İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Şuranın mitinqi yazıçı Anara görə boykota çağırıldı

1591 01.04.2015 08:10 Siyasət A A


Gənc yazar Seymur Baycan Milli Şuranın aprelin 5-nə təyin etdiyi mitinqlə bağlı gənclərə müraciət edib.  O, öz müraciətində gəncləri mitinqdə iştirak etməməyə çağırıb. Səbəbini isə aşağıdakı kimi izah edib: “20 ildir insanları barmağına dolayan, prinsipsiz, uğursuz, nə etdiklərini özü də bilməyən adamlara baş qoşmasanız, sizin üçün daha yaxşı olar. Düzdür, bu çağırış bilirəm ki, birmənalı qəbul olunmayacaq, amma mən bunu deməyə özümü borclu hesab edirəm. Milli Şuranın sədri Cəmil Həsənli hələ də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, xahişlərə və tələblərə məhəl qoymadan xalqsız xalq yazıçısı Anar Rzayevi müdafiə etdi və onu dostu adlandırdı. Təkcə bu fakt Cəmil Həsənlinin nə qədər qeyri-ciddi və prinsipsiz adam olduğunu sübut edir. Mitinqə aparmağa adam lazımdırsa, qoy Cəmil Həsənli zəhmət çəkib Azərbaycan Yazıçılar Birliyinin üzvlərini aparsın. Siz bu oyunlarda iştirak etməsəniz daha yaxşı olar”.

“Azadlıq” qəzetinin yazarı Elnur Astanbəyli də AYB ilə bağlı tutduğu mövqedə C.Həsənlini tənqid etdiyini söylədi. Onun sözlərinə görə, C.Həsənli ilə bağlı mövqeyini sonuncu REAL və NİDA ilə bağlı tənqidi fikirlər söyləyəndə açıqlayıb: “Mən də Cəmil bəyə məhz AYB-nin üzvü olduğu müddətdə digər hər bir təşkilatdan umu-küsü etməyin doğru olmadığını demişdim. Hətta prezidentliyə namizəd olan vaxt onu AYB-dən istefa verməyə çağırmışdım. O da israrla deyirdi ki, AYB üzvü olmaqda davam edəcək. Mən isə bunu səmimiyyətsizlik hesab edirəm. Bu, təəssüf ki, Cəmil bəyə yaraşan hərəkət deyil. Ölkədə siyasi anarxiyaya qarşı mübarizə etdiklərinin elanını verib, ölkədə ədəbi anarxiya yaratmış adamla münasibət saxlamaq arasında ciddi absurdlar var. Yalana qarşı mübarizə aparıb, yalançıyla necə dost olmaq olar? Yaltaqlığa qarşı mübarizə aparıb, necə yaltaq yazıçı ilə dost olmaq, ona rəğbət bəsləmək olar? Bu, uzun illərdən bəri davam edən ziddiyyətdir. Biz bunu dəfələrlə desək də, yazsaq da, çoxları düşündü ki, bu, Seymurla, Elnurla Anar və Fikrət arasında şəxsi davadır. Bu, şəxsi yox, ictimai davadır. Siyasi davadır, bir mənəviyyat davasıdır. Biz bunu illərlə anlatmağa çalışsaq da, siyasi liderlər tərəfindən israrla qəbul edilmədi. Bunu səmimiyyətsizlik kimi qəbul edirəm. Niyə yalanı Siyavuş Novruzov danışanda pisdir, amma xalqsız xalq yazıçısı danışanda ona güzəştə getməliyik? İki-üç hekayəsinə görə? Heç bir ad, şan-şöhrət dəyərlərdən üstün olmamalıdır. Biz bunu anlamayınca, mübarizənin önünə çıxartmadıqca istədiyimiz uğura qovuşmayacağıq”. 


O ki qaldı S.Baycanın aksiyanı boykot tələbinə, E.Astanbəyli bildirdi ki, hər hansı mitinqə tribunada kimlərinsə dayanmasına görə getmir. Müsahibimiz o mitinqin çağırışı və tələblərini dəstəkləyib getdiyini dedi: “Mən də düşünə bilərəm ki, Cəmil Həsənlidə Yazıçılar Birliyinə qarşı sevgi, rəğbət var,  qoy AYB üzvləri gəlsin mitinqə. Amma yenə də deyirəm: tribunada kimin dayanmasının heç bir fərqi yoxdur. Mən o çağırışları qəbul edib gedirəm. Seymurun dediklərini ifrat emosional qəbul edirəm. Bizim onlarla dostumuz həbsdədir. Onlara azadlıq çağırışı varsa, mənim aksiyaya getməyib evdə oturmağım nə dərəcədə doğru olur? Azərbaycan xalqının cibinə girirlərsə, talan varsa, necə evdə otura bilərəm? Mən buna Seymurdan fərqli yanaşıram. Kimin çağırış etməsindən asılı olmayaraq o mitinqə getmək vicdan məsələsidir. Bu mübarizə iki tərəfin arasında çox lokallaşmamalıdır. Bu, bir mənəviyyat, dəyərlər mübarizəsidir. Bizim liderlər dəyər mübarizəsi aparırlarsa, bütün utancverici hallara qarşı barışmaz dayanmalıdır”. 

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR