Plenar iclasda Ermənistanla danışıqların dayandırılması, torpaqların azadlığı uğrunda savaşa başlanılması barədə çağırışlar edildi
Sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk iclası keçirildi. Dövlət himninin oxunmasından sonra spiker Oqtay Əsədov payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi, jurnalistləri salamladı.
Milli Məclisin yaz və növbədənkənar sessiyalarını uğurla başa çatdırdığını deyən O.Əsədov dedi ki, parlamentin 17 iclası keçirilib. Parlament xətti ilə xarici səfərlər və ölkəmizdə keçirilən toplantılar barədə məlumat verən sədr payız sessiyasında dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə sərfindəki qanun layihələrinin qəbul olunacağını bildirdi.
Spiker O.Əsədov dedi ki, son günlər deputat Rəfael Cəbrayılov barədə mətbuatda çoxlu yazılar yazılıb. Sədr bildirdi ki, R.Cəbrayılov özü Milli Məclisə müraciət edib. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, R.Cəbraylov mandatdan özü imtina etməsi ilə bağlı müraciət edib. O, seçicilərindən, Azərbaycan xalqından və deputatlardan üzr istəyərək bu qərarı verib. Ə. Hüseynli dedi ki, Milli Məclis qərar qəbul etmir, MSK-ya göndərir. Beləliklə, parlament müraciəti Mərkəzi Seçki Komissiyasına göndərəcək və Mərkəzi Seçki Komissiyası qərar qəbul edəcək. Qeyd edək ki, R.Cəbrayılovun 600 min ABŞ dolları müqabilində deputat vəsiqəsini yazılı iltizamla girov qoyması gündəmin mövzusudur.
Komitə sədri Siyavuş Novruzov dedi ki, məsələ hüquq çərçivəsində həllini tapıb, ona görə də bu məsələnin müzakirə olunmasına ehtiyac yoxdur: “İstefa da bir mədəniyyətdir”.
Bundan sonra Milli Məclisin qanunverici işlər planı ətrafında müzakirələr başladı.
Deputat Fərəc Quliyev Qarabağ məsələsi ilə bağlı fikirlərini söylədi: “Milli Məclisdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi barədə müraciət hazırlanmalı, ATƏT-in vasitəçiliyinə son verilməsi, Ermənistanla danışıqların dayandırılması, Bişkek protokolunun qüvvədən düşdüyü barədə məsələ müzakirə olunmalıdır. Biz ermənilərin çəkdiyi yolları, istismar etdiyi mədənləri darmadağın etməliyik. Biz gündə 2 erməni əsgəri öldürsəydik, 17 min erməni öldürmüşdük. Savaş qaçılmazdır. Biz savaşmalıyıq! Cənab prezidentin də ortaya qoyduğu qəti mövqe var. O bildirir ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Biz bu məsələni ciddi şəkildə müzakirə edib, prezidentə dəstək verməliyik!”
Deputat Vahid Əhmədov çıxışında illərdir onu narahat edən məsələyə diqqət çəkdi: “Biz ötən iclaslarda bir neçə qanun layihələri ilə bağlı məsələlər qaldırmışıq, təşəbbüslə çıxış etmişik. Çox təəssüf olsun ki, bir neçə il keçməsinə baxmayaraq, bu məsələlərin gündəliyə salınmasına nail olmamışıq. Bunlardan biri Rəqabət Məcəlləsidir. Xahiş edirəm, məsələ gündəliyə salınsın”. V.Əhmədov vacib saydığı ikinci məsələyə diqqət çəkərək dedi ki, təhsil kreditləri barədə təşəbbüslə onun deputat həmkarı Əli Məsimli çıxış edib: “Bu yaxınlarda eşitdik ki, Təhsil Nazirliyi qanun layihəsi hazırlayır. Hazır qanun layihəsi var, onun üzərində işləyib qəbul etmək olar. Təhsil kreditlərinin verilməsi çox vacibdir. Qəbul olunmuş bir sıra tələbələr instituta getmirlər, çünki ödəniş yüksəkdir” . V.Əhmədov əlavə etdi ki, bank sistemindəki vəziyyətlə bağlı da addımlar atılmalıdır. Deputat ölkə prezidentinin bank sisteminin sağlamlaşdırılması ilə bağlı çox ciddi fərman imzaladığını dedi. Lakin qeyd etdi ki, əhalinin bank faizləri dövlət tərəfindən ödənildikdən sonra da problemlər qalır. Deputat dedi ki, bank kreditlərinin faizi yüksəkdir: “Faktiki olaraq bank sistemi iqtisadiyyatımızın inkişafında iştirak etmir”.
Deputat Əli Məsimli də bildirdi ki, beynəlxalq təcrübədə imkanı olmayan şəxslərə 1,2 3 faizlə, 20 illik təhsil kreditləri verilir: “Bu təcrübədən istifadə olunsa, həm ailələrin rifahına yüksək təsir göstərər, həm də təhsilin keyfiyyətinə. Bu zaman gənclərimiz təhsildən uzaqlaşmaz”.
Ə.Məsimli istehlak kreditləri haqqında qanun layihəsini hazırlayıb təqdim etməyi də zəruri saydı. Bildirdi ki, bu qanun layihəsini banklar hazırlasa, onlar öz maraqlarından çıxış edəcəklər: “Bununla bağlı ayrıca qanun layihəsi hazırlansın, ya da ki, Mülki Məcəlləyə ayrıca bənd əlavə olunsun. Banklar real sektora daha yaxın olmalıdır. Prezident İlham Əliyevin sosial paketi 4 milyon nəfəri əhatə edib. Düşünürəm ki, bu siyasət davam etdirilməlidir”.
Spiker Oqtay Əsədov dedi ki, belə bir qanun layihəsi Milli Məclisə daxil olmayıb: “Hər dəfə məsələni qaldırırsınız. Amma bizə gəlib çıxmayıb qanun layihəsi. Göndərin gəlsin!”
Deputat Qüdrət Həsənquliyev əvvəlcə işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı qanunun qəbul olunmasını təklif etdi. “Biz işğal altındakı ərazilərimizdə qanunsuz məskunlaşan, ora investisiya qoyanlar barədə cinayət işi qaldırmalıyıq. Ancaq bu, qanunvericilik əsasında olmalıdır”, deyən Q.Həsənquliyev Milli Məclisin plenar iclasından öncə deputatların fikirlərinin dinlənilməsi üçün daxili nizamnaməyə də dəyişiklik edilməsini vacib saydı.
Daha sonra deputat bir gün öncə Qarabağ qaziləri ilə Neft Şirkətinin təhlükəsizlik xidməti əməkdaşları arasında baş vermiş insidentdən bəhs etdi: “Biz dünən izlədik ki, bir qrup Qarabağ əlili Neft Şirkətinin təhlükəsizlik xidmətinin əməkdaşı ilə toqquşublar. Mən istərdim Baş Prokurorluq araşdırsın ki, bizim əlillər niyə belə aqressiv davranırlar? Bizim polisimiz kifayət qədər təmkinli davrandı. Amma yenə də əlillər çox aqressiv idi. Bəlkə ona görə ki, sökülən tikilinin yanındakı evlərin də sənədləri yox idi. Qarabağ əlilləri haqlı olaraq soruşurlar ki, niyə o evlər sənədsiz tikilə bilir, amma onların evləri yox? Düşünürəm ki, polisləri belə təxribatlara çəkmək lazım deyil. Polis də çoxlu qurbanlar verib”.
Deputat Tahir Kərimli dedi ki, parlamentdə daimi fəaliyyət göstərən Qarabağ komitəsi yaradılmalıdır və işğal olunmuş ərazilərlə bağlı qanun qəbul olunmalıdır: “1 dekabr 1989-cu ildə Ermənistan Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib, yəni təkcə Paşinyanın sərsəmləməsi məsələsi deyil. BMT işğalla bağlı öz vəzifələrini, BMT Nizamnaməsini yerinə yetirmir. O halda BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə tam ixtiyarı var. Bizim tamamilə ixtiyarımız var ki, işğal zonasında antiterror əməliyyatları aparaq və torpaqlarımızı azad edək. Mən Fərəc Quliyevlə tam razıyam, BMT-yə məktub göndərməliyik və xatırlatmalıyıq ki, ərazilərimizi azad etmək haqqımız var. Biz ermənini düşmən elan etməmişik, erməni bizi düşmən seçib. Ona görə də düşmənin cavabını sərt şəkildə verməliyik”. T.Kərimli Minsk Qrupunun fəaliyyətindən imtinaya çağırdı.
Komitə sədri Siyavuş Novruzov bildirdi ki, ümumilli lider Heydər Əliyevin zamanında Dağlıq Qarabağ komitəsinin yaradılması müzakirə olunub və dinmələr keçirilib. Komitə sədri dedi ki, ölkə prezidenti, Birinci vitse-prezident mütəmadı olaraq keçirdiyi görüşlərdə Qarabağ məsələsi ilə bağlı dövlətimizin prinsipial mövqeyini daim bəyan edir. Biz öz aramızda oturub nəyi müzakirə edəcəyik?" S.Novruzov T.Kərimlinin ATƏT-in Minsk Qrupu ilə bağlı fikirlərinə toxundu: “ATƏT Xalq Cəbhəsinin dövründə yaranıb. Əvvəlcə bu qurum ATƏM idi. Bu səlahiyyət ATƏM-ə məhz Xalq Cəbhəsinin dövründə verildi. O zaman bu səlahiyyətlər BMT-dən alınıb ATƏM səviyyəsinə verildi. Gərək vaxtında bu addımların qarşısı alınardı, görünür, alınmayıb”.
Deputat Qənirə Paşayeva enerji içkilərinin zərərlərindən danışdı. Xanım deputat enerji içkilərinin geniş yayılmasından narahatlığını ifadə etdi. Xanım millət vəkili təhsil kreditlərinin verilməsini zəruri saydı.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov enerji içkiləri ilə bağlı problemlərin olduğunu təsdiqlədi. Lakin bildirdi ki, bu məsələ ilə bağlı ictimaiyyət arasında maarifləndirmə işlərinin aparılması vacibdir: “Keçən dəfə bir məktəbdə idim. Gəlib mənə sual verirdilər ki, Ziyafət müəllim, enerji içkiləri niyə ziyandır?” Z.Əsgərov ardınca bir daha bildirdi ki, enerji içkilərinin ziyanlı olması haqqında maarifləndirmə işləri aparılmalıdır.
Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tələblərinə əməl edilmədiyini bildirdi və məsələyə nəzarətin artırılmasını zəruri saydı. “Qadağan olunmasına baxmarayaq, qapalı yerlərdə siqaret çəkməyə davam edirlər”, deyən M.Quliyev qanunun tələblərini xatırlatdı: “Qanun qapalı yerlərdə siqaret çəkməyi qadağan etsə də, bu gün hələ də qapalı məkanlarda siqaret çəkənlər var. Parlamentin bu məsələyə müdaxilə etməyə səlahiyyəti yoxdur. Ancaq biz müvafiq qurumların diqqətinə çatdırmalıyıq ki, bu məsələni nəzarətə götürsün”.
Deputat Əflatun internet media ilə bağlı təkliflərini səsləndirdi: “Baxın, bu gün internet media orqanlarının sayı çoxalır. Bu vəziyyətdə onların kütləvi informasiya vasitəsi kimi hüquqi statusu müəyyənləşməlidir. Yəni qanun müəyyən etməlidir ki, qəzet, jurnal, informasiya agentliyi ilə yanaşı, internet media orqanı da kütləvi informasiya vasitəsidir. Bu bizə gələcəkdə imkan verəcək ki, internet media orqanları ilə əlaqədar məsuliyyət kateqoriyalarını dəqiqləşdirək. Üstəlik, müəyyən texniki məsələlər var. Tutalım, bir qəzetin KİV sayılması üçün onun tirajı, yayımı və sair məsələlər əsas götürülür. İnternet media ilə bağlı biz hansı parametrləri nəzərə alaq? Hesab edirəm ki, qanun bu sayaq məsələlərə də aydınlıq gətirəcək. Onu da nəzərə alaq ki, bu gün ictimai rəy əsasən internet media orqanları üzərindən formalaşır. Belə olduğu təqdirdə bu KİV-lər nə üçün dövlət dəstəyindən faydalanmamalıdır? Əlbəttə, onların potensialı cəmiyyət üçün maraq kəsb edən məsələlərə yönləndirilməlidir. Hesab edirəm ki, internet medianın hüquqi statusunun müəyyənləşdirilməsi bu sayaq məsələlərə də aydınlıq gətirəcək”. Deputat informasiya təhlükəsizliyi ilə bağlı da ayrıca dövlət sənədinin qəbulunu da vacib saydı.
Deputat Elmira Axundova da öz növbəsində medianın problemləindən bəhs etdi. O, KİVDF-nin yeni mediaya dəstək verməsini təklif etdi: “Media qurumlarının reklam məsələsi barədə ciddi düşünülməlidir ki, jurnalistlər informasiya savaşında töhfələrini verə bilsinlər”.
“Polisə səlahiyyət vermək lazımdır ki, şübhələndiyi şəxsi küçədə saxlaya bilsin, üstünü yoxlasın ki, bıçaq var ya yox. Onda bıçaqlaşma da olmayacaq”.
Bu təklifi isə deputat Aqil Abbas səsləndirdi. Baş verən bıçaqlanma hadisələrinə diqqət çəkən deputat bildirdi ki, məsələ ilə bağlı qanunvericilik istiqamətində addım atılmalıdır: “Yəni polis kimisə saxlayanda, mətbuat ayağa qalxmasın ki, belə hallar baş verir. Belə olan halda, bıçaqlaşma da, ölüm halları da olmayacaq. 4 santimetrdən kiçik olan bıçaqlar ölüm hallarına gətirib çıxartmır”.
Plenar iclasda “Ələt Azad İqtisadi Zonası haqqında” Qanuna dəyişiklik müzakirəyə çıxarıldı. Valeh Ələsgərov dəyişikliyin mahiyyəti barədə məlumat verdi və qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edildi.
Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi də müzakirəyə çıxarıldı. Layihəyə əsasən, Azərbaycanda uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar müəyyənləşib. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən 150 metrdən az olan məsafədə yayılmasına görə fiziki şəxslər 500 manatdan 1000 manatdək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatədək məbləğdə cərimə ediləcəklər.
Deputat Qüdrət Həsənquliyev reklam haqqında qanunun pozulması, məktəblərə yaxın əarzilərdə yerləşən ticarət obyektlərində siqaretin reklam olunduğu barədə konkret faktlar söylədi.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olundu.
Milli Məclisin plenar iclasında “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalının təsis olunması ilə əlaqədar qanunvericiliyə dəyişiklik edildi. Komitə sədri Əli Hüseynli layihə barədə məlumat verdi:”AXC-nin 100 illiyi ilə bağlı keçən il başlanan silsilə tədbirlər bu il də davam edir. BDU Xalq Cümhuriyyəti dövründə yaradılmış ilk təhsil ocağı idi. Bu təhsil ocağından yüzlərlə alim və mütəxəssislər çıxıb. BDU-nun yubiley medalının təsis edilməsi bizim o dövrə verdiyimiz dəyərin göstəricisidir".
Deputat, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı tarixi, milli toponimlərimizin dəyişdirilməsinin qarşısını almağa çağırdı. “Sanki kimlərsə bizim tarixi toponimlərimizi məqsədli şəkildə dəyişdirib, onların kökünü itiriblər. Bunu kim edir, nə üçün edib?”, deyə, tarix elmləri doktoru sual etdi. M.Qasımlı bununla bağlı çoxlu misallar gətirə biləcəyini vurğuladı: “Sadəcə, birini söyləmək istəyirəm: Yardımlının Alar kəndi var, Sibirdən tutmuş Balkanlara qədər bir çox yerlərdə Alar adında toponim var. Bu adı kimlərsə dəyişib, niyə dəyişib, bilinmir. Heç kim də bu barədə danışmayıb. Biz bir dəfə də hökumətin hesabatında bu haqda danışmışdıq. Bu toponimin kökü, tarixi var. Hesab edirəm ki, bu məsələlərdə qayda-qanun yaradılmasının zamanı çatıb”.
Qeyd edək ki, bir neçə gün əvvəl “Yeni Müsavat”da dərc olunan geniş materialda Alar kəndinin Allar adı ilə əvəzləndiyi barədə ətraflı məlumat verilmişdi.
Elşad PAŞASOY,
“Yeni Müsavat”






