İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin komitəsində ombudsman müzakirəsi keçirildi

1792 23.11.2019 09:20 Ölkə A A

3 xanım namizədlə bağlı layihə parlamentin plenar iclasına tövsiyə olundu

Noyabrın 22-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb.

Bu vəzifəyə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsindən üç xanımın namizədliyi irəli sürülüb. Ombudsmanlığa namizəd 1980-ci il təvəllüdlü Əliyeva Səbinə Yaşar qızı 3-cü dərəcəli Dövlət müşaviridir. İxtisasca hüquqşunas olan Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. O, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Digər namizəd Abıyeva Kəmalə Nəbi qızı 1979-cu il təvəllüdlüdür. O, Apellyasiya Məhkəməsinin sədri müavinidir. 2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Abıyeva daha sonra BDU-da magistratura səviyyəsində təhsil alıb. 2000-2006-ci illərdə İqtisad Məhkəməsində məhkəmə iclas katibi, 2006 - 2008-ci illərdə isə Ali Məhkəmədə məsləhətçi, məhkəmə iclas katibi vəzifələrində çalışıb. O daha sonra Ali Məhkəmədə hakim köməkçisi, 32 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi olub. 2013-cü ildə hakim kimi Bakı Apellyasiya Məhkəməsinə gələn Kəmalə Abıyeva 2018-ci ildə sədr müavini təyin olunub.

Üçüncü xanım namizəd Kəmalə Əliyeva isə Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir. 1980-ci il təvəllüdlü Kəmalə Əliyeva da BDU-nun Hüquq fakültəsinin məzunudur. O, 2015-ci ildən hazırkı vəzifəsindədir.

Məsələ komitənin iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunacaq. Parlamentin plenar iclası isə noyabrın 25-də keçiriləcək.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin müavini Səbinə Əliyeva Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun həyat yoldaşıdır. Ancaq S.Novruzov bu mövzu barədə “Yeni Müsavat”a danışmaq istəməyib.

Xatırladaq ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edir. E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Prosedura uyğun olaraq namizədlərlə bağlı müzakirələr aparılıb. Bundan sonra məsələ komitənin iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub. Parlamentin plenar iclası noyabrın 25-də keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı dəyişdirilib. İclasın vaxtı noyabrın 26-dan 25-nə keçirilib. İclasda 2020-ci ilin büdcə zərfinə daxil olan sənədlər II oxunuşda müzakirəyə çıxarılacaq. Bunlar “2020-ci il dövlət büdcəsi haqqında”, “2020-ci il üçün yaşayış minimumu haqqında”, “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələridir.

Modern.az-ın əldə etdiyi məlumata görə, iclasın vaxtının dəyişdirilməsinə səbəb var.

Belə ki, noyabrın 26-da Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi təntənəli şəkildə qeyd olunacaq. 100 illiklə bağlı rəsmi və ziyafət tədbirlərinə Milli Məclisin deputatları da dəvətlidir.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR