Deputatlar yeni dəyişiklikləri konstitusiyaya əsaslanan dəyişikliklər sayır
Yanvarın 17-də Milli Məclisin daxili nizamnaməsinə dəyişikliklər prezidentin imzası ilə qüvvəyə minib. Yeniliklərin birinə görə, fasilədən sonra Milli Məclisin iclasında üzrsüz səbəbdən qeydiyyatdan keçməyən deputat həmin iclasda iştirak etməmiş hesab edilir.
Dəyişikliyə əsasən, aparıcı komitənin tapşırığı ilə Milli Məclisin Aparatı qanun layihələrinin ictimai dinləmələrini və ictimai müzakirələrini təşkil edir. İctimai dinləmə və ictimai müzakirə komitə iclası ilə birlikdə keçirilə bilər. İctimai dinləməyə və ictimai müzakirəyə dəvət edilən şəxslər ictimai dinləmənin və ya ictimai müzakirənin keçirilməsi tarixi barədə azı 5 gün əvvəl, təcili elan edilən qanun layihələri ilə bağlı isə azı 3 gün əvvəl xəbərdar olunurlar.
Başqa bir yeniliyə əsasən, deputat dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla); səsvermə hüququnu şəxsən həyata keçirmədikdə; qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda Milli Məclisin sədri həmin deputat haqqında məsələni intizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə mandatından məhrum edilməsi nəzərdə tutulan deputatın iştirakı ilə iki həftə müddətində baxıb müvafiq rəy qəbul edərək Milli Məclisin sədrinə təqdim edir. Pozuntu halları rəydə öz təsdiqini tapdıqda Milli Məclisin sədri intizam komissiyasının həmin deputatın mandatdan məhrum edilməsi barədə rəyini Mərkəzi Seçki Komissiyasına göndərir.
Milli Məclisin sədri əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi və ya fəaliyyət qabiliyyətsizliyi səbəbindən səlahiyyətləri itirilən deputat barəsində tibbi-sosial ekspert komissiyasının rəyini və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Milli Məclisin növbəti iclasında müzakirəyə təqdim edir. İclasda iştirak edən deputatlar yalnız deputatın səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli bildirdi ki, Milli Məclisin daxili nizamnaməsinə dəyişikliklər - "Deputatların etik davranış qaydaları haqqında" qanunun qəbulu müsbət bir haldır: “Etik davranışa görə məsuliyyət məsələsi artıq referendum nəticəsində konstitusiyada öz əksini tapıb və buna uyğun olaraq da qanun hazırlanmalı idi.

Qanuna yeni əlavələrə görə deputat etik davranış qaydalarının pozulmasına görə parlamentdən xaric oluna bilər. Biz görürük ki, dünyanın bir çox ölkələrində deputatlar arasında dava-dalaşlar da olur. Buna görə hansısa hüquqi məsuliyyətə cəlb olunmurlar. Hətta normada belə bir şey var ki, deputat Milli Məclisdə etdiyi çıxışlara görə məsuliyyət daşımır. İndi isə yeni qəbul edilən qanunda deputatın etik davranış qaydasını pozduğuna görə parlamentdən xaric olunması var.
Ancaq bu məsələ Konstitusiyaya salınıbsa, başqa çarəmiz yox idi, qanunda dəyişiklik edilməli idi və edildi. Yəqin ki, artıq qanun qüvvəyə mindiyi üçün bundan sonra deputatlar da yeni qaydalara uyğun davranacaqlar. Çünki qanun qəbul olunubsa və təsdiqlənibsə, bizim vəzifəmiz ona əməl etməkdir".

Deputat Fazil Mustafa isə bildirdi ki, əslində deputatların statusu ilə bağlı kifayət qədər aydın müddəalar mövcuddur. Orada hər hansı bir şəkildə inzibati tənbeh tədbirləri, mandatdan məhrum edilmənin şərtləri var. Sadəcə, Konstitusiyaya etik davranış qaydaları ilə bağlı maddə salındı. Ona görə də onu əsaslandırmaq üçün qanuna məlum əlavələr edildi: “Konstitusion normanı əsaslandırmaq üçün qanun qəbul olundu. Qanun layihəsi Milli Məclisdə müzakirə edildiyi dövrdə biz dəyişikliklərə və əlavələrə öz ətraflı münasibətimizi bildirmişik, məsələnin müsbət və mənfi tərəflərini o zaman qeyd etmişik. Artıq qanun qəbul edilib və qüvvəyə minib”.

Milli Məclisin komitə sədri Siyavuş Novruzov qanunlara edilən dəyişikliklərlə bağlı narahatlığın olmadığını bildiri: “Etik davranış qaydası belədir ki, kim özünü etik qaydada aparmayacaqsa, o narahat olsun. Öz davranışlarına nəzarət edən insan narahat olmamalıdır. Əgər qanun qəbul olunubsa və qüvvəyə minibsə başqa fikirlər bəhanədir. Ay səlahiyyət alınır, nə bilim nə olur, yox, belə deyil.
Hələ mən İntizam komissiyasının sədri olan dövrdə görürdüm ki, müəyyən deputatlar Milli Məclisin iclasında iştirak etmir, yaxud günün birinci yarısı gəlir, ikinci yarısı gəlmir. Siyahılarını götürürdüm, bir gün özləri ilə söhbət aparırdım. Bunları ictimailəşdirmirdik, amma Daxili Nizamnamənin tələbləri qaydasında məsələyə qiymət verirdik. İndi isə bu, zərurətə çevrildi və dünya təcrübəsində olan qaydalar bizdə də təsdiq olunur. Burada parlamentə heç bir təhlükə yoxdur. Burada parlamentin hər hansı səlahiyyətinə toxunulmur".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






