İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli toylarda əcnəbi bəy gəlin rəqsləri- müasirlik yoxsa...?

2633 26.10.2016 13:30 Son xəbər A A
Azərbaycanın müxtəlif tarixi bölgələrində pesifik toy adət-ənənələri var. Bu adət-ənənələr getdikcə ya sıradan çıxır, ya da müasirləşir. Bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması məhz bu qəbildən olan ənənələrdir. Əvvəllər bəy və gəlin “Vağzalı” ilə zala daxil olur, hətta oynamağa belə utanırdısa, indi bəy və gəlin gələn qonaqlara əcnəbi rəqslər nümayiş etdirir. 

Ümumiyyətlə, son dövrlərdə toylarda bəy gəlin rəqsləri dəb halını alıb. Hətta bu cür rəqslər etməyənə müasirlikdən bixəbər olan bir şəxs kimi də baxırlar. Buna görə də demək olar ki, hər toyda bəy və gəlinin xüsusi hazırlanmış rəqsi olur. Kimisi bunu istəyərək, kimisi isə “hər kəs edir, mən də edim” düşüncəsi ilə hazırlayır. Bunun üçün də nişanlılar xüsusi rəqs məktəblərinə gedir, seçdikləri rəqs üzərində çalışırlar. Bu dəb yeni yarananda cütlüklər daha çox milli rəqslərə üstünlük verirdilər. Hamıya məlumdur ki, milli rəqslərimizdə incəlik, naz-qəmzə, ya da igidliyi tərənnüm edən xüsusi hərəkətlər mövcuddur. Ancaq son dövrlərdə nədənsə milli rəqslər yerini əcnəbi rəqslər verdi. Toylarda bəylə gəlin vals oynamaq üçün xüsusi kurslara yazılır, milli rəqs müəllimlərinin yerinə əcnəbi müəllimlər dəvət edilir, rəqslərini, mədəniyyətlərini öyrənmək, mənimsəmək üçün pul təklif olunur. 

Bəy-gəlin rəqsləri öyrədən kurslarda rəqsin qiymətəri fərqlidir. 

Baş çəkdiyimiz rəqs kurslarında rəqsdən asılı olaraq qiymət dəyişir. Kimisi eyni rəqsi baha, kimisi daha ucuz qiymətə öyrədir. Öyrətdiyi rəqsin keyfiyyətli alınacağına söz verən müəllimlər də var.

“Let's Dance” rəqs məktəbinin direktoru və baş xoreoqrafi Emin Qurbanov onlara müraciət edən bəy və gəlinləri 7-8 dərs keçməklə istədikləri rəqsi professional öyrətdiklərini dedi: “Bəylər və gəlinlər bizim rəqs məktəbinə həzin vals, milli, tanqo, müasir rəqslər öyrənməyə gəlirlər. İstənilən rəqsi 7-8 dərsə öyrənmək mümkündür. Bəylə gəlinə rəqsi öyrətdikdən sonra toydan əvvəl şadlıq sarayına gedib orada da məşq edirik”.

Bəy və gəlinə rəqsi tam öyrədən bu rəqs məktəbində  qiymətlər də digərlərinə nisbətən münasib idi. E. Qurbanov qiymətlərinin rəqsdən və musiqi seçimindən asılı olaraq 150-200 manat arasında dəyişdiyini deyir: “Biz bəy və gəlinə musiqi seçimində də kömək edir, mahnıları özümüz əlavə səslər veririk. Həmçinin DJ tapmaqda da cütlüklərimizə köməklik edirik. Təbii ki, biz cütlüyə bir rəqsi 7-8 dərsə öyrənəcəklərinə tam qarantiya veririk. Amma gəlinlə bəy rəqsi tutaq ki, 7-8 günə deyil 4-5 günə öyrənirsə, o zaman qiymət aşağı düşür. Yox əksinə, əgər cütlük bir rəqsi 7-8 dərsə öyrənib, əlavə yenə də məşq etmək istəyirlərsə, o zaman qiymətdə də artım olur. 7-8 dərs üçün nəzərdə tutulmuş ümumi qiymət isə rəqs və musiqidən asılı olaraq 150-200 manat arasında dəyişir”. 

“Banu” rəqs kursunda isə qiymətlər musiqidən və rəqsdən asılı olmayaraq standart qiymətə 300 manatadır. “Banu” rəqs kursundan aldığımız məlumata görə, rəqslər 5 dərsə öyrədilir, 3 dərs isə məşqlərə həsr edilir. Rəqsin milli və ya əcnəbi rəqslər olmasından asılı olamayaraq hər biri 8 dərs və 300 manatdır. Rəqs dərslərində rəqqasə Fatimə də iştirak edir və tələbələrinə öz tövsiyələrini verir.

Elə rəqs müəllimləri var ki, onlar evlərə gələrək də bəy-gəlini rəqsə hazırlayır. Bu cür müəllimələrdən biri də Rəvanə Əliyevadır. O, toya 1-2 ay qalmış rəqs kursuna yazılmağın vacib olduğunu dedi: “Elə tələbələrim olur ki, onlar rəqs salonuna gəlmək istəmir. Öz evində məşğul oluruq. 5 dərsə tam öyrənirlər. Rəqsdən və musiqidən asılı olaraq qiymətlər 70-200 manat arasında dəyişir. Elə vaxt olur ki, gəlin rəqs etmək istəyir, amma bəy yox. Çox həvəssiz yanaşır. Rəqsə ki, həvəssiz başladın, onu öyrənmək bir o qədər vaxt alır. İndi milli rəqslərdən daha çox valsı öyrənmək istəyirlər”.

Fikrini aldığımız gənclər buna normal yanaşıb, dəblə ayaqlaşmaq lazım olduğunu desələr də bir sıra yaşlı nəslin nümayəndələri birmənalı qarşılamır. Onlar gəlinin nə qədər utancaq olsa, az oynasa, o qədər daha gözəl görünəcəyi fikrindədirlər.

Sosioloq Əhməd Qəşəmoğlu bunun müasirləşmə yox eybəcərləşmə olduğunu dedi: “Toyun fəlsəfəsi qədim dövrlərdən belədir ki, toydan əvvəl bəy və gəlin romantik əhval-ruhiyyədə olmalıdır. Həmin gün romantik olanda daha yaxşı xatırlanır. Təəssüf ki, indi toylarımızda tamada toy məclisini şənləndirmək üçün bəy-gəlini meydandan çıxartmır, bütün günü oynadır. Bəzən saatlarla bu adamları məcbur edirlər ki, rəqs et. Mənim fikrimcə, indiki toylar Azərbaycan üçün üz qarasıdır. Hər tərəfdən də sosial bəladır. Azərbaycanda təcili şəkildə yeni toy modelləri hazırlanmalıdır”.

Günel MANAFLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR