İnsanlara hürriyət, millətlərə istiqlal!

“Milli Şura Qarabağla bağlı təhlükəli proqram hazırlamışdı” - Abutalıb Səmədov

8570 26.12.2020 09:30 Siyasət A A

 

“Tariximizin ən böyük qələbəsini qazandıqdan sonra siyasi möhtəkirlərə meydan verilməyəcək”


“Ya Qarabağ, ya ölüm” şüarı 32 il əvvəl siyasətə gəlmiş bir neçə səmimi hərəkatçının inandığı aparıcı ideologiya idi. Əksəriyyət Qarabağ problemindən hakimiyyət uğrunda mübarizədə vasitə kimi istifadə edirdi. Onların da bəziləri səmimi şəkildə hesab edirdi ki, taleyinə “xalqın xilaskarı”olmaq yazılıb və bu “müqəddəs missiya”nı yerinə yetirmək üçün hər şeydən, hətta qeyri-qanuni vasitələrdən də istifadə edə bilər və etməlidir”. Bunu “Yeni Müsavat”a Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib. O, qeyd edib ki, məhz bu düşüncələr hakimiyyət uğrunda ölüm-dirim savaşına gətirib çıxardı: “İlk olaraq 1992-ci ilin 5-6 martında Ayaz Mütəllibov parlamentdə girov saxlanılaraq zopla hakimiyyətdən uzaqlaşdırıldı: Ali Sovetin binası önündə keçirilən azsaylı mitinqin - 500-1000 adam toplaşmışdı və yol bağlanmamışdı - iştirakçılarından biri kimi, istefa xəbəri məni sevindirdi. Ancaq Mütəllibovu yıxanlar hakimiyyət yükünü üzərlərinə götürmək istəmədilər və təqribən 70 gün ölkədə hakimiyyətsizlik oldu. Ermənilər bu vəziyyətdən istifadə edərək Şuşa və Laçını işğal etdilər. Sonrakı dövrdə üzləşəcəyimiz dəhşətli faciələrin əsası həmin hakimiyyətsizlik dövründə qoyuldu və bu günkü müxalifət məsuliyyəti heç vaxt üzərindən ata bilməyəcək.

Mütəllibovun hakimiyyətsizlikdən istifadə edib geri qayıtmaq cəhdi Etibar Məmmədovun fəal yardımı ilə AXC tərəfindən alındı və bu dəfə AXC hakimiyyət yükünü öz üzərinə götürmək qərarına gəldi. Lakin onların iqtidar ömrü cəmi 1 il çəkdi. Rəqibləri AXC-nin “doğma üsulları” ilə onları hakimiyyətdən uzaqlaşdırdı. “AXC-Musavat iqtidarı” adlandırılan komanda sonradan bir neçə dəfə bölündü və onların bir hissəsi bu gün müxalifət cəbhəsində hakimiyyət uğrunda mübarizəsini davam etdirir. Lakin artıq “Qarabağ kartı” əllərindən çıxıb”.

“Bu qüvvələrin xalqın içərisində populyar olan və milyonlarla olmasa da, heç olmasa onminlərlə insanın arxasınca getməsini təmin edəcək ideologiyası varmı? Yox” deyən A.Səmədovun sözlərinə görə, “Milli Şura” konkret proqram hazırlamışdı: “Bu proqram isə təhülkəli proqram idi. Onun Azərbaycanda hazırlandığı ciddi şübhə doğururdu. Həmin proqram Əli Kərimlinin vasitəsilə cəmiyyətə təqdim edildi. Maraqlıdır ki, həm onun tərəfdarları, həm siyasət cameəsi, həm də sevimli mətbuat nümayəndələrimiz bu dəhşətli “konsepsiyaya” heç bir əhəmiyyət vermədilər. Milli Şura nə təklif edirdi? Xaricdə fəaliyyət göstərən televiziyaların birinə “Qarabağ problemi”ni necə həll etmək barədə danışan Əli Kərimli deyirdi: “Mən bunu açıq ifadə eləyim ki, böyük savaşların əslində vaxtı keçib. İndi hər iki tərəf çox böyük silah arsenalı alıb. İndi böyük bir müharibə çox böyük itkilər deməkdir. İndi Azərbaycanın o qədər problemi var ki, biz əslində bilirsiz kursu nəyə götürməliyik. Biz Azərbaycanı xilas eləyib, demokratikləşdirib, Cənubi Qafqaz, bütövlükdə hamımız Avropa birliyinə inteqrasiya xətti götürməliyik. Rusiyanın münaqişəni davam və idarə etmək imkanları tükənməlidir. Ondan sonra Avropa birliyinin həmin o çətiri, moderatorluğu altında ərazi bütövlüyü şərtilə bu problemlər öz həllini tapacaq”.

Ə.Kərimli “yerli istehsal”olmadığı şübhə doğurmayan bu fikirləri söyləyərkən görəsən “Rusiyanın münaqişəni davam və idarə etmək imkanlarının nə vaxt tükənəcəyini”, onun “forpostu” olan Ermənistanın bu asılılıqdan neçə ilə qurtara biləcəyini düşünürdümü?

Avropaya inteqrasiya xətti tutan Ukrayna və Gürcüstanın bu zaman nə qədər torpaq itkisinə məruz qaldığını və Avropa liderlərinin tutduğu qorxaq mövqeyi xatırladımı? Təbii ki, düşünmədi və xatırlamadı. Əksinə olsaydı, problemin həllini ən azı 15-20 il geriyə atacaq bu təhlükəli “konsepsiyanı” heç vaxt səsləndirməzdi. Ortada nə qədər maddi və “mənəvi” maraqlar olsa da”.

A.Səmədov deyib ki, bu gün Qubad İbadoğlunun və Natiq Cəfərlinin arabir səsləndirdikləri iqtisadi mülahizələri nəzərə almasaq, müxalifətin başqa sahələrə aid ortada müzakirəyə layiq elə bir proqram və konsepsiya görünmür: “Bəs, heç olmasa görüntü yaratmaq üçün bəzi müxalifətçilər nəsə edirmi? Hakimiyyəti gecə-gündüz tənqid edir və bu heç bir ciddi mütaliə və araşdırma tələb etmədiyindən hamının “sevimli məşğuliyyətinə” çevrilib. Bir də arabir “növbəlilik” əsasında “müxalifəti birləşdirmək” istiqamətində “qızğın fəaliyyət” başlayır və sonda, “birləşdiricilər” günah iş tutmuş adamlar kimi sakitcə gözdən yayınır və bir küncə cəkilirlər.

Aydınlaşdırılmasına ehtiyacı olan suallar çoxdur. Bir şey aydındır. Özündən başqa heç kimi müxalifət saymayan məlum müxalifətin məqsədi nə islahat proqramları hazırlamaqdır, nə birləşmək, nə xalqın “ağ günə” çıxarılması. Məqsəd xaricdən gələn yardımlarla hakimiyyəti ələ keçirməkdir. Bu yolda isə ən səmərəli istismar mövzusu 32 ildir dəyişməyən ''Ya Qarabağ, ya ölüm'' mövzusu idi. Qəribədir ki, torpaqlar azad olunduqdan sonra da həmin müxalifət yenə Qarabağ məsələsindən istifadə etməyə çalışır. Tariximizin ən böyük qələbəsini qazandıqdan sonra siyasi möhtəkirlərə yenə meydan verəcəyikmi? Məncə bu imkan verilməyəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR