Bir az da gözlə, xilaskar Azərbaycan Ordusu gəlib səni əxlaqsız siyasətçilərinin, işğalçı əsgərlərinizin qəddarlığı nəticəsində sığınmağa məcbur olduğun o qaranlıq zirzəmidən mütləq çıxaracaq...
Sentyabrın 27-dən başlayan Vətən müharibəsi şübhəsiz ki, bu tarixi günlərdə baş verənləri tam anlamayan, amma hər gün bir dəfə də olsa, “Qarabağ Azərbaycandır!” şüarını deyən uşaqların da yaddaşında əbədi qalacaqdır. Eləcə də xain və namərd düşmənin atdığı mərmilər nəticəsində sinif yoldaşlarını, dostlarını itirən məktəblilər də yaşananları heç vaxt unutmayacaqlar...
Savaş başlayandan bəri ermənilərin hədəf alıb öldürdüyü mülkü şəxslər arasında uşaqlar və məktəblilər də var. Elə müharibənin ilk günündə düşmənin Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndinə atdıqları top mərmisi aralarında uşaqlar olmaqla bir ailənin 5 üzvünü öldürdü. Son məlumata görə, ermənilərin atdığı raket nəticəsində indiyədək 9 məktəbli həlak olub. Elə körpə uşaqlar var ki, raket hücumu nəticəsində hər iki valideyinini itiriblər. İşğalçı ordu hələ 1992-ci ilin fevralında öz qəddarlığını göstərmişdi.
Ermənilər Xocalıda bir gündə 62 uşağı qətlə yetirmişdilər, atəşkəs dövründə də 35-dən çox cocuq bu siyahıya əlavə olunub...

Qərəzi hər xəbərində göz çıxaran sputnik.am saytı Xankəndində qalan bir uşaq haqda yazıb. Qondarma “dqr” rəhbərliyinin və “hökumət üzvlərinin” bu Azərbaycan şəhərini də qoyub qaçdıqlarını ermənilər rəsmən etiraf ediblər. Amma 8 yaşı olduğu deyilən Miqran şəhəri tərk etməyib. Bu isə bütün “qəhrəmanları” və ordusu “fıs” çıxmış erməni təbliğatçılarına fürsət verib. Çünki hazırlanan məqalənin əsl məqsədinin Azərbaycan Ordusundan qorxaraq qaçan o “qəhrəmanları” hədəfə almaq, qınamaqdır.
Miqran onun haqda məqalə hazırlayana deyib ki, sən demə, bütün sinif yoldaşları təhlükəsizlik səbəbində Ermənistana gediblər, amma o qalıb. “Niyə” sualına erməni təbliğatı baxımdan əlbəttə ki, veriləcək doğru cavab yoxdur. Amma biz bilirik, çünki millətimizi də, Ordumuzu da tanıyırıq.
Miqranın niyə getmədiyinin səbəbi aydındır. O, Azərbaycan Ordusuna arxayındır. Miqran dəqiq bilir ki, Azərbaycan əsgəri cocuqlara, qadınlara, ümumiyyətlə mülki əhaliyə toxunmur. Yoxsa, niyə getməsin ki, Ermənistan xarabaya...
Son əməliyyatlarda ermənilərin Hadrut istiqamətində qoyub qaçdıqları iki yaşlı erməniyə burada tibbi yardım göstərildi, Ermənistana təhvil verildilər. Orada guya 85 yaşlı qadının Bakıda döyüldüy “etirafına” isə əlbəttə ki, heç ermənilər də inanmadı. Çünki Azərbaycan televiziyasını diqqətlə izləyib bilirlər ki, bizə silah çevirmiş erməni hərbi əsirlər belə, indi Bakıda Ermənistandankı evlərindən də rahat və konfortlu şəraitdə yaşayırlar.

Hərbi əməliyyatlar başlayandan Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistandan fərqli olaraq, Ordumuz dinc əhalini hədəf almır. Üstəlik, xəbərdarlıq da edilir ki, mülki əhali hərbi obyektlərdən kənar dayansın. Əllərinə düşəndə dərimizi belə soyan bir ordunun davranışları bizim əsgərə yaddır. Azərbaycanın bu müharibədə başqa bir sloqanı(şüarı) da var: “Müharibəni işğalçı orduya qarşı aparırıq”. Bunu darmadığın edilmiş erməni təbliğatının başında dayananlar da yaxşı bilir. Elə Miqran da...
Onu ürəkli edən də məhz Azərbaycan Ordusunun xilaskar missisiyasını başa düşməsidir. O, az yaşına baxmayaraq, Azərbaycanın bu torpaqların həqiqi sahibi və əsgərinin də qəddar yox, xilaskar olduğunu yaxşı bilir. O, xilaskar Azərbaycan Ordusunun əsgərinin humanizminə inanaraq orada qalıb! Bunun mənası da, adı da belədir.
Bu gün Azərbaycanın müzəffər Ordusunun işğaldan azad etdiyi kəndlər sırasında Xocalının Qarabulaq və Moşxmaat kəndləri də var. Demək, Xankəndiyə az qaldı...
![]()
Gözlə, Miqran... Xilaskar Azərbaycan Ordusu gəlib səni əxlaqsız siyasətçilərinizin, işğalçı əsgərlərinizin qəddarlığı nəticəsində sığınmağa məcbur olduğun o qaranlıq zirzəmidən çıxaracaq. Sən oxuyacaqsan, qorxusuz-hürküsüz bir ölkədə, həm də azad səma altında yaşayacaqsan...
Unutma, Qarabağ Azərbaycandır!
Nazim SABİROĞLU,
Musavat.com






