İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis müzakirələrində Vətən savaşı mövzusu

1095 07.11.2020 08:50 Gündəm A A

Hərbçilərin ictimai nəqliyyatdan pulsuz istifadəsi, tərxisdən sonra ödənişsiz müayinə və müalicəsi barədə təkliflər verildi...

Noyabrın 6-da  Milli Məclisin  növbəti plenar iclası  keçirildi.  Milli Məclisin Sədri Sahibə Qafarova  giriş nitqində bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun və xalqımızın Qarabağ uğrunda qurtuluş savaşı həlledici mərhələyə daxil olub.

Spiker qeyd etdi ki, erməni vandalizminin dəhşətlərini yaşamış torpaqlarımızın böyük bir hissəsi uğurlu hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilib: “Bu gün Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərində, 3 qəsəbədə, 200-dən çox kənddə yenidən Azərbaycan bayrağı dalğalanır”.  

S.Qafarova qeyd  etdi ki, Azərbaycan Ordusu özünün möhtəşəm qələbələri ilə dünya hərb tarixinə yeni  şanlı səhifələr yazır: “Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapır. Hərbi əməliyyatların aparıldığı 1 ay 10 günlük müddət göstərir ki, Azərbaycan Ordusu mümkün olmayanı etməyə qadirdir. Düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətləri yarılıb, Ermənistanın hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələri sıradan çıxarılıb. İşğalçı qüvvələrə ağır zərbələr endirilir, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilir”. Sədr xalqımızın haqq işinə göstərilən beynəlxalq dəstəyin artdığını, qədim Qarabağ torpağında Xeyirlə Şərin qarşı-qarşıya gəldiyini getdikcə daha çox insanın dərindən anladığını  vurğuladı. Qeyd  etdi ki, tarixin yanlış tərəfində yer tutan erməni şovinizmi öz havadarları ilə birlikdə bir əsrdən artıq dövrdə xalqımıza qarşı apardığı informasiya müharibəsində sarsıdıcı zərbələr alır. “Azərbaycan Prezidenti İlham Əliyevin, demək olar, hər gün xarici ölkələrin mötəbər kütləvi informasiya vasitələrinə müsahibələr verməsi, bölgədə cərəyan edən hadisələr, dövlətimizin beynəlxalq hüquqa əsaslanan mövqeyi barəsində məlumatları dünya ictimaiyyətinə çatdırması, erməni faşizminin insana zidd mahiyyətini ifşa etməsi bu baxımdan müstəsna və həlledici rol oynayır”, - spiker bildirdi. 

S.Qafarova Azərbaycanın haqq işi uğrunda mübarizə aparan, bütün vasitələrdən istifadə edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyini söyləyən ölkə prezidentinin yorulmaz və məqsədyönlü fəaliyyətinin hər kəsə, o cümlədən deputatlara nümunə olduğunu xüsusilə vurğuladı: “O əmin olduğunu bildirdi ki, Azərbaycan Ordusunun zəfər yürüşünün uğurla başa çatacağı gün uzaqda deyil. Tezliklə Azərbaycan bayrağı Qarabağın incisi və tacı olan Şuşada, Laçında, Xankəndində, digər şəhər və kəndlərimizdə yüksələcək”.

Spiker  fikirlərini “Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!” şüarları ilə yekunlaşdırdı və deputatlar alqışlarla qarşılıq verdilər.

Gündəliyin təsdiqindən sonra deputatlar cari məsələlər barədə fikirlərini açıqladılar.

Deputat Azər Badamov Qarabağ döyüşlərinin qəhrəmanlarının elə döyüş meydanlarında mükafatlandırılmasını təklif etdi. Həmçinin koronavirus təhlükəsilə bağlı fikirlərini söylədi.

Komitə sədri Zahid Oruc Ermənistanın terrorçu mahiyyətini ifşa edən fikirlər söylədi.

Deputat Erkin Qədirli səfərbərliyə alınmış şəxslərin övladları, ailə üzvləri tərəfindən edilən müraciətlərə diqqət çəkdi. Millət vəkilinin sözlərinə görə, onlar xahiş edirlər ki, ailə başçıları səfərbərliyə alındıqları dönəmdə bank kreditləri dondurulsun. “Xahiş edirlər ki, o bank kreditləri silinməsin, sadəcə dondurulsun. İnşallah, onlar qayıdandan sonra bank kreditlərini ödəyərlər. Özü də nəinki faiz və cərimə, əsas borc da dondurulsun. Səfərbərliyə alınanların buna mənəvi və hüquqi haqqı çatır”, - E.Qədirli əlavə etdi. Deputat bildirdi ki, Vətən borcunu yerinə yetirənlər başqa borclar, bank kreditləri, yaxud valideynlərinə, övladlarına kimlərin baxacağı barədə düşünməməlidir.

Deputat Fazil Mustafa ordumuzun uğurlu hərbi əməliyyatları barədə danışdı. “Amma bir şeyi unutmamalıyıq ki, bölgəmizdə Ermənistan adında dövlət qalacaq və bizi öz terrorçu hərəkətləri ilə məşğul edəcək”, - deyə millət vəkili əlavə etdi. Bildirdi ki, ona görə də gələcəkdə Ermənistanın yarada biləcəyi problemlərin qarşısını almaq barədə düşünməliyik. F.Mustafa qeyd etdi ki, bu günlərdə Iğdır bələdiyyəsi Ağrı dağını Azərbaycan və Türkiyə bayrağı ilə işıqlandırılacağını deyib. Biz ermənilərin “Ararat dağı” ideyasını göz dağına çevirməliyik və Ermənistanı mənəvi basqı altında saxlamağı bacarmalıyıq".

F.Mustafa bir məsələyə də diqqət çəkərək dedi ki, bu, ikinci yox, üçüncü Qarabağ savaşıdır. “Biz bütün məsələlərdə Cümhuriyyət varisliyini qorumalıyıq. Cümhuriyyət dövründə Azərbaycan ordusunun əsas hissələri Qarabağda savaş aparırdılar. Bu, bizim üçüncü Qarabağ savaşımız kimi qeyd olunmalıdır”.

Deputat ölkə TV-lərinə də müraciət etdi: “Bütün Türkiyə türkcəsindən, Anadolu türkcəsindən dublyajlar efirdən yığışdırılmalıdır!”

 

Deputat Əli Məsimli Qarabağdakı müqəddəs savaşdan bəhs edərkən bildirdi ki, Milli Məclis daxil olmaqla, bütün dövlət qurumları bir aylıq maaşını Silahlı Qüvvələrə Yardım Fonduna köçürüblər. O qeyd etdi ki, təkcə bir ay ərzində 100 milyon manatdan çox vəsait Fonda daxil olub. “Amma çox təəssüf ki, özəl sektor hələ bu prosesə qoşulmayıb”, - deyə Ə.Məsimli bildirdi. Millət vəkili döyüşçülərimizlə bağlı təkliflərini də səsləndirdi. Bildirdi ki, döyüşdə iştirak edənlərin ailələrinin də borcları varsa, bu istiqamətdə də düşünmək olar. Ə.Məsimli ad çəkməsə də, bəzi özəl şirkətləri tənqid etdi: “Azərbaycanda milyonlar qazanan şirkətlər ”Qarabağ Azərbaycandır" sözlərini yazmağa belə, cürət etmirlər. Qarabağ azad olunacaq, həmin şirkətlər indikindən qat-qat artıq qazanacaqlar. Belə olan halda onlar necə Azərbaycan xalqının üzünə baxacaqlar? Əgər birbaşa yardım edə bilmirlərsə, şəhid ailələrinə yardım göstərə bilərlər".

Deputat onu da dedi ki, Qarabağ azad olunandan sonra Vətən Müharibəsinə yaxından dəstək verən şirkətlərə üstünlük verilməlidir.

Digər deputatlar da çıxışlarında Azərbaycan cəmiyyətinin səfərbər olmasının, torpaqlarımızın işğaldan azad edilməsinin ölkəmizə  qürur yaşatdığını bildirdilər. Onlar  artıq informasiya müharibəsində də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  öndə olduğumuzu iftixar  hissi ilə qeyd  etdilər.

Əvvəlcə Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı sənədi üçüncü oxunuşda təqdim etdi. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək  və Ailə Məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verdi. Sənədə əsasən, Əmək Məcəlləsinə işçinin hüquqları və işəgötürənin vəzifələri sırasına işçilərin icbari tibbi sığortası ilə bağlı məsələlərin daxil edilməsi nəzərdə tutulub. Dəyişikliyə görə, əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar əks olunmalıdır. Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə isə bildirilir ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin maliyyələşdirilməsi “Tibbi sığorta haqqında” qanunun tələblərinə uyğunlaşdırılır. Qanun layihəsi ikinci oxunuşda təsdiq  edildi.

İclasda “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və digər qanun layihələri barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət  Əsgərov məlumat verdi. Bildirildi ki, tibbi sığortaya keçidlə əlaqədar icbari tibbi sığorta olunanlara tibbi yardım xidmətlər zərfində nəzərdə tutulduğu hallarda icbari tibbi sığorta haqları hesabına, digər hallarda isə dövlət büdcəsi hesabına göstəriləcək. Hazırda vətəndaş üçün pulsuz tibbi yardım kimi görünsə də, həmin yardımın dəyəri tibb müəssisəsinə dövlət büdcəsi hesabına ödənilir. Tibbi sığortanın tətbiqi isə tibb müəssisələrinin və tibbi yardımın maliyyələşdirilməsinin qaydasını da dəyişmiş olur. Z.Əsgərov sənədin  Milli  Məclisdə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun  təqdimatı ilə  birinci  oxunuşu  zamanı  və sonrakı müddətdə  qanun layihəsi ilə bağlı heç bir təklif və iradın  qeydə  alınmadığını vurğuladı.

Deputat Aqil Abbas hərbçilərin ictimai nəqliyyatdan ödənişsiz istifadə etməsi zərurətindən bəhs etdi. Bildirdi ki, sovet vaxtında bir sıra kateqoriyalar üçün güzəştlər mövcud olub. “Hərbçi hərbi geyimdə nəqliyyatdan istifadə edir, nəqliyyat vasitələri onlardan niyə pul istəməlidir ki? Həmçinin polis əməkdaşları xidmət başında olurlar, onların fəaliyyət sahəsi də bəllidir. Onlar nəqliyyatdan pulsuz istifadə etməlidirlər. Xüsusən hərbçilərə, özü də indiki zamanda əsgərlərimizə bu güzəşt mütləq edilməlidir”.

A.Abbas hərbçilərin xidməti başa vurandan, təqaüdə çıxandan sonra pulsuz tibbi xidmətdən yararlanmasını da zəruri saydı: “Qardaş Türkiyədə hərbçi təqaüdə çıxandan sonra dövlət xəstəxanalarından pulsuz istifadə edir. Bizdə bunu tətbiq etmək doğrudanmı çətindir? DİN-də polis işçiləri təqaüdə çıxandan sonra da onların poliklinikalardan, xəstəxanalardan pulsuz istifadə edirlər”. A.Abbas Nazirlər Kabinetinə müraciətlə hərbçilərə də eyni güzəştlərin tətbiq edilməsini xahiş etdi.

Sədr dedi ki, bu təkliflərə baxıla bilər.

“Hərbçilərə diqqət hər zaman olmalıdır və bu, Azərbaycanda var”. Bu fikirləri isə “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov söylədi. O dedi ki, həm polis, həm hərbçilər, həm DTX əməkdaşları həqiqi hərbi xidməti başa vurduqdan sonra qeydiyyatda olduqları poliklinikalardan pulsuz istifadə edə bilər. Amma onun sözlərinə görə, qeyri-dövlət şirkətləri ilə bağlı vəziyyət başqadır. Bununla belə, S.Novruzov bildirdi ki, deputat həmkarı Aqil Abbasın səsləndirdiyi təkliflərə baxmaq olar. S.Novruzov ordumuzun Qarabağdakı zəfərlərindən də bəhs etdi: “Bu gün bu proseslərin yeganə qəhrəmanı var - o da Ali Baş Komandandır. İstər beynəlxalq təşkilatlar, istərsə də məkrli qüvvələr qarşısında Ali Baş Komandan sinəsini qabağa verib. Əsgər, zabit hər zaman olub, amma onun rəhbəri olmayıb. İndi onun rəhbəri də var. Bu gün hər kəs çalışır, öz əməyini qoyur. Parlamenti sədri kimi siz beynəlxalq təşkilatlara müraciətlər edirsiniz, səfirləri qəbul edirsiniz, deputatlar efirlərə çıxırlar və s. Biz bu gün bu əməyi özümüzün reklamımıza çevirməməliyik. Döyüşü aparan əsgərin, Ali Baş Komandanın haqqına girməməliyik. Biz onların apardığı döyüşün nəticələrini ictimaiyyətə çatdıra bilərik”. 

Qanun layihəsi  səsvermə yolu ilə  ikinci oxunuşda təsdiqləndi.

Daha sonra iclasda “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi  birinci oxunuşda  müzakirə  edildi.  Sənədlə bağlı məlumat  verən Hüquq siyasəti  və dövlət  quruculuğu  komitəsinin üzvü Kamal Cəfərov  bildirib ki, qanun layihəsinin əsas  məqsədi  dövlət  qulluqçularının fəaliyyətinin düzgün qiymətləndirilməsi, onların potensial  imkanlarının aşkara çıxarılması, inkişafı  və səmərəli istifadəsidir. Layihədə əsas istiqamət dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi  qaydalarını  təkmilləşdirməkdir.  Qiymətləndirmə  müvafiq  icra  hakimiyyəti - Nazirlər  Kabineti  tərəfindən  aparılacaq.  Deputat bildirib ki, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə hər təqvim ilinin sonunda inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçiriləcək. Yekun qiymətin 50 faizi tapşırıqların icra vəziyyətinə,  40 faizi meyarlar əsasında,  10 faizi isə əmək intizamı əsasında qiymətləndirməyə əsaslanacaq. Dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi ilə razılaşmadıqda inzibati qaydada və məhkəmə qaydasında şikayət etmək hüququna malik ola biləcək. Sənədlə bağlı komitə  sədrləri Siyavuş Novruzov, Tahir  Mirkişili, komissiya  sədri Eldar Quliyev, millət  vəkilləri Fazil Mustafa, Elşad  Mirbəşiroğlu, Etibar Əliyev,  Erkin Qədirli   fikirlərini bildirdilər.

Qanun layihəsi  səsvermə yolu ilə   birinci oxunuşda  qəbul  edildi.

İclasın sonunda  Milli Məclisin Sədri qarşıdakı bayramlarla bağlı arzularını çatdırdı.  “Qarşıdan gözəl bayramlar gəlir. 9 noyabr Dövlət Bayrağı Günü, 12 noyabr Konstitusiya Günü və 17 noyabr Milli Dirçəliş Günüdür. Hesab edirəm ki, xalqımızın vətən müharibəsi apardığı bu günlər  xüsusi məna kəsb edir. Sizi, media nümayəndələrini və xalqımızı ürəkdən təbrik edirəm. Bütün işlərinizdə uğurlar arzulayıram”,- deyən S.Qafarova iclası yekunlaşdırdı.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR