İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Şura piket keçirdi və 19 oktyabra mitinq təyin etdi

2815 08.10.2019 20:28 Gündəm A A

Siyavuş Novruzov: “Bunun özü də piketin təxribat xarakteri daşıdığını təsdiqləyir”

Oktyabrın 8-də Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə piket keçirib. Aksiya əvvəlcədən paytaxt mediası ilə razılaşdırılmışdı və razılaşmaya əsasən, piketdə maksimum 50 nəfər iştirak edə bilərdi. 

Hadisə yerindən xəbər verən əməkdaşlarımızın sözlərinə görə, piketdən öncə polislərlə iştirakçılar arasında mübahisə yaranıb. Mübahisə edənlərdən bir neçəsi saxlanılıb. İştirakçılar əraziyə sayılaraq buraxılıb. Piketdə rəhbərliyi sabiq AXCP funksioneri Fuad Qəhrəmanlı öz üzərinə götürüb.

Bir saatlıq piket saat 15:00-a təyin olunsa da, vaxtından 10 dəqiqə gecə başlayıb və 10 dəqiqə də tez bitib. 

Aksiya davam etdiyi müddətdə və hətta piket bitəndən sonra belə müşahidəçilərlə polislər arasında gərginlik yaşanıb. Buna səbəb də, onların piketə icazə verilən yerə yaxın ərazilərdə şüarlar səsləndirilmələri olub.  

Piketin sonunda Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli piketin qətnaməsini BŞİH-ə təqdim edib. 

Qeyd edək ki, aksiyada 19 oktyabra mitinq təyin olunub.

Aksiyadan dərhal sonra Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlama verib. 

“Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şura “Sərbəst toplaşmaq haqqında” qanunun tələblərini pozaraq təyin olunmuş yerdə deyil, orta məktəbin qarşısında dərs prosesini pozmaqla, şagirdlərin və valideynlərin hərəkətinə mane törətməklə piket keçirib”- o, belə deyib.

Novruzov bildirib ki, aksiya başlamazdan əvvəl təyin olunmuş yerdə deyil, insanların intensiv hərəkət etdiyi, yaşayış olduğu dar səkidə müxtəlif şüarların səsləndirilməsi, ajiotaj yaratmaq cəhdləri qanunun tələblərinə zidd əməllər olmaqla yanaşı, həm də bu insanların niyyətlərinin öz etirazlarını bildirmək deyil, asayiş keşikçilərini təxribata çəkmək və problem yaratmaq olduğunu nümayiş etdirib: “Təşkilatçılar öncədən Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, onlara piketdə səsləndiriləcək şüarlar və digər məsələlərlə əlaqədar xəbərdarlıq olunub, lakin onlar yenə də piketin keçirilməsi zamanı qanuni tələblərə əməl etməyiblər. Kənarda əlində “Xalq sizinlədir, cənab Prezident İlham Əliyev” şüarı ilə dayanan bir nəfərə hücum, plakatın onun əlindən alınması və cırılması bu insanların destruktiv, dözümsüz, təxribatçı qaragüruh olduğunu, heç bir sivil mübarizə metodlarını tanımadığını göstərdi. Bunun özü də piketin təxribat xarakteri daşıdığını təsdiqləyir”.

S.Novruzov qeyd edib ki, Əli Kərimli piketdə görünməyib, prosesi kənardan izləmək yolunu tutub: “Tədbirin təşkilatçıları, AXCP və Milli Şuranın rəhbərliyində duranların heç bir bu aksiyada iştirak etmədi. Məqsəd piketə ancaq müəyyən adamları təlimatlandıraraq göndərməklə təxribat yaratmaq, sonra bu görüntüləri çəkərək Avropa qurumlarına göndərmək olub. “Sərbəst toplaşmaq haqqında” qanunun tələbləri və təşkilatçılar buna görə cavabdehlik daşıyırlar”.

Cavanşir ABBASLI
Fotolar Məhəmməd Türkmənindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR