal da, təxminən 10 dəqiqə ərzində dərc edilib. Onu ardıcıl müdafiə edən bir qəzeti hər fürsətdə hədəfə almasının, hörmətli Leyla Yunusun bizə qərəzinin da səbəbini başa düşmürük. Digər tərəfdən, redaksiya istənilən yazını dərc edib-etməməkdə, bununla bağlı qərarlarda müstəqildir. Buna görə yazı müəllifindən başqa kimsənin məsələyə müdaxiləsi düzgün və demokratik deyil.   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR