İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli məsələ

2514 25.05.2019 09:10 Yazarlar A A

“Təzə aşnalıqla köhnə dostluğun

Fərqi var qış ilə yaz arasında.

Namərddə qaydadır: kəsər basdığın,

Hər kəs hesab çəksin öz arasında"

(Aşıq Ələsgər)

Adama deyirəm şpris zavodu açılıb, sevinməliyik, deyir: “Yiyəsinə qismət olsun”. Gör nə qədər müdrik, uzaqgörən vətəndaşdır. Yeni yaradılan iş yerlərini bu cür uğurlamaq kimin ağlına gələrdi?

Ümumiyyətlə, bu “yiyəsinə qismət” məsələsi hazırda bütün dünyada aktualdır. Hərə bir şeyi tutub yiyələnir, başqalarına da imkan vermir ordan yararlansın. Misal üçün, yankilərin özünün atom bombası var, ancaq İrana uranın zərrəciyini də çox görürlər. Yaxud, Çinin mobil telefon şirkətlərini blokadaya almağa başlayıblar. ZTE-ni vurublar, indi hədəfdə Huavey-dir. Guya bu şirkətin dalında Çinin hansısa hərbi agenturası dururmuş. O zaman biz nə edək, evimizin içində at oynadan Google, Apple, Feysbuk, İnstaqram, nə bilim, nə qramlarla?.. Bəlkə bunlar təhlükəsizlik, insan hüquqları, şəxsi həyata müdaxilə, lap elə hərbi baxımdan Allahın bacısı uşaqlarıdır? Yox, əlbəttə. Snouden-in yaydığı məxfi sənədlərdən, başqa çoxlu mənbələrdən də məlumdur ki, ABŞ-ın hətta kompüterimizin sönmüş ekranı, kamerasından bizi izləmək imkanları vardır. Bəs Çini niyə vururlar? Bazar söhbətidir. Dövlətin başına makler keçib, dünyanın ikinci və inkişafda olan bazarını çökdürmək istəyir. Ticarət müharibəsi aparır. Belə görünür uğurla.

Mayın 23-də Çinin xarici işlər naziri Van Yin müəllim Bakıya gəlmişdi, burdan da Tiflisə getdi. Aydın məsələdir ki, Çin Avropaya doğru qədim İpək yolu üzərindən əlaqələrini gücləndirmək xətti tutub. Biz də bu təcrübələrdən dərs almalıyıq. Hansı dərslər, yazım.

Baxın, biz 30 ildir dünyanın xoşuna gəlməyə çalışırıq. Ancaq heç zad alınmır. Manıs yarışması qayırırıq - pisləyirlər, qosqoca şəhərimizi bağlayıb uşaq kimi maşın sürməklərinə veririk - mız qoyurlar. İndi futbol yarışının finalını keçirməyə də peşman ediblər. Nəyə görə, bir erməni dığasına görə. Biabırçılıqdır. Ancaq bəsdir bu Avropanın, Qərbin dalıyca süründük. Bizim öz milli dəyərlərimiz, mentalitetimiz, multikulturalizmimiz vardır. Bizdə ağsaqqal süfrədə gəyirəndə bütün məclis mıx kimi qalxır ayağa ki, görəsən kişiyə nə oldu. Ağbirçəklərimiz bayatı söyləyəndə göydə nəinki quşlar, AZAL-ın beynəlxalq reyslərinə minik müvəqqəti dayandırılır. Ancaq gedib-gələnlər danışır ki, Avropada belə qanacaqlı adamlar qətiyyən yoxdur, utanıb-çəkinmədən ictimai yerlərdə qaz buraxırmışlar. Tfu... Bəs biz niyə bunları cəhənnəm eləmirik? Qoy rədd olsunlar bütün finalları ilə... Lazım gələr özümüz Böyük Şor Olimpiyat Stadında “Qəbələ” - “Kəpəz” finalı keçirdərik. Vallah, bizim “Topaz-Premyer-Liqa”sı İngitlərənin, İtaliyanın, İspaniyanın yerli çempionatlarından min dəfə mənalı, məzmunlu, gözəldir. Əsas odur özümüzündür! Klassik necə demişdi? “İtə ataram, yada satmaram!”. Bəs bizə, onun nəvələrinə nə düşüb ki, vətənin stadionlarını hansısa “arsenal” dığalarına ucuz qiymətə satırıq?

Əvvəl-axır onsuz bütün dünya qapılarını bağlayıb, hasar çəkib öz xarabasında oturacaq. Qloballaşma iflasa məhkumdur, çünki insan nəsli bir yerdə yaşamağa layiq, qadir deyildir. Çinin özünün qapalı “interneti” var, Rusiya da təzəlikcə bu gözəl işə girişibdir. İndi biz də öz internetimizi yaratsaq yaxşı olmazmı? Özün yaz, özün layk elə. Özün özündən ləzzət al, türkün sözü. Ən yaxşısı, ən təhlükəsizi, ən doğrusu, ən sərfəlisi bu deyilmi? Allaha şükür, özümüzün hər şeyimiz var. Şprisi yazdım, maşından velosipedə, raketdən xiyara qədər hər şeyi istehsal edirik. Bütün dəmiryolu stansiyalarında dükanlar da açılıb. Qatara min, get Sumqayıtdan alver elə, gəl. Biləcəridə düş, get əsgərliyə, ordan qayıt, Yasamalda universitet oxu, Semaşkoda həkim olub camaatın qarnın yar, nə bilim, idarədən pasport al.

Yaxşı yadıma düşdü, elə bu pasportu almağın üsullarını dünyaya biz başa salmadıqmı? Yoxsa Vestministerdən başlayan pasport quyruğu Edinburqa qədər çatırdı. İndi bizə ağıl verən çıxıblar. Neftimiz burnunuzdan gəlsin.

Gəlin sərhədi bağlayaq, nə gələn olsun, nə gedən, cənnət yurdumuzda özümüz yaşayaq. Rəhmətlik Fərhad müəllim demişkən: “Öz pomidorumuz, öz musiqimiz”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR