İnsanlara hürriyət, millətlərə istiqlal!

Minsk Qrupu gorbagor olmuş statusu “diriltməyə” gəlir : cavabımız ağır olacaq...

4306 27.01.2021 08:50 Gündəm A A

Rusiya-Ermənistan bir, Bakı-Ankara isə başqa mövqe sərgiləyirsə, məsələnin həlli necə olmalıdır?

ATƏT-in Minsk Qrupu Qarabağa növbəti səfərə hazırlaşır. Həmsədrlər bu həftə Polşada görüş keçirəcək. Görüş zamanı Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və İqor Popov (Rusiya) Qarabağla bağlı atacaqları növbəti addımları və Cənubi Qafqaz regionuna növbəti səfər planını müzakirə edəcək.

Sonuncu dəfə həmsədrlər dekabrın 12-14-ü tarixlərində regionda səfərdə olmuşdular. Həmsədrlik institutunun yenidən dirçəlməsində ən çox maraqlı olan Ermənistandır. Ermənistan həmsədrlər vasitəsilə Azərbaycana yenidən təzyiq etmək, gorbagor olmuş statusu yenidən gündəmə və masaya gətirmək istəyir. Azərbaycan Prezidenti son səfərdə həmsədrlərlə bağlı mövqeyini ortaya qoyub. Amma Rusiya da həmsədr ölkələrin Qarabağda yenidən fəaliyyətində maraqlıdırmı? Maraqlıdırsa, niyə? Masada olan Türkiyənin də mövqeyi Bakının mövqeyinə yaxındır, ölkə rəsmiləri dəfələrlə Minsk Qrupunu illərlə passiv fəaliyyətinə görə tənqid ediblər. İndi Rusiya-Ermənistan bir, Bakı-Ankara isə başqa mövqe sərgiləyirsə, məsələnin həlli necə olmalıdır?

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da yerləşən aparıcı beyin mərkəzi “Atlantic Council”in virtual formatda keçirilən müzakirəsində çıxışı zamanı “ATƏT-in Minsk Qrupu yeni reallığa uyğunlaşmalıdır” - deyib.

ATƏT-in Minsk Qrupunun Azərbaycandakı reputasiyasına toxunan Hikmət Hacıyev onun aşağı olduğunu, bunun əsas səbəbinin isə təşkilatın 25 ildən artıq bir müddətdə münaqişənin həllinə real töhfə verə bilməməsi ilə bağlı olduğunu vurğulayıb.

O bildirib ki, artıq ATƏT-in Minsk Qrupunun bu münaqişə ilə bağlı keçmiş narrativləri işləmir, çünki regionda situasiya tamamilə dəyişib.

ATƏT Dağlıq Qarabağın status məsələsini yersiz şəkildə qabardır”

Hikmət Hacıyev ATƏT-in Dağlıq Qarabağın status məsələsini yersiz şəkildə qabartdığını, bunun isə Ermənistanda yanlış və gərəksiz gözləntilər yaratdığını bildirib.

O, Minsk Qrupunun gələcəkdə müxtəlif layihələr vasitəsilə sülh quruculuğuna töhfə verə biləcəyinin mümkünlüyünü qeyd edib.

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə “Yeni Müsavat”a bildirdi ki, statusla bağlı Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Qarabağa heç bir status verilməyəcək və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan ərazilər Azərbaycanın digər şəhər və rayonları kimi idarə olunacaq: “Gələcəkdə respublikamızın inzibati-ərazi bölgüsündə islahatların keçirilməsi zəruridir. İdarəetmənin səmərəliliyini təmin etmək üçün iri inzibati-ərazi vahidlərinin-bölgə, yaxud vilayətlərin-yaradılması vacibdir və Qarabağda 9-10 rayonu birləşdirib, belə bir inzibati-ərazi vahidi yaradıla bilər. Bu addım həm idarəetmənin səmərəliliyini təmin edər, həm də gələcəkdə erməni separatizminin qarşısını almağa imkan verərdi.

Abutalıb Səmədov: Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində düşmənə  tarix boyu unutmayacağı bir dərs verdi

Abutalıb Səmədov

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu erməniləri darmadağın edib, ərazi bütövlüyümüzü təmin etdi. Yaxın vaxtlarda suverenliyimiz də tam təmin olunacaq.

10 noyabrda ermənilər “təslim aktı”nı imzaladıqdan sonra diplomatik cəbhədə son dərəcə ağır mübarizəmiz başladı. Bu dəfə qarşımızda dünyanın ən böyük gücləri-ABŞ, Fransa və Rusiya dayanıb. 9 oktyabr 2020-ci ilə qədər onların mövqeyi birmənalı və yekdil olub - “Dağlıq Qarabağ Respublikası” deyilən, əldəqayırma qurumun müstəqilliyinə nail olmaq. “Madrid prinsipləri” adlanan bədnam sənəd məhz bu məqsədə xidmət edirdi. “Humanitar atəşkəs” deyilən və Moskvada imzalanan sənəddə hərbi əməliyyatları dayandırmaq və danışıqları “baza prinsipləri”, yəni “Madrid prinsipləri” əsasında davam etdirmək təklif olunurdu. Dünənə qədər separatizmi dəstəkləyən və ərazimizdə ikinci erməni dövlətinin yaradılmasını təmin etməyə çalışan həmsədrlərin kəskin dönüş edəcəyini və “status olmayacaq” deyəcəklərini düşünmək sadəlövhlük olardı. Çox güman ki, onlar “müstəqil dövlət” konsepsiyasından imtina edib, “ən yüksək status” modelini təklif edəcəklər. Biz onların irəli sürəcəkləri hər cür “gözlənilməz təkliflərə” hazır olmalıyıq".

Partiya sədrinin fikrincə, unutmamalıyıq ki, 30 ildən artıq davam edən və xalqımıza böyük faciələr yaşadan erməni separatçılığına qəhrəman ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altinda son verdi. Çox təəssüf ki, hələ də bəziləri qələbənin böyüklüyünü və bizə qarşı hansı cəbhənin mövcud olduğunu və hansı qüvvələri darmadağın etdiyimizi anlaya bilmirlər: “Bəsit arqumentlərlə uğurlarımızın dəyərini azaltmağa, Azərbaycan hakimiyyətinin möhtəşəm qələbəsinə kölgə salmağa çalışırlar. Maksimalist bəyanatlar verilir, ”niyə" sözü ilə başlayan çoxsaylı suallar səsləndirilir və bir dəhşətli həqiqət, mühüm  məqam nədənsə nəzərə alınmır.

Bu həqiqət ondan ibarətdir ki, separatist qurumlara münasibətdə  Qərblə Rusiya heç vaxt eyni cəbhədə olmayıb və eyni mövqedən çıxış etməyib. Yalnız bir istisna var və  nə  yazıq ki, o bizimlə bağlıdır. “Dağlıq Qarabağ münaqişəsi” deyilən və erməni  separatizmini ifadə edən bu məsələyə münasibətdə ABŞ, Rusiya və Avropa uzun müddət eyni mövqedən çıxış etdi və ərazimizdə ikinci erməni dövlətinin yaranmasına dəstək verdilər. 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin müdrik gedişləri sayəsində biz bu təhlükəli birliyi pozduq və Rusiyanı müəyyən qədər ABŞ və Avropadan ayıra bildik. ABŞ və Fransadan fərqli olaraq Rusiya bu gün “status” məsələsini müzakirə etməyi düzgün saymır və hesab edir ki, bu məsələ gələcəkdə, üstəlik, o qədər də yaxın olmayan gələcəkdə müzakirə oluna bilər. Bu baxımdan, Rusiyanın mövqeyi “status məsələsi”ni Qərbin dəstəyi ilə indi gündəmə gətirmək istəyən Ermənistandan daha çox bizə yaxındır".

A.Səmədov qeyd etdi ki, Azərbaycan və Türkiyə Rusiyanın bu mövqeyindən maksimum yararlanmağa çalışmalıdır: “Bir sözlə, bizi qarşıda uzun sürən, yorucu mübarizə gözləyir. Bu prosesi uğurla başa çatdırmaq üçün dövlət başçımızın ətrafında daha sıx birləşməli və ona əlimizdən gələn dəstəyi verməliyik”.

AMİP-in sədr müavini Elşən Mustafayev isə bildirdi ki, Qarabağ münaqişəsinin artıq həll edildiyi dəfələrlə ən yüksək səviyyədə bəyan edilsə də ATƏT-in Minsk Qrupu “Prosesdə iştirak etməliyik” - deyib israr edir. Xüsusilə Minsk Qrupunun həmsədrlərindən Fransa əl-ayağa düşüb.

Elşən Mustafayev: “Müxalifətçiliyi monopoliyaya almaq yolverilməzdir” -

Elşən Mustafayev 

Azərbaycan cəmiyyətində isə Minsk Qrupuna inam tamamilə itib. Fransanın həmsədrlikdə qaldığı halda isə bu vasitəçilik ümumiyyətlə qəbul edilmir: “ATƏT-in Minsk Qrupu yarandığı gündən problemin həllinə yox, yerində qalmasına, dondurulmasına xidmət edib. Burada indiyədək səsləndirimiş bir çox amillər rol oynayıb. Ən əsası isə Minsk Qrupunun problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlı olmaması idi. Bu isə sonsuzluğa qədər gedə bilməzdi. Necə ki, Azərbaycan ATƏT-in,  BMT-nin öhdəliklərini özü yerinə yetirməyə məcbur oldu. Hesab edirəm ki, Minsk Qrupunu yenidən diriltmək cəhdləri ATƏT-in Dağlıq  Qarabağ problemindən dolayı konfliktli məsələlərin həll olunmasında nüfuzunun aşağı düşməsindən qaynaqlanır. Cünki Azərbaycanın ATƏT-in fəaliyyətsizliyini açıq şəkildə ortaya qoymaqla atdığı addım, yeni presedent yarada bilər. Yəni  ATƏT-in vasitəçi kimi iştirak etdiyi formatlara etimadsızlıq yarana bilər və problemi olan ölkələr problemlərinin həlli üçün yeni yollar axtarışına çıxa bilərlər. Azərbaycan bəyan eləyə bilər ki, Azərbaycanın ATƏT-in hazırda mövcud olan formatına ehtiyacı yoxdur, olsa belə, xeyri yoxdur. Problemin tam sona çatdırılması  Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından keçir. Bu müqavilədə ən əsas şərt isə Azərbaycanın ərazi bütövlüyündən keçməlidir və hər hansı ərazi iddiaları olmamalıdır. Ərazidə yaşayan ermənilərin Azərbaycan vətəndaşı olaraq qanunlarımızla yaşaması və hüquqlarının qorunması isə bizim öhdəliyimiz ola bilər. ATƏT-in Minsk Qrupu belə  formatda olan danışıqlarda vasitəçi olmağı üzərinə götürəcəksə, o zaman əməkdaşlıq etmək olar. Amma bu da o halda müəyyən nəticə verə bilər ki, 28 il Minsk Qrupuna həmsədr olan dövlətlərin tərkibində rotasiya olunsun və ehtiyac olarsa, tərkib genişləndirilsin. O dövlətlər orada təmsil olunsunlar ki, münaqişə tərəflərindən birinə üstünlük verməsinlər, yaxud bir paritet ortada olsun”.

Ekspert vurğuladı ki, Minsk Qrupu həmsədrlərinin hazırkı tərkiblə Qarabağ probleminin həllinə nail olmaq mümkün olmayıb. Müharibə də məhz bu üzdən baş verdi və Azərbaycan torpaqlarını güc yolu ilə azad etməli oldu.

Eyni zamanda E.Mustafayev hesab edir ki, əgər ATƏT-in Minsk Qrupunun  gələcəkdə məsələyə yanaşması konkret Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa söykənəcəksə, bu qurumun vasitəçiliyindən istifadə etmək olar.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR