İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis ombudsman və deputatların maaş artımı ilə bağlı qərar verdi

1290 05.05.2018 09:30 Ölkə A A

Əlillərin müavinətlərinin azlığı isə etirazlara səbəb oldu; Deputat Qüdrət Həsənquliyev: “Baş nazir və spiker 10 min, deputatlar 8 min manat maaş almalıdır”

Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru Vilayət Eyvazov: “2017-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər ilə əlaqədar 26 fakt aşkarlanıb...”

Mayın 4-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Komitə sədri Əli Hüseynli prezidentin parlamentə təqdim etdiyi bir Konstitusiya qanununu layihəsi, üç qanun layihəsini təqdim etdi. Bildirdi ki, sözügedən qanun layihələrində Ombudsmanın və Milli Məclis üzvlərinin əməkhaqqının 10 faiz artırılması nəzərdə tutulur.

Deputat Qüdrət Həsənquliyev söz alaraq çıxış etdi: “Əlbəttə, əməkhaqları artırılmalı idi. Amma sözün doğrusu, indiki artım yetərli deyil. Ona görə ki, ölkədə devalvasiya baş verib. Əmək haqları o həddə artırılmalıdır ki, insanlar başqa qazanc, gəlir mənbələri barədə düşünməməlidir. Azərbaycanda maaş, həmçinin deputatların əmək haqqı region ölkələri ilə müqayisədə aşağıdır. Azərbaycan prezidentinin əmək haqqı 15 min manatdır. Fikrimcə, baş nazir, spiker 10 min, deputatlar 8 min manat maaş almalıdır. Bəziləri düşünə bilər ki, bu, əlavə narahatlığa səbəb ola bilər. Mən belə düşünmürəm. Sadəcə, vətəndaşlarla əlavə iş aparmaq lazımdır”.

Q.Həsənquliyev bir sıra kateqoriyadan olan insanların, xüsusilə də həkimlərin əmək haqqının çox aşağı olduğunu bildirdi: “Bizdə niyə bu qədər dövlət xəstəxanası olmalıdır?”

Deputat ölkədə özəlləşdirmə ilə bağlı addımlar atmağa çağırdı: “Adicə küçə süpürən şəxslər də dövlət büdcəsindən əməkhaqqı alır”.

Spiker O.Əsədov da əməkhaqları arasında kəskin fərqin olmasının əleyhinə olduğunu bildirdi.

Bundan sonra qanun layihələri səsə qoyularaq qəbul edildi.

Daha sonra iclasda Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov 2017-ci il üzrə illik məlumatı təqdim etdi. Milli Koordinator dedi ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci ildə həyata keçirilmiş əməliyyat axtarış tədbirləri ilə 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər ilə əlaqədar 26 fakt aşkarlanıb, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, həmin cinayətlərin qurbanı olan 71 nəfər, o cümlədən 66 qadın və 5 kişi müəyyən edilib. V.Eyvazov bildirdi ki, qurbanların 68-i Azərbaycan Respublikası, 2-si Rusiya Federasiyası, 1-i Ukrayna vətəndaşı olub: “Onlardan 43-u istismar məqsədi ilə Türkiyə Respublikasına, 9-u Birləşmiş Ərəb Əmirliklərinə, 8-i Rusiya Federasiyasına, 5-i Malayziya, 4-ü Pakistan İslam Respublikasına aparılıb, 2 əcnəbi Azərbaycanda istismara məruz qalıb. İnsan Alveri və məcburi əmək faktlarına görə başlanmış cinayət işlərində 28-nin istintaqı tamamlanaraq 33 şəxs (25-i qadın, 8-i kişi) məhkəmə məsuliyyətinə verilib. Onlardan 29-u barəsində ittiham hökmləri çıxarılaraq 23 nəfəri şərti məhkum olunub, 5 nəfər azadlıqdan məhrum edilmiş, 1 nəfər barədə hökmün icrası təxirə salınıb. İnsan alveri cinayətləri törətdiklərinə görə axtarışa elan olunmuş 55 təqsirləndirilən şəxsdən 32-i və ya 58 faizi tutulub, o cümlədən İnterpola üzv ölkələrin ərazisində 2 nəfərin yeri müəyyən edilib”.

V.Eyvazov dedi ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən məcburi əmək faktlarının profilaktikası işində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də ölkədə olma və yanaşma qaydalarını pozan 20 min 285 əcnəbi müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi, o cümlədən 6 min 330 nəfərin ölkə hüdudlarından kənara çıxarılması olub: “Uşaq əməyinin istismarının qarşısının alınması məqsədi ilə ərazi polis orqanları tərəfindən keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 570 uşaq müəyyən olunub”.

Müzakirələr zamanı çıxış edən deputat Fazil Mustafa dedi ki, məhkəmələrin rolunu artırmaq üçün ciddi addımlar atmaq lazımdır. O bildirdi ki, məhkəmələrdə səsləndirilən ittihamlara, qəbul olunan qərarlara ciddi yanaşma olmalıdır: “Məsələn, AzTV-nin sədri Arif Alışanovu məhkəmədə adam öldürməkdə ittiham edirlər, heç kim reaksiya vermir. Bu, doğrudur, ya səhvdir, bilmirəm, amma məhkəmədə səslənən ittiham var ortada. Söhbət 5-10 manat oğurlamaqdan getmir, adam öldürməkdən gedir, özü də məhkəmədə səsləndirilən ittihamdan”.

Deputat Zahid Oruc bildirdi ki, daxili işlər orqanları hər zaman olduğu kimi, bu gün də dövlətin yanındadır. Həmçinin deputat Milli Koordinator Vilayət Eyvazovla bağlı da yüksək fikirlər söylədi. Z.Oruc bəzi şəxslərin ölkə vətəndaşlarını işçi qüvvə adı ilə xarici ölkələrə apardıqlarını, orada onların sənədlərini alıb, onları qurbanlara çevirdiklərini söylədi. Deputat bilərəkdən insan alveri qurbanına çevrilən adamlara qarşı da cəzaları sərtləşdirməyə çağırdı: “Fransada Azərbaycana qarşı söyüş kampaniyası aparan Vidadi İsgəndərli ilə bağlı həmin dövlətlərə xəbərdarlıq edilməlidir. Vidadi İsgəndərli Azərbaycanın dövlət adamları və övladlarına qarşı siyasi terror təşkil edəcəkləri ilə hədələyir. Hesab edirəm ki, Azərbaycanın Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bu insanların insan alveri təşkilatçıları olduğunu bildirməlidir. Eyni zamanda Azərbaycan tərəfi bu adamlara sığınacaq verən ölkələrə bildirməlidir ki, siz bu şəxslərdən Azərbaycana qarşı siyasi istismar kimi istifadə edirsiniz”.

Deputat Fəzail Ağamalı da Milli koordinatorun məlumatını yüksək dəyərləndirdi. “Çox yaxşı haldır ki, insan alverinə qarşı mübarizədə daxili işlər orqanları QHT-lər, mətbuat öz işini qurub, bu, çox müsbət haldır. Milli Koordinatora bu fəaliyyətinə görə öz təşəkkürümü bildirirəm”. F.Ağamalı turistlər arasında bu və ya digər ölkələrin “tör-töküntüləri”nin olduğunu da bildirdi: “Belə şəxslər dərhal ölkədən deportasiya olunmalıdır”.

Bəzi saytlarda ədəbsiz görüntülərin yer aldığını da vurğuladı: “Biz reklam haqqında qanunda da dəyişiklik etməliyik və bu biabırçılıqqların qarşısını almaq üçün addımlar atılmalıdır”.

Deputat Sahib Alıyev çıxışına Azərbaycan parlamentinin ilk spikeri olan Əlimərdan bəy Topçubaşovu anadan olmasının 155 illiyi münasibətilə sayğı çıxışı etdi. Daha sonra Milli Koordinatorun məlumatından bəhs etdi: “Quldarlıq dövründə insan haqları qurbanlarının sayı 12 milyon olub. Amma BMT-nin hesabatına görə, indi insan haqları qurbanlarının sayının 40 milyon olduğu bildirilir”. S.Alıyev insan alveri qurbanları ilə bağlı vəziyyətə diqqət çəkdi.

Deputat Siyavuş Novruzov xaricdə Azərbaycana qarşı fəaliyyət göstərənlərin ekstradisiya olunması ilə bağlı addım atmağa çağırdı: “Avropada Azərbaycanın əleyhinə bir qrup insan çıxış edir. Dəfələrlə demişəm ki, bunun qarşısı alınmalıdır. Həmin insanlar xaricdən Azərbaycana gətirilməlidir. Onlar qanun qarşısında cavab verməlidirlər”. Sonda o, Milli Koordinatorun hesabatını müsbət qiymətləndirdi və səsə qoyaraq qəbul olunmasını təklif etdi. Onun təklifindən sonra məruzə səsə qoyuldu və qəbul edildi.

milli məclis ile ilgili görsel sonucu

Gündəlikdəki digər məsələlərin müzakirəsi zamanı deputatlar telekanalların reklam siyasətini tənqid etdilər. Deputat Elmira Axundova Milli Məclisdə bezdirici mesajlarla bağlı məsələ qaldırdı: “Mobil telefon istifadəçilərinin razılığı olmadan onlara bezdirici reklamların göndərilməsi problemi qalmaqdadır. Halbuki, biz bunu da həmin qanunla qadağan etmişik. Ona görə mən yenə də qanunlarımızın icrasına görə nəzarət mexanizmlərinə diqqət yetirmək istəyirəm. Müvafiq orqanlardan tələb etmək lazımdır ki, müvafiq qanunlarımızın icrasına nəzarəti gücləndirsinlər”.

Deputat Çingiz Qənizadə televiziya kanallarında həkim və dərmanların reklamına qarşı çıxdı. O dedi ki, həkimlərin və dərmanların televiziya kanallarında kortəbii reklamına yol vermək olmaz. “Özümüzü zay həkimlərdən qorumalıyıq. Nə qədər tv-də həkimlərin reklamını etmək olar? Hələ bu azmış kimi artıq telefonlar vasitəsilə də insanları özlərinə cəlb etməyə çalışırlar. Televiziya kanallarında dərmanların təbliği və reklamına yol vermək olmaz”. Ç.Qənizadə qeyd etdi ki, televiziya kanallarında müxtəlif verilişlər var ki, orada həkimlərin və dərmanların kütləvi şəkildə reklamları aparılır. “Bunun qarşısı alınmalıdır. Çünki insanlar buna görə həm maddi, həm mənəvi narahatlıq keçirirlər. Çox təəssüf ki, televiziya kanallarında sosial reklamlar ümumiyyətlə yoxdur. Səhiyyə Nazirliyi bununla bağlı reaksiya verməlidir. Dərman və həkimlərin kortəbii reklamının qarşısının alınması istiqamətində təkliflər verməlidir”.

Deputat Zahid Oruc telekanallardakı reklamlara diqqət çəkdi. Dedi ki, “Sobsan” adlı boyanın reklamında dahi Azərbaycan şairi Nizami Gəncəvi nümayiş olunur: “Nizami Gəncəvinin adını gətirib bu şəkildə əskiyə bükmək olmaz”.

Deputat Aqil Abbas isə telekanallarda dərman reklamı ilə məşğul olan “həkimlər”dən bəhs etdi və belə şəxslərə efir vaxtının ayrılmasını doğru saymadı. Həmçinin dedi ki, bizim tənqidlərimizin elə parlament divarları arasında qalmaması üçün addımlar atılmalıdır.

Deputat Hikmət Məmmədov dedi ki, qanunların təşviqi ilə məşğul olmaq lazımdır. Təklif etdi ki, Milli Məclisin televiziyası yaradılsın. “Bəzən biz vaxt çatışmazlığından, ya başqa səbəbdən biz qanunları tam mənimsəmədən qəbul edirik”.

Deputat Siyavuş Novruzov isə dedi ki, “Reklam haqqında” qanuna uyğun olaraq nəyisə reklam etmək televiziyanın hüququdur. “Azərbaycanda analoqu olmayan məsələ var. İldə iki dəfə vətəndaşların pulsuz müayinədən keçmək hüququ var. Ölkədə 600 diaqnostika mərkəzi, xəstəxanalar tikilib. Get, müayinə olun, həkim resept yazsın, müalicə al. Amma televiziyalar reklamla maliyyələşir, onlara demək olmaz ki, sən hansısa həkimi, ya dərmanı reklam eləmə”.

Birinci vitse-spiker Ziyafət Əsgərov qanunların təbliğ olunmamasından bəhs etdi və jurnalistləri də qınadı: “Ay qardaş, gəlib oturmusunuz burda, akkreditasiya olunmusunuz, sizin işiniz Azərbaycan Milli Məclisinin qanunlarını təbliğ etməkdir. Yoxsa gözləyirlər ki, bir insident olsun, ondan yazsınlar”.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirəyə komitə sədri Hadı Rəcəbli təqdim etdi.

milli məclis ile ilgili görsel sonucu

Deputat Qüdrət Həsənquliyev əlillərin mənzillə təmin olunmasında mövcud olan problemlərdən bəhs etdi: “Mən iclasdan qabaq nazirliyin saytına baxdım. Rəsmi statistikaya görə, ölkədə 620 min əlil var, onların 72 mini 18 yaşına çatmamış şəxslərdir. 5731 əlil 2018-ci ilin sonuna qədər evlə təmin olunmalıdır. Həmkarım Fazil Mustafa da dedi ki, əgər qanunlar icra olunmursa, biz onları niyə qəbul edirik. Əgər dövlətin imkanı yoxdursa ki, əlilləri ilin axırına qədər evlə təmin edə bilmirik, onda niyə qəbul edirik? Qoy nazirliyin nümayəndəsi desin ki, indiyə qədər nə qədər əlil evlə təmin olunub, ilin axırına qədər 5731 əlil evlə təmin olunacaqmı? Biz bu illərdə Qarabağ əlilləri və şəhid ailələrinin mənzillə təmin olunmaları üçün 27 milyon manat vəsait ayırmışdıq, amma bu vəsait olduqca azdır”.

Deputat Əli Məsimli dedi ki, əlil, ayağı olmayan insanları 3-5 ildən bir müayinədən keçirirdilər, artıq bu, aradan qalxdı. Amma yenə də əlilliyin alınması ilə bağlı süründürməçilik var. Deputat əlillərin müavinətinin  aşağı olduğunu bildirdi: “Onlar heç olmasa 300 manat alsalar, bu, onların dərmanlarına çatar”.

Deputat Qənirə Paşayeva Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş insanlarla bağlı təkliflərini səsləndirdi.

Deputat Musa Quliyev isə əlilliklə bağlı mövcud problemlərdən bəhs etdi: “37 min 700 nəfərə imtina cavabı verilir və vətəndaş da bunun səbəbini bilmir. Korrupsiya ilə mübarizə aparaq, bunun yolları çoxdur. Vətəndaşın hətta məhkəmə qərarından şikayət etmək hüququ var, amma əlilliklə bağlı cavabdan şikayət hüququ yoxdur. Vətəndaşı, əlili görmədən necə onunla bağlı qərar verilə bilər? Ona görə də qanunvericiliyə bununla bağlı əlavələr etməliyik”.

Deputat Məlahət İbrahimqızı isə dedi ki, əlil uşaqlar 18 yaşından sonra təhsil haqqından azad deyil, bu da insanlarımızı ciddi narahat edir. “Həmçinin iki valideynini itirən uşaqlar təhsil haqqından azad olsa da, bir valideynini itirən uşaqlar təhsil haqqından azad deyil. Ölkədə belə uşaqların sayı 100-dən çox deyil. Mən əminəm ki, cənab prezidentin xəbəri olsa, humanist addım atar” - deyə, deputat bildirdi. M.İbrahimqızı bir neçə şəhid vermiş ailələrlə bağlı da təkliflər verdi.

Sonda əmək və əhalinin sosial müadafiəsi nazirinin müavini Natiq Məmmədov suallara cavab verdi və qanun qəbul edildi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR