İnsanlara hürriyət, millətlərə istiqlal!

“Min bir gecə ” dəki qətl gecəsinin daha bir sirri açılır

7542 08.05.2013 09:30 Ölkə A A

Ötən sayımızda N.İsmayılovanın prezidentə yazdığı məktubu da dərc etmişdik. Zərərçəkən xanım oğlu Ramal Bayramovun öldürülməsində Milli Məclisin deputatı Hüseynbala Mirələmovun oğlanları və qardaşı oğlanları təqsirləndirmiş, onların həbsə alınmasını istəmişdi. Qeyd edək ki, “Yeni Müsavat”ın ötən saylarında iş üzrə tərtib olunan ittiham aktında yer alan bir neçə ifadəni dərc etmişdik. İttiham aktında deputat H.Mirələmovun övladlarının ifadələrinin əks olunmadığını da yazmışdıq. Deputatın övladlarının qanlı cinayətdən 2 gün sonra şahid qismində verdikləri ifadələri əldə etmişik. Ötən sayımızda ifadəsini dərc etdiyimiz Fərid Mirələmov kimi qardaşı Mirələmov Rauf Hüseynbala oğlu oğlu da cinayət baş verərəkən hadisə yerində olmadığını söyləyib. Xarici İşlər Nazirliyinin 1-ci (qərb) ərazi İdarəsinin ikinci katibi vəzifəsində çalışan R.Mirələmov ifadəsində deyib:
- Mən anadan olduğum vaxtdan ilkin olaraq Lənkəran şəhərində, 1986-cı ildən isə Bakı şəhərində ailəmlə birlikdə yaşayıram. 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirmişəm. Xarici İşlər Nazirliyində 1999-cu ildən işləməklə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində 3-cü katib, hazırda isə Xarici İşlər Nazirliyinin özündə ikinci katib vəzifəsində işləyirəm. Şıx çimərliyində yerləşən "Min bir gecə" istirahət mərkəzi atama məxsus olduğundan və yaşadığımız evə yaxın məsafədə yerləşdiyindən yay mövsümündə tez-tez ailə üzvlərim və ya tək həmin istirahət mərkəzinə gəlirəm. 2012-ci ilin iyul ayının 16-da işdən çıxıb yaşadığım evə dəydikdən sonra 20 radələrində tək "Min bir gecə" istirahət mərkəzinə getdim. Həmin vaxtı orada restoranda və çimərlikdə çoxsaylı adamlar istirahət edirdilər. Mərkəzdə Elşən adlı administratorla görüşdüm və orada 23 radələrində gəzərkən "besetka" adlanan taxtadan düzəldilmiş otaq kimi yerdə qardaşım Fəridin, əmim oğlanları Cavid və Rəşadın bir yerdə oturub çay içərək söhbət etdiklərini görüb onlara yaxınlaşaraq bir yerdə oturub çay içdik. Əmim oğlu Rəşadı 6-7 aydır ki, görmədiyim üçün onunla hal-əhval tutdum. Fərid təqribən 5 dəqiqədən sonra qonaqları olduğunu deyib bizdən aralanaraq mərkəzin səhnə tərəfinə getdi. Mən də Rəşad və Cavidlə təqribən 15 dəqiqə söhbət edib onların masasından duraraq sağollaşıb ayrıldım və 24 radələrində idarə etdiyim ağ rəngli "Mercedes-Bens GL" markalı Az 10 XX 100 dövlət qeydiyyat nişanlı avtomaşınımla mərkəzdən çıxaraq təqribən 4-5 kilometr aralıda yolun əks tərəfində yerləşən evimizə getdim. Evdə gecə 1 radələrində yatdım. 4 radələrində yuxudan oyanıb bildim ki, qardaşım Fəridlə atam istirahət mərkəzinə hansısa baş verən hadisə ilə əlaqədar gediblər. Həmin vaxtı mən mərkəzin administratoru Elşənə zəng vurub nə hadisə baş verdiyini soruşduqda dedi ki, mərkəzdə əmim oğlu Rəşadın hansısa tanımadığı şəxslərlə münaqişəsi baş verərək atışma olubdur. Rəşadın kimlərlə münaqişəsinin olmasını və atışmanın nə səbəbə görə baş verdiyini bilmirəm.
R.Mirələmov istintaqçıların suallarına da cavab verib:

Sual:
- 2012-ci ilin iyul ayının 16-dan 17-nə keçən gecə əminiz oğlu Rəşad Mirələmovun mübahisə edib silahdan atəş açdığı şəxsləri tanıyırsınızmı və ümumiyyətlə, bunun səbəbini bilirsinizmi?

Cavab:
- Xeyr, 2012-ci ilin iyul ayının 16-dan 17-nə keçən gecə əmim oğlu Rəşad Mirələmovun mübahisə edib silahdan atəş açdığı şəxsləri tanımıram və bunun səbəbini də bilmirəm.

- Siz Bayramov Ramal Abdulla oğlu, Süleymanov Elmar Şahmur oğlu, Qasımov Elnur Əşrəf oğlu, Mənsimov Səməd İbadət oğlunu tanıyırsızmı, müsbət halda haradan tanıyırsınız və aranızda olan münasibət barədə nə göstərə bilərsiniz?

- Xeyr, mən bu şəxsləri ümumiyyətlə tanımıram və onların adlarını heç bir vaxt eşitməmişəm, heç bir münasibətim də onlarla yoxdur.

- Cinayət işinin materiallarından görünür ki, 2012-ci ilin iyul ayının 16- dan 17-nə keçən gecə əminiz oğlu Rəşad Mirələmovla Bayramov Ramal Abdulla oğlu və qeyriləri arasında mübahisə baş vermiş və Rəşad Mirələmov tərəfindən onlara tapança silahdan atəş açılmışdır. Həmin hadisə vaxtı Siz harada və nə işlə məşğul olmusunuz?

- Hadisə baş verən vaxtı mən artıq atam və qardaşlarımla birlikdə yaşadığımız evdə olub yatmışam. Evimiz də "Min bir gecə" istirahət mərkəzi ilə üzbəüz, yolun əks tərəfində, mərkəzdən təqribən 3-5 kilometr aralıda yerləşir.

- Cinayət işinin materiallarından görünür ki, 2012-ci ilin iyul ayının 16-dan 17-nə keçən gecə əminiz oğlu Rəşad Mirələmov "Min bir gecə" istirahət mərkəzində masa arxasında oturub onunla görüşə gəlmiş şəxslərlə aralarında baş vermiş münaqişə zamanı onlara atəş açarkən Siz də onunla bir yerdə həmin masa arxasında əyləşmiş olmusunuz. Bu barədə nə göstərə bilərsiniz?

- Xeyr, mən hadisə baş verən vaxtı istirahət mərkəzində olmamışam. 24 radələrində artıq istirahət mərkəzini tərk edib yaşadığım evdə olmuşam.

- Hadisə vaxtı əminiz oğlu Rəşad Mirələmovla bir masa arxasında kimlərin oturması və onların istirahət mərkəzinə gəlməsi barədə nə göstərə bilərsiniz?

- Hadisə vaxtı əmim oğlu Rəşad Mirələmov ilə bir masa arxasında kimlərin oturması və onların mərkəzə nə məqsədlə gəlməsini bilmirəm.

- Hadisə baş verən gecə qardaşınız Fərid evə saat neçədə gəlibdir?

- Hadisə baş verən gecə mən evə gələndə qaraşım Fəridi evdə görməmişəm. Lakin saat 04 radələrində yuxudan durandan sonra evdə ailə üzvlərimiz mənə dedilər ki, Fərid atamla bir yerdə mərkəzə gedibdir.

Hazırda həbsdə olan Rəşad Mirələmov isə istintaqçıların suallarını cavablandırarkən əmisi oğlanlarının ifadələrinin əksini deyib.

Sual:
- Siz Ramal Bayramovu əvvəllər tanıyırdınızmı?

Cavab:
- Xeyr, mən Ramalı əvvəllər heç vaxt görməmişdim. Onunla ancaq telefonda danışmışam. Telefon danışığımız zamanı Ramal mənim Firdovsi adlı şəxsi niyə vurmağımla maraqlanırdı.

- Firdovsi adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını haradan bilirdiniz?

- Firdovsinin digər üç qardaşı narkotik vasitələrin satışına görə həbs olunub. Firdovsinin özünün də bu işlə məşğul olmasını bilirəm. Firdovsi narkotik vasitəni öz evlərində satırdı.

- Cinayətin törədilməsi zamanı istifadə etdiyiniz tapançanın markasını, nömrəsini və haradan əldə etməyiniz barədə nə göstərə bilərsiniz?

- Mənim tapançanın markasından başım çıxmadığı üçün cinayətin törədilməsi zamanı istifadə etdiyim tapançanın markasını bilmirəm, bununla heç maraqlanmamışam da. Tapançanı da Lənkəran şəhərində qır zavodunun yanında olan qəbiristanlıqdan 2012-ci ilin may ayının axırlarında tapmışdım. Həmin qəbiristanlıqda qardaşım dəfn olunub. Tapançanı da qəbiristanlıqda tanımadığım şəxsə məxsus qəbir daşının alt hissəsindən tapmışam. Tapançanın darağında səhv etmirəmsə 7 ədəd gülləsi var idi. Köhnə bir tapança idi.

- 16 iyul 2012-ci il tarixdən 17 iyul 2012-ci il tarixinə keçən gecə Ramal Bayramova odlu silahdan atəş açaraq qəsdən öldürdüyünüz zaman baş vermiş hadisəni kimlər görmüşdür?

- Mənim Ramala özümdə olan tapançadan atəş açmağımı qardaşım Cavid, əmim oğlu Fərid və Rauf, Ramalın dostları Səməd, Elmar və adlarını bilmədiyim iki nəfər görmüşdülər. Bundan başqa baş vermiş hadisəni restoranda işləyən ofisiantlar və digər işçilər də görmüşdür. Ancaq onların adlarını dəqiq bilmirəm.

- Siz nə səbəbə görə Ramal Bayramovla görüşü məhz "Min bir gecə" restoranında təyin etdiniz?

- Həmin restoranda sakitçilik olduğu üçün Ramala görüşü "Min bir gecə" restoranına təyin etdim.

- Ramalla aranızda olan söhbətdə nə səbəbə görə qardaşınız Cavid, əminiz oğlanları Rauf və Fərid, həmçinin ifadənizdə qeyd etdiyiniz Elmar, Səməd və əlavə adını bilmədiyiniz şəxslər iştirak etmişdilər?

- Əmim oğlanlarını və qardaşımı uzun müddətdir ki, görmədiyim üçün restoranda onlarla görüşüb bir yerdə oturub çay içirdik. Elmar, onun yanında olan adını bilmədiyim şəxs, sonradan isə Ramal, Səməd adlı şəxslərlə birlikdə mənimlə Firdovsini vurmağım məsələ barədə söhbət etmək üçün gəlmişdilər. Qardaşım və qohumlarım təsadüf olaraq bu söhbətdə iştirak ediblər. Lakin Səməd, Ramalla bir yerdə ora gəlmiş, Elmarla yanında olan adını bilmədiyim şəxs isə Ramalı tanıdıqları üçün belə başa düşdüm ki, onları ora Ramal çağırıbdır.

Qeyd edək ki, cinayəti törədən R.Mirələmovla yanaşı, cinayətin digər şahidləri də deputat övladlarının hadisə baş verərkən orada olduqlarını söyləyiblər. Amma nədənsə onların şahid qismində olsa belə ifadələri ittiham aktına yazılmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR