İnsanlara hürriyət, millətlərə istiqlal!

MİLLİ QƏHRƏMAN ADI ALMAYAN MİLLƏT QƏHRƏMANI

1685 03.11.2011 09:12 Siyasət A A

18 oktyabr Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü tamam oldu. 1991-ci il, oktyabrın 18-də Ali Sovetdə “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilib. 18 oktyabr Azərbaycan üçün ən möhtəşəm tarixi gündən biri oldu.
Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümündə tarixi vərəqləyəndə xalq hərəkatı, müstəqillik uğrunda şəhid olan insanlar və tarixə istiqlalçı deputatlar olaraq düşən 43 nəfər xatırlanır. Azərbaycan xalqının müstəqillik istəyinə 1991-ci ildə parlamentdə məhz həmin 43 nəfər səs verdi. Onlardan biri də Eldar Teymur oğlu Bağırov idi.
Bəli, atamın oğlu, anamın balası.
Vaxtilə müstəqilliyə səs verməmək üçün qaçıb dəhlizdə duran rusiyapərəst kommunistlər indi “Dövlət müstəqilliyi - 20" sözləri yazılmış lövhənin altında oturub müstəqilliyi necə qazandıqları haqqında danışırlar.
Ananız ölsün, nə yaman əziyyət çəkmisiniz.
Eldar Teymur oğlu Bağırov. Bu gün Tanrı dərgahında olsa da Azərbaycan tarixinin yeni dövrünə özünə məxsus iz qoyub, imza atıb. Eldar Bağırov müstəqilliyə qol çəkənlərdən biri oldu.
Çox yaxşı, çox gözəl!
Bəs mənim qardaşım Eldarın zəhmətin neyə itirdilər? Niyə? neyləmişdi? Kimin xanimanını dağıtmışdı? O ki erməniyə qarşı döyüşürdü. Azərbaycanın müstəqilliyinin bərpası haqda konstitusiya aktı 20 il öncə parlament tərəfindən qəbul olunub. Bu günü bayram günü kimi qeyd olunsa da mən Eldarın bacısı olaraq göz yaşı ilə keçirirəm. Eldar o zaman nə qədər sevinc hissi keçirirdisə, bu gün mən o qədər kədər hissi keçirirəm. Təəssüf ki, bu gün xalq hərəkatının iştirakçılarına, o cümlədən istiqlalçı deputatlara dövlət səviyyəsində heç də yaxşı münasibət bəslənmir.
Müstəqilliyə qol çəkəndən cəmi 13 gün sonra Eldarı sessiyadan çıxanda namərdcəsinə qətlə yetirdilər.
Azərbaycan xalq hərəkatının öncüllərindən biri xalq deputatı Eldar Bağırov. Deyirlər, Allah tərəfindən sevilənlər cavan ölürlər. Lakin Eldarın görməli olduğu işlər çox idi. Lap çox. Hələ Qarabağ torpaqları erməni quldurlarından azad edilməmişdi. Tarixçi ixtisasına yiyələnmək üçün Bakı Dövlət Universitetinə təzəcə qəbul olunmuşdu. İki qız balası körpə olduqları üçün Eldar kimi atanın qayğısına ehtiyacı çox böyük idi.
Ermənilər Eldarın adından oddan qorxan kimi qorxurdular. Ona görə də özümüzdən olan ermənilər Eldarı və Eldar kimi oğulları aradan götürdülər ki, erməni yaxşı at oynatsın Qarabağda. 18 ildə də atın yaxşı oynadır dığalar. İndi durun qabağa.
Eldar elə oğul idi ki, bir çağırışına 10 mindən yuxarı adamı ayağa qaldırmaq qüdrətinə malik idi.
Eldar Bağırov bütün şüurlu həyatını Ağdamın xeyirli və xeyirxah işlərinə sərf etdi. Eldar əsl vətənpərvər ağdamlı kimi böyümüşdü. Mərd, sözü üzə şax deyən, haqsızlığa qarşı dözümsüz. Elə Teymur kişinin oğlanlarının üçü də bir-birindən igid, el-obaya həqiqi mənada ürəkləri yanan idilər. Hər özündən deyən kişinin belə oğlu olmur.
Qarabağın necə bir qiymətli torpaq olduğunu, onsuz yaşamağın mümkünsüzlüyünü Eldar fəhmlə əvvəlcədən duymuşdu. Ona görə də çıxışının birində deyirdi: “Bizim bu yolda qazancımız bir paslı güllə, ən yaxşısı da dəmir barmaqlıqlı zindandır. Hamısını gördük”.
Ona görə də Qarabağın, Ağdamın bütün faciələrindən qabaq dünyasını dəyişdi.
1988-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən incidilən ilk qaçqınlar Ağdama gəldiyi gündən işini, gücünü atıb onların yerləşdirilməsi, ərzaq təminatı ilə məşğul olmağa başladı. Yanına gələn hər kəsə bacardığı köməyi göstərirdi. Heç kəsi tək qoymazdı. Ancaq Qarabağ camaatı (elə biz özümüz də) onu tək qoyduq, yaman tək qoyduq. Ona görə də bu günə qədər də o cəzanı çəkirik.
1988-ci ildən 1991-ci ilin oktyabr ayına kimi erməni ilə sərhəd olan bütün postlarda Eldar və silahdaşları durdu. Yəni Azərbaycan Xalq Cəbhəsinin üzvləri. Onların da 90 faizi şəhid olub.
Qarabağda üçrəngli bayrağı Eldar ucaltdı. O vaxt o bayraqdan cin bismillahdan qorxan kimi qorxurdular. Ancaq indi o bayraq altında oturub kef edərək milyonlar yığırlar. Bu 20 ildə mənə elə gəlir ki, Ağdam Rayon İcra Hakimiyyəti erməniyə əsir düşüb. Belə olmasaydı, 20 ildə 20 dəqiqə Eldar, Allahverdi qardaşlarını yad edərdilər. Bu qardaşlar tək anaları, bacıları üçün sinələrini güllə qabağına verməyiblər.
“Oğul var evdən gedir, oğul var eldən” atalar sözünün mayasında hər yarananın ali olmadığı təsdiqlənir.
Ucalıq anlamını tarix boyu varlığında yaşadan və heykəlləşdirən insanların xoşbəxt olduğunu duymağa nə var ki?! Bədxahlar olmasa - heç nə!!!
Bir evdə böyüyən, bir eldən gedən, hər biri bir el güvənci, arxası-köməyi sayılacaq iki qardaş, iki igid, iki xalq qəhrəmanı. Bir uğursuz millətə xidmətlərini yada saldıqca alışıb yanaraq deyirəm. Niyə axı zəhmətiniz bu qədər itkin oldu, ay qardaşlarım, sizə bacılarınız qurban?!
O qardaşlar ki, vətənin o ağır günlərində talelərinin tərcümeyi-halını özləri yazdılar. Min tənə, min böhtan eşitsələr də o qiymətli sinələrini vətənə atılan güllələrə sipər etdilər.
1988-ci ildə rus “bardakxanasında köpəklər kimi bəslənən ermənilər ”Qarabağ" sevdası ilə üstümüzə gələndə qeyrətini qılınc kimi sıyırıb öndə duranlara böhtan atan şərəfsizlər, görəsən, hansı dəlikdə idilər?
O savadsız Teymur kişinin, Zümrüd ananın bəsləyib yekəltdiyi, öz cəsarətləri ilə öc almağa qadir olan, millətin qeyrət kitabına adlarını öz əlləri və qanları ilə yazmış bu atam oğullarının əbədi bir hekayəti var. O hekayəti dinləyib-danışan hələ ki yoxdur.
Azərbaycan xalq hərəkatının öncüllərindən biri, xalq deputatı Eldar Bağırovun bir amalı var idi - Vətənin bütövlüyü, millətin birliyi, torpağın azadlığı. Bu idi yolu.
Eldarı Azərbaycanın düşmənləri aradan götürdülər. Ağdamın süqutu Eldarın ölümündən başladı. Eldar deyəndə şəxsiyyətin ən uca zirvəsi, qardaş adının ən qiymətlisi, ata adının bal kimisi yada düşür. Hamının əlindən tutmağa hər an hazır olan bir oğul idi o. Əfsus ki, öz körpə balalarının əlindən tuta bilmədi. Balaları Eldarın dadını bilməsələr də adını çox qiymətli tuturlar.
Hər kəsi öz dilində dindirən, qəlbinə yol tapan gülər üzlü qardaşım mənim. Atamın, anamın ölümündən sonra bizim ata qayğımız, ana laylamız. Elimizin ağsaqqalı, qardaşlarının qardaşı, bacılarının sirr yeri, sirdaş yeri. Hər kəsin qəlbində özünə qızıldan taxt quran, xalq qəhrəmanı qardaşımız.
Allahverdinin sevinən gözü, şax qaməti. Əmirin qardaşsızlığa dözməyib sağa-sola cırılan ürəyi Eldar.
1988-ci ildən 1992-ci ilin 12 iyununa - şəhid olduğu günə qədərki ömrü isə əsl tarix olan, fəqət yazılmayan, el qəhrəmanının fəaliyyəti “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təsdiqlənsə də o, layiqli dəyərini nə dövlətdən, nə də uğrunda canından keçdiyi millətdən almadı. Qoca qartal Allahverdi Bağırov.
Hamı ona “Qoca qartal” deyirdi. Eldar isə ona “Ali” deyirdi. Eldarın ən əziz andı “Ali canı” idi. Eldar sözün əsl mənasında böyük insan idi. Həmişə haqlının yanında olan, kasıbın əlindən tutan, yıxılanı qaldıran, yiyəsizin qardaşı olan gözəl insan.
Bu neçə illərdə elə mən müxalifətin özündən küsmüşəm. Eldara ən böyük laqeydliyi elə AXC-nin özü elədi. Bir adını anmadı. Bir yadına salmadı. Guya ki, Eldar heç nə etməmişdi.
Eldar, Allahverdi kimi oğullar yaşasaydı, Qarabağda düşmən belə arxayınlıqla at oynada bilməzdi. Bu baxımdan Eldarın faciəsi Qarabağın işğal planının tərkib hissəsi idi.
Eldar o işləri görəndə, o əziyyətləri çəkəndə düşünmürdü ki, bunun nəticəsində nəsə əldə edəcək. Eldar bunları, sadəcə, eləməyə bilməzdi. Qarabağın işğal altında olmasının bu oğullara bu qardaşlara heç bir aidiyyəti yoxdur. Onlar əllərindən gələni axıra qədər etdilər. Tanrının qarşısında üzləri ağdı, başları uca. Bu 20 ili ən böyük dəhşətlə keçirən biz Eldarsız, Allahverdisiz bəs deyilmiş kimi Əmirsiz də qaldıq.
Qardaşsızlığa dözə bilməyən qardaşım. Bax, müstəqillik bizə bu xoşbəxtliyi verdi. Atalar məsəlidir: “Kim qazandı, kim yedi”.

***

Bir saat bir yerdə tutmazdım qərar,
Araz mənimiydi, Kür mənimiydi.
Ömrümün günümün gəlhagəlində
İnci mənimiydi, dür mənimiydi.

Səsin gah Bakıda, gah Qarabağda,
Meşədə, çəməndə, çayda, bulaqda,
Meyvəli aranda, çiçəkli dağda
Elə bilirdimki, bar mənimiydi.

Ananın, bacının bağrını deşdik,
Harda qərar tutub, haraya köçdük?
A qardaş, sən niyə qabağa düşdün
Ölüm mənimiydi, yer mənimiydi.

(H.ARİF)

***

Ocağım, çırağım alışsa dardan
Sinəsi dəryatək dolan kəs, kişi
Bütün təkliflərdən, mükafatlardan,
Ən böyük rütbədir filankəs kişi...

Qeyrət sınağından keçib getdilər,
Onların məzarı ziyarət yeri,
Kişilər varıdı, köçüb getdilər,
Qaldı qanımızda kişiliklər...

(V.ƏLİFOĞLU)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR