İnsanlara hürriyət, millətlərə istiqlal!

Millinin baş məşqçisi quzu kababı, futbolçular və məqsədindən danışdı

946 13.02.2019 10:20 İdman A A

Nikola Yurçeviçlə birillik müqavilə imzalanacaq; “maliyyə şərtlərini AFFA rəsmilərindən soruşun” deyir...

Xəbər verdiyimiz kimi, AFFA milli komandamıza baş məşqçi təyin edib. Qurumun İcraiyyə Komitəsinin iclasında xorvat Nikola Yurçeviçin milli komandaya rəhbərlik etməsi barədə qərar verilib. Yaxın günlərdə məşqçi ilə müvafiq müqavilə imzalanacağı bildirilib.

“Yeni Müsavat” bildirir ki,  Nikola Yurçeviç 14 sentyabr 1966-cı ildə Zaqrebdə anadan olub. Futbol karyerasına Xorvatiyanın ən titullu klubu “Dinamo”da başlayıb. 1984-cü ildə - 18 yaşında Zaqreb klubunun əsas heyətində oynayıb.  1988-ci ildə Belçikanın “Royal Antverp” klubuna keçib. Cəmi bir oyununa çıxıb və  sonra Avstriyanın “Zalsburq” klubuna transfer olunub. 1991-1995-ci illərdə bu komandada çıxış edib. 1995-ci ildə Almaniyanın “Frayburq” klubu ilə müqavilə bağlayıb. 2 ildən sonra yenidən “Zalsburq”a dönüb və 1999-cu ildə futbolçu karyerasını başa vurub.

Yurçeviç 1990-1996-cı illərdə Xorvatiya millisinə dəvət alıb. Bu müddətdə 19 oyuna çıxan hücumçu 2 qol vurub.

2002-ci ildə məşqçiliyə başlayan Yurçeviç əsasən köməkçi kimi fəaliyyət göstərib. 2002/2003 mövsümündə Xorvatiyanın “Zaqreb” klubunu çalışdırıb və növbəti mövsüm yetirməsi olduğu “Dinamo”ya rəhbərlik edib. O, baş məşqçi kimi azsaylı nəticələrini də məhz burada qazanıb. Belə ki, Zaqreb klubu onun rəhbərliyi altında 2003-cü ildə Xorvatiya Super Kubokunu, 2004-cü ildə ölkə kubokunu qazanıb.

Nikola Yurçeviç ile ilgili görsel sonucu

2005-ci ildə Avstriyanın “Zalsburq” və Xorvatiyanın “Slaven” klublarına baş məşqçi təyin olunsa da, qısa zaman sonra qovulub.

2006-cı ildən sonra isə köməkçi-məşqçi kimi fəaliyyət göstərib. Belə ki, o, 2006-2012-ci illərdə Xorvatiya millisində, 2012-2013-cü illərdə Moskva “Lokomotiv”ində, 2013-2015-ci illərdə “Beşiktaş”da, 2015-2017-ci illərdə “Vest Hem”də məşqçi işləyib. Bütün komandalarda Slaven Biliçin köməkçisi olub. 2018-ci ildə yenidən “Dinamo”nun baş məşqçisi olub və komandanı ölkə çempionu edib. Amma daha sonra postundan kənarlaşdırılıb. 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsində millimiz E qrupunda mübarizə aparacaq. Qrupda rəqiblərimiz son dünya çempionatının finalçısı Xorvatiya, Uels, Slovakiya və Macarıstan millisidir.

Fevralın 12-də  Nikola Yurçeviç Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirib. “Report” xəbər verir ki, xorvatiyalı mütəxəssis deyib ki, milli ilə bir    illik müqaviləsi olacaq. Lakin sözləşmə növbəti tsikl üçün daha 2 il uzadıla bilər. “Qarşınıza hansı məqsəd qoyulub” sualına baş məşqçinin cavabı belə olub: “Əsas məqsəd oyundan-oyuna inkişaf etmək və AVRO-2020-yə vəsiqə qazanmaqdır. Avropa çempionatına çıxmaq üçün vuruşacağıq. Bilirəm, çətindir. Amma əlimizdən gələni edəcəyik”.

Nikola Yurçeviç ile ilgili görsel sonucu

O deyib ki, ilk növbədə, komandaya inanmalıyıq: “Qrupumuzun favoriti Xorvatiya yığması FIFA reytinqində 4-cü yerdədir. Bizim göstərici isə elə də yaxşı deyil. Lakin yaxşı nəticə qazanmaq üçün çalışmalıyıq. Düzgün taktika və köklənmə ilə müsbət nəticə qazanmaq olar. Yığmaya çağırılan oyunçuların matça 90 dəqiqə köklənmələri lazımdır. Bu, müasir futbolda çox vacibdir”.

Martın 21-də Xorvatiya ilə səfər oyunu haqda baş məşqçi bunları deyib:  “Nəzərimdə 20 futbolçu var, hansı ki oyunlarını izləmişəm. Amma yeni futbolçulara da baxacağıq. Yerli çempionatda çıxış edənlərlə bağlı məlumatım olsa da, xaricdə çıxış edənlər barədə yoxdur. Hücumameyilli futbolu bəyənirəm və belə oyuna üstünlük verirəm. Fəlsəfəm 90 dəqiqə köklənmə və düzgün taktiki hazırlıqdır. Lakin səfərdə Xorvatiya, evdə isə Macarıstana qarşı taktiki planımız fərqli olacaq”.

“Prosineçkinin (millinin keçmiş baş məşqçisi-O.) quzu kababından xoşu gəlirdi. Bəs siz buranın mətbəxini dadmısınız” sualına cavabı isə belə olub: “Prosineçki ilə söhbətimiz yalnız futboldan olmayıb. Hər şeydən danışıb və müsbət sözlər deyib. Ən çox da yeməkləri vurğulayıb (gülür). Türkiyədə də çalışmışam. Bilirəm ki, sizin xalqlarınız, mətbəxiniz çox yaxındır. Amma Xorvatiya mətbəxi də gözəldir. Həyat yoldaşımla burada yaşayacağıq. Qızlarım Zaqrebdə təhsil aldıqları üçün arada Bakıya gələcəklər”.

Baş məşqçi müqaviləsinin maliyyə şərtləri barədə danışmaq istəməyib: “Bu məsələ ilə bağlı federasiya rəsmiləri ilə 2-3 dəqiqə söhbətim olub. Maliyyə şərtlərini müqavilə bağlanılandan sonra AFFA rəsmilərindən soruşa bilərsiniz”.

ORXAN,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR