Əvvəl internet televiziyası kimi fəaliyyətə başlasa da, qısa müddət ərzində Milli Televiziya və Radio Şurası tərəfindən peyk yayımı üçün müddətsiz lisenziya aldı. Yaradılan yeni kanal martın 5-i, axşam saat 8-də ilk test yayımı ilə evlərə ayaq açdı. O gündən bu yana kanal dünyada və ölkəmizdə baş verən hadisələr haqqında ilk məlumatlanmaq istəyən tamaşaçıların sevimli xəbər kanalına çevrildi. Söhbət sayca Azərbaycan televiziya məkanında yaranmış 12-ci kanal – keçmiş ANS-in vitse-prezidenti Mirşahin Ağayevin yaratdığı “Real” TV-dən gedir.
“Real olana istinad edin. Realist olun - gördüyünüzə inanın“ şüarı ilə qısa müddətdə kifayət qədər tamaşaçı toplamış “Real Təhlil İnformasiya Mərkəzi” gün ərzində 18 saat yayım edir. İlk efirinə Azərbaycan dövlət himni ilə çıxmış kanalın yayımı səhər 8-dən gecə 2-yə qədər davam edir. Lakin yaxın aylarda kanal 24 saat fəaliyyət göstərəcək. Kanal haqqında bu və daha artıq məlumatı musavat.com-a “Real” TV-nin baş redaktoru Səbinə Ağayeva verir:
-Martın 5-də lisensiya alandan sonra hazırlıqlara başladıq və axşam ilk test yayıma, ayın 15-dən isə əsas yayıma başladıq. İki aya yaxındır ki, efirə çıxırıq. Çalışırıq ki, Azərbaycan tamaşaçısını keyfiyyətli, operativ, real, dürüst informasiya ilə təmin edək. İctimai rəyə əsaslanıb deyə bilərəm ki, bizdə alınır. Reaksiyalar çox yaxşıdır. Qısa müddət ərzinə tanınmış şəxslərdən müsahibələr aldıq. 4 gündür efirə başlamışdıq OPEK-in baş katibi Məhəmməd Barkindodan Mirşahin müəllim eksklüziv müsahibə aldı. “Röyters” kimi nəhəng kanal həmin müsahibəni “Real TV”-yə istinadla yayımladı. Bundan başqa, dünyanın məşhur agentlikləri ilə müqaviləmiz var. Yerli xəbərləri özümüz istehsal edirik, xarici xəbərləri alırıq. İHA və başqa agentliklərdən.
“Real TV” Azərbaycanda ən operativ təhlil və informasiya mərkəzi olmaqla yanaşı, həm də informasiya mühitində öz standartlarını diktə edən mərkəzdir. Mərkəz öz işini bilən peşəkarlarla çalışır.
- Kanalın yaradıcı heyəti 12 nəfərdən ibarətdir. Texniki heyətlə bərabər ümumi əməkdaşların sayı 40-a yaxındır. Hələlik bölgə müxbirlərimiz yoxdur. Lakin bu o demək deyil ki, biz bölgələrdən xəbər vermirik. Veririk. Bölgə xəbərlərini ödəniş müqabilində alırıq. Kanal tam oturuşandan sonra yerli və xarici bürolarımız da olacaq.

“Real TV” paytaxın mərkəzində yeni ofisdə fəaliyyət göstərir. Kanalın son tələblərə cavab verən 2 əsas xəbər studiyası var.
- Ümumilikdə 3 studiyamız var. Üçüncünü yenidən dizayn edirik. Yaxın günlərdə o biri ikisini də dəyişdirəcəyik. Studialardan biri Mirşahin müəllimin verilişi, digəri isə günün ən aktual hadisələri mövzuya uyğun dəvət edilmiş mütəxəssis və ekspertlər tərəfindən təhlil edilir.
Xəbər kanalı olaraq fəaliyyət göstərdiklərindən kanalın əsas bir müəllif verilişi var. O da həftənin bazar günləri saat 21:00-da yayımlanan Mirşahin Ağayevin aparıcılıq etdiyi “Mirşahinin vaxtı” verilişidir. Digər veriliş mövzusu və vaxtı gündəmə görə təyin edilən “Real vaxt”dır. Qalan vaxtlar ancaq xəbərlər yayımlanır.
-“Real vaxt”ın konkret bir aparıcısı yoxdur. Məsələn, gündəmdə idman yarışları varsa, o zaman idman sahəsində püxtələşmiş müxbir aparıcılıq edəcək. Digər vaxtlarda aparıcı mən də ola bilərəm, Ləman Əliəşrəfqızı da, Afət Telmanqızı, Eldəniz Vəliyev də. Kanal xəbər üzrə ixtisaslaşdığından hər saatın başında xəbərlər gedir. Yeni xəbərlər gəldikcə yeniləyirik.

* * *
Kanal haqda ümumi məlumat əldə etdikdən sonra digər əməkdaşlara yaxınlaşırıq. Ayşəm Rüstəmova çəkilişə tələsir. Çox vaxtını almadan qısa müsahibə edirik.
-2013-cü ildən 2016-cı ilə qədər ANS-də işləmişəm. Kanal bağlanandan sonra başqa sayt və kanallarda işlədim. Heç birində özümü tapa bilmirdim. ANS-də qaçaqov işləməyə alışmışdım. Sakit iş mənlik deyildi. Operatora deyirəm, çəkiliş var. Deyir, çay içim, gedərik. Dəhşətə gəlirdim ki, necə yəni çay içim, sonra. Mənim üçün iş çaydan, yeməkdən öndə idi. Onlar da mənə qəribə baxırdılar ki, ac-susuz necə işləmək olar. “Real TV” açılanda Mirşahin müəllim dəvət etdi, uça-uça gəldim. Bir müddət sayt kimi fəaliyyət göstərdik. Düzdür, onu oxucular görmürdü. Sonradan televiziya kimi lisenziya alanda lap sevindik. O gündən fəaliyyətə başladıq. Hadisə yerindən reportaj, canlı yayımlar edirik. Az imkanlarla çox iş görürük. Özlədiyim qaçaqova qovuşdum (gülür).
Söhbətin bu yerində Ayşəmə zəng gəlir. Lalə Nürəddinqızı telefonu uzadır. Xətdəki Mirşahin Ağayevdir. Saytdakı xəbərlə bağlı nəsə deyir. Ayşəm admində düzəliş edir. Mane olmamaq üçün söhbətimizə elə Lalə Nürəddinqızı ilə davam edirik. Lalə xanım xəbərlərdə məsul redaktordur. Mediamızın yaralı yeri – istinad məsələsinə toxunur.
-İstinadən bir mədəniyyətdir. İki aya yaxındır ki, fəaliyyət göstəririk. Xəbərlərin 60-70 faizini özümüz istehsal edirik. Başqa mənbədən götürəndə istinad edirik. Bizim istinad problemimiz yoxdur. Amma dəfələrlə olub ki, xəbərlərimizdən istifadə edirlər, istinad etmirlər.
Bir yandan mən müsahibələr alıram, bir yandan da Məğrur Mərd video çəkiliş edir. Lalə xanımla söhbət edərkən Məğrurun obyektivini Ləman Əliəşrəfqızına tuşladığını görürəm. Ləman xanım Fransa səfərindən yeni dönüb. Səfər barəsində təəssüratlarını isti-isti musavat.com-a danışır.
- Fransadan 2-3 gün olar gəlmişəm. Əlimərdan Topçubaşovun, Ceyhun Hacıbəylinin qəbirlərini ziyarət etdim. 5-6 gün Fransada qaldım, maraqlı çəkilişlərim oldu. Məşhur Nort- Dam Kilsəsi, Napoleon Bonapart və başqa mövzularda “Real” TV üçün gündəlik reportajlar verdim. Qarşıdan Cümhuriyyətin 100 illiyi gəlir. İnşallah, mayın 28-də Əlimərdan Topçubaçov haqda hazırlayacağım sənədli film yayımlanacaq.

Ləman Əliəşrəfqızının sağ qonşusu Eldəniz Vəliyevdir. Ləmanla Fransa haqda danışığımızı eşidib replika atır.
-Ləmana çörəyin qiymətindən sual verirsən, Fransadan danışır.
Gülürük. Zarafatına davam edir.
-Bayaqdan dinləyirəm, Ləman adının mənasının gözəlliyindən danışırsınız. Məncə, ikiniz də bir-birinizə təsəlli verirsiniz.
Ləman xanım gülür və adıyla bağlı ən maraqlı xatirəsini danışır.
-O vaxt universitetə qəbul olanda yaradıcılıq imtahanından keçməli idik. Münsiflərdən biri yazıçı Qulu Xəlilov idi. İçəri girən kəsilib çıxırdı. Birinə Sinqapurdan sual verirlər, digərinə başqa ölkədən. Qanım qaraldı ki, məni də kəsəcəklər. Kənddən gələn uşaq, dünya görüşüm də yox. İmtahana girmək istəmirdim, uşaqlar itələyib saldılar otağa. Qulu müəllim soruşdu:
-A qızım, adın nədir?
-Ləman.
-Adının mənası nədir?
-İşıldayan, parıldayan.
-Bu ad hansı əsərdə var?
-“Cəbhədən cəbhəyə” romanında.
-Romanın müəllifi kimdir?
-Həsən Seyidbəyli.
L.Əliəşrəfqızı söhbətinə davam edir: - Qulu müəllim dedi, bax, bu əsl jurnalistdir! Mənə daha nə Sinqapurdan, nə də Hindistandan sual vermədi. Və mən həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul oldum (gülür).
* * *
Növbəti müsahibim Eldəniz Vəliyevdir. Eldəniz Vəliyev uzun illər ANS televiziyasında külüng vurub. Sonralar özünü müxtəlif sahələrdə sınasa da, yeni televiziyada lövbər salıb.

-Televiziyadan uzaq qaldığım müddətdə bir çox işlərə məşğul oldum. Xırda və orta biznes sahələrinə girişmək istədim. Hər dəfəsində də çox ciddi ziyan etmişəm. Hesab edirəm, mənim ən böyük qazancım, uğurum televiziya ilə bağlıdır. “Real TV”-də sevdiyim işlə məşğul oluram. Kollektivin 90 faizi ilə uzun illər ANS-də bir yerdə işləmişəm. Bir-birinə dəstək verən, bir-birinin arxasında dayanmağa çalışan kollektivdir. Hamısı peşəkardır. Burada hamı bir-birindən nəsə öyrənəcək səviyyədədir. Ən başlıcası başımızda Mirşahin kimi peşəkar var. Hansı ki, bizim hamımız ondan öyrənmək həvəsindəyik. Məsələn, çox rahat şəkildə Ləmandan soruşuram, mikrofon yazılır, ya mikrafon? O da gülə-gülə deyir, dahilər xırda şeyləri bilmir də. Aramızda belə zarafatlar olur. Bu da bizim faydalı iş əmsalımıza yaxşı təsir edir.
* * *
Kanalı ziyarətimiz tətil gününə təsadüf etsə də, qızğın iş gedirdi. Çəkilişdən gələn müxbir dərhal kompüter başına keçib süjetini yığmağa başlayır. Ona görə də ölkədə və dünyada baş verənlərdən operativ xəbər tutmaq istəyənlər “Real TV”-nin xəbərlərini qaçırmasın. Hər kəsin izləyə bilməsi kanal həm kabel televiziyalarında, həm də peyklə yayımlanır. Bundan başqa, yutub portalından da “Real” TV-nin səhifəsinə daxil olub kanalı canlı izləyə bilərsiniz.
Ləman Musatafaqızı,
Fotolar və video Məğrur Mərd
Musavat.com







