İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Şuradan Azərbaycana qarşı sanksiya çağırışı

6758 22.12.2023 09:15 Gündəm A A

Vaxtilə kommunist Azərbaycanın liderləri milli maraqları öz siyasi-ideoloji baxışlarına qurban vermirdilər, amma  “demokratlar” dövlətin, millətin, xalqın maraqlarını..

Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi dalana dirənib. Münasibətlərin normallaşmasına əsas əngəl bir tərəfdən Ermənistanın Azərbaycanla sülh müqaviləsindən yayınmasıdırsa, digər tərəfdən İrəvanın Zəngəzur dəhlizini açmaq istəməməsidir. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması bu şərtlərə əməl olunmasından asılıdır.

Cənubi Qafqazda sürətlə dəyişən geosiyasi vəziyyət yeni müstəviyə qədəm qoyub. Dünya güclərinin regiona marağı, bəzi dövlətlərin bölgəyə daxil olmağa can atması siyasi prosesləri fərqli məcrada inkişaf etdirir. 

Qeyd edək ki, ABŞ-ın Nyu Cersi ştatının demokrat senatoru Endryu Tsviker Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan N4107 qanun layihəsini irəli sürüb. Qanun layihəsi qəbul edilsə, Azərbaycanla bağlı olan müəssisələrlə dövlət sövdələşmələri qadağan ediləcək.

Bundan əvvəl isə Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə qəbul edib. 

Bu arada Demokratik Qüvvələrin Milli Şurası da bəyanatla çıxış edərək “beynəlxalq təşkilatları və demokratik dünyanı siyasi repressiyalara görə Azərbaycanda hakim rejimə qarşı ünvanlı sanksiyalar tətbiq etməyə çağırıb”. Xəbəri “Turan” yayıb.  

Milli Şura bəyanatda “rejimin siyasi opponentləri, demokratiyanın tanınmış tərəfdarları Qubad İbadoğlu, Tofiq Yaqublu və başqalarının əsassız ittihamları və həbslərini” qeyd edib. Milli Şura iddia edir ki, “repressiyaları gücləndirərək hakimiyyət ölkədə gündən-günə kəskinləşən sosial vəziyyət və dərinləşən iqtisadi böhran fonunda özünü geosiyasi və daxili təhlükələrdən sığortalamağa çalışır. Bundan əlavə, "bütün regionu avrointeqrasiya hərəkatı bürüyüb ki, bu da hakimiyyəti qorxudur". Mili Şuraya görə, “yüzillik demokratiya ənənəsi olan dövlətimizi Şərqə doğru itələmək perspektivsiz və ziyanlıdır”.

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov Milli Şuranın indi fəallaşmasını təsadüf saymır: “Ərazi bütövlüyü və suverenliyimizi tam bərpa etməklə, cənab İlham Əliyev Azərbaycanı tarixinin heç bir dövründə olmadığı qədər güclü beynəlxalq subyektə çevirib. Eyni zamanda möhtərəm Prezidentin enerji strategiyasının məntiqi nəticəsi və zamanında uzaqgörənliklə reallaşdırdığı infrastruktur layihələri bu gün faktiki olaraq Azərbaycanı Avropa üçün alternativsiz və çox cazibədar enerji təchizatçısına çevirib.  Əlbəttə, Azərbaycanın uğurları, artan iqtisadi imkanları və bundan dolayı güclənən suverenliyi, müstəqil siyasət yürütməsi regionla bağlı qeyri-adekvat maraqları olan neoimperialist güclər tərəfindən müsbət qarşılana bilməzdi. Xüsusən Vətən müharibəsində Azərbaycanın Zəfəri, habelə antiterror tədbirlərində cənab İlham Əliyevin müstəsna qələbəsi, konstitusiya quruluşumuzun beynəlxalq hüquqla tanınan bütün ərazilərimiz boyu bərqərar olunması, regionda qeyri-dost niyyətləri olan gücləri ölkəmizə qarşı səfərbər etdi. Bu prosesdə də ənənəvi destruktiv Qərb strukturları, muzdlu media və korrupsioner siyasətçilər beynəlxalq ictimaiyyət adından ölkəmiz əleyhinə müxtəlif bəhanələr, siyasi hücumlar təşkil etməyə, bəyanatlar verməyə başlayıb.  ABŞ-ı Qubad İbadoğlunun personası maraqlandırmır. Azərbaycana qarşı davamlı şəkildə qərəzli mövqe tutmaqda olan güclər, sadəcə, "İbadoğlu" şousuna anti-Azərbaycan fəaliyyətində növbəti fürsət kimi yanaşır. Bu qərəzin və bütövlükdə proseslərin çox sadə səbəbi var. Bu gün Azərbaycan özünün prioritetlərinə və milli maraqlarına cavab verməyən hər hansı prosesə qoşulmaması, müstəqil davranması neoimperialist güclərin niyyətləri ilə üst-üstə düşmür. Ölkəmizin Vətən müharibəsindən sonra isə özünü həm də ciddi hərbi-siyasi güc kimi təsdiq etməsi adətən münaqişəli vəziyyətlərdən qidalanan korrupsioner senatorun qazanc və hərəkət imkanını məhdudlaşdırıb. Nəticədə, eyni mənbədən qidalanan şəxs və təsisatlar ayrı-ayrı cinayət təqibləri üzrə proseslərin siyasiləşdirilməsinə imkan kimi baxır. Təbii ki, həmin anti-Azərbaycan qüvvələrin daxildəki uzantıları da prosesdən kənarda qala bilməzdi. Bu mənada Milli Şura deyilən antimilli ünsürlərin eyni vaxtda fəallaşması təsadüf ola bilməz. Aydındır ki, bu xəyanətkar kəsimin onlara tapşırılmış  təxribatçı tezislər üzrə koordinasiya olunmuş fəaliyyətlərinin yeganə məqsədi də təzyiq mühiti formalaşdırmaq, siyasi sabitliyi pozaraq  ölkənin daxili məsələlərinə müdaxilə arzusunda olan xarici qüvvələr üçün fürsət yaratmaqdır. Amma bu riyakarlar da, onların havadarları da birmənalı şəkildə anlamalıdırlar ki, onların Azərbaycanda qanunsuz təsiri istisna edən şəraitdə, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilən cinayət prosesini siyasiləşdirmək cəhdləri indidən iflasa məhkumdur və bu saxtakarlar hər addımda özlərini daha çox ifşa edirlər. Bizim üçün onların nə dediyi, nə yazdığının önəmi yoxdur. Ölkə Prezidentinin də ifadə etdiyi kimi, bu gün bizim üçün “Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir. Yəni hər kəs başa düşməlidir ki, İlham Əliyevin qurduğu nizamı nə bu gün, nə də gələcəkdə heç bir xarici və daxili ünsür zədələyə bilməz. İstənilən təxribatçı, ləyaqətsiz cəhd ictimai sabitliyə və milli maraqlara yönəlik istənilən təhdidin qarşısı qətiyyətlə alınacaq”.

Dövlətimizin başçısının regionlara hər səfəri həm sosial, həm də iqtisadi  infrastruktur layihələrin açılışları ilə yadda qalır - AZƏRTAC

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə xaricdəki anti-Azərbaycan qüvvələrin oyun alətinə çevrilənlərə səsləndi: “Sirr deyil ki, ABŞ-dakı və Avropadakı erməni lobbisi xüsusilə 44 günlük müharibədəki məğlubiyyətdən sonra kütləvi hal alan anti-Azərbaycan qətnamələrin əsas təşəbbüskarıdır. Onların ölkəmizə qarşı qlobal hücumları, sadəcə, ölkə səviyyəsində, yaxud regional müstəvidə deyil, daha qlobal formatdadır, Beynəlxalq Ədalət Məhkəməsindəki hüquq mübarizəsi, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinə qaldırmaq istədikləri məsələlər nəzərə alınarsa, mənzərənin çərçivəsi daha da aydınlaşar. Təəssüf  ki, Azərbaycanda bir sıra "qüvvələr" xüsusilə prezident seçkisi ərəfəsində bu qlobal oyunun alətinə çevrilməkdədir. Onlar hakimiyyətə müxalifliklə dövlətə və millətə müxalifliyi səhv salırlar, özlərini milli maraqları təhdid edən “qüvvə” kimi aparırlar. Çünki Azərbaycana qarşı sanksiya çağırışı, sadəcə, hakim elitanı deyil, bütün xalqı, milləti narahat edəcək məsələdir. Halbuki ideoloji çərçivə liderlik iddiasında olan şəxsin dövlətə və millətə xidmətinə mane olmamalıdır. Vaxtilə kommunist Azərbaycanın liderləri belə milli strateji baxışları öz siyasi-ideoloji baxışlarına qurban vermirdilər. Amma indi görünən odur ki, “liberalizm, demokratiya” kimi ideoloji çərçivəyə özünü sığdıran həmin “qüvvələr” xalqın adından danışmaqla, xalqa xitab etməklə, əslində bu dövlətin, millətin, xalqın maraqlarını qurban verirlər. Məqsəd? Təbii ki, 7 fevral 2024-cü ildəki seçki marafonuna qatılmayaraq ölkəmizdəki seçki mühitinin zənginləşməsinə öz töhfəsini verməyə cəsarəti çatmayan   həmin o “qüvvələrin” 2020-ci il Zəfərinin müəllifi olan Prezident İlham Əliyevə və dövlətçiliyə daha bir zərbə vurmaqdır. Halbuki onlar 7 fevral seçkilərini ümummilli Zəfərin davamı olaraq dəyərləndirə, yaxşı dövlət idarəçiliyinə dair baxışları ilə cəmiyyətimizin, dövlətimizin yenidən qurulmasında iştirak edərək prosesə töhfə verə bilərdilər. Lakin kənarda qalmaqla yetindikləri azmış kimi, hələ ölkəmizə qarşı sanksiya çağırışı etməklə üzlərindəki maskanı düşürmüş oldular. O ki qaldı avrointeqrasiya məsələsinə, Prezident İlham Əliyev açıq mətnlə vurğuladı ki, Azərbaycanın belə bir niyyəti yoxdur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR