İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli “Mandela”nın mandat illəti – Siyasət arenasının “yeni lideri”nin köhnəlməsi

1990 17.04.2023 18:40 Siyasət A A

Vaxtilə “Sədərək” yarmarkasının dükanları kimi bir-birinin ardınca açılan partiyaların eyni ardıcıllıqla bağlanması, daha dəqiqi, özlərini buraxması xəbərlərinin gəldiyi günlərdə ölkənin siyasi arenasında bir həyəcanlanma var.

Bəzi partiyalar özlərini buraxmaq istəmir və Ədliyyə Nazirliyinin tələblərini (yenidən qeydiyyata alınmaq üçün azı 5 min üzvün olmasına dair daşdan keçən sənədlər olmalıdır) yerinə yetirməkdən ötrü çalışıb-vuruşurlar. Onlar vaxtilə üzvlükdən qovduqları, küsdürüb uzaqlaşdırdıqları sıravi üzvləri yenidən partiyalarının çətiri altına qaytarmaq üçün dəridən-qabıqdan çıxırlar, amma bəzi sıravilər çətirin deşik-deşik olub su buraxdığını əsas gətirərək yenidən geri dönmək istəmirlər.

Bu günlərdə özlərini buraxanlar hökumətin ərki ötən partiyalardır. Vaxtında kimə mandat, ofis veriblərsə, dolanışıq üçün şərait yaradıblarsa, onlara yeni konyukturanın incəliklərini başa salırlar, onlar da ta neynəsinlər, görürlər ki, variant yoxdur, deyirlər, yaxşı özümüzü buraxdıq. “Biz özümüzü buraxmaq istəmirik” deyənlərə isə eyham olunur ki, onda gətirin 5 min üzvün partbiletini qoyun masanın üstünə, görək.

5 min üzv isə çölə tökülməyib. Hər möhürü, ştampeli olan partiyanın 5 min də yox, 500 üzvü olsaydı, nə vardı ki. Yoxdur. 50 üzvü tapıb düzəltmək belə zülm işdir.

real rəhbərlik 1576063210574.jpeg (53 KB)

Hələlik çox adam bu işlərin hara varacağını bilmir. Məqsəd nədir? Siyasi arenaya niyə süpürgə çəkirlər? Bu işin sonrasından çəkinmirlərmi?

Haqlı sual çıxacaq: “Hansı sonrasından?” Məsələn, ola bilər ki, ard-arda bağlanan partiyalar sonradan birləşərlər və ortaya sanballı qüvvə kimi çıxarlar.

Lakin hökumətdə belə bir əndişənin olduğu sezilmir. Çünki hazırda özünü buraxanların, buraxmağa hazırlaşanların, buraxmağa qarşı olanların potensialına və təbiətlərinə bələddirlər. Bilirlər ki, vaxtilə bir-birindən qopan, əvvəlcə qanadlara bölünən, sonra qanadlardakı lələklərə çevrilən, lap axırda lələklərin tükləri kimi yolunub ətrafa səpələnənlər heç vaxt heç vəchlə bir araya gəlməyəcəklər, gələ bilməyəcəklər.

Azərbaycanın siyasət meydanının acı reallığı, siyasətlə məşğul olanlarımızın xasiyyəti belədir. Burada həmişə parçalanma, bölünmə təmayülü güclü olub, nəinki birləşmə, böyümə.

Bəs axıra kim qalacaq? Əlbəttə, hökumətin “ənənəvi müxalifət”, “destruktiv müxalifət” adı qoyduğu qüvvələr sona qədər dirəşəcəklər, öz keçmiş üzvlərini toparlamağa çalışacaqlar ki, tələb olunan sayı düzəltsinlər.

Amma bəzi sonradan parlamış, bir müddət populyar olmuş, axırda isə xeyli sönükmüş partiyalar var ki, işləri çətin olacaq.

Dünən-srağagün elə partiyalardan birinin – ReAL-ın keçmiş üzvü sosial şəbəkədə sabiq partiyadaşlarına yanıq verə-verə yazmışdı ki, necədir vəziyyətiniz, imza toplaya, üzvlərinizin sayını artıra bilirsinizmi.

352732.jpg (99 KB)

Belə çıxır ki, ReAL-ın xışı kötüyə ilişib. 5-6 il qabaq isə belə deyildi. Daha dəqiqi, bu partiyanın şeypurunun səsi İlqar Məmmədov türmədə olanda bərk çıxırdı. Allah tərəfi, o zaman yeni yaranmış bu partiyaya gəncliyini yenicə və bir müddət əvvəl tamam eləmiş xeyli mütəxəssislər (hüquqşünaslar, iqtisadçılar, politoloqlar) yığışmışdılar, tez-tez iclaslar keçirirdilər, mətbuatda fəallıq göstərirdillər.

Ayrıca məhbəs həyatı yaşayan İlqar Məmmədovun hörməti çox qalxmışdı. Hətta onu Nelson Mandela ilə müqayisə edənlər vardı – türmədən çıxacaq, milli lider olacaq, hamını öz ətrafında birləşdirəcək, hakimiyyətə gələcək. Deyəsən, çox adam bunu ciddiyə alırdı.

Xarici qüvvələr “yeni alternativ güc”, “yeni xarizmatik lider” tapdıqları üçün sevinir, qrant boğçasının qaytanını açırdılar.

Müsavatçılar “ReAL”-ın gücüylə hesablaşır, onunla müttəfiq olmağa çalışırdılar.

Cəbhəçilər qısqanır, İ.Məmmədovu qaralayırdılar, deyirdilər, hökumət İ.Məmmədova türmədə ona görə təzyiq göstərir ki, onun nüfuzunu qaldırsın.

YAP-çılar onun ictimai rəydə və populyarlıqda AXCP-Müsavat tandemini üstələdiyindən məmnun qala-qala, həm də əndişələnirdilər ki, birdən doğrudan da “Mandela vaqiəsi” yaşanar.

İctimaiyyətin bitərəf, o biri partiyalardan diksinmiş, ortada qalmış, yeni lider axtarışına çıxmış siyasi fəal kəsimi “ReAL”-a münasibətdə özünü “axtardığını tapmış” durumda hiss edirdi.

Yalnız AMİP-çilər soyuqqanlıydılar, həyəcanlanmırdılar, özlərini “qazan deyir ki, dibim qızıldır, çömçə deyir ki, gəzib gəlmişəm” hikmətinə uyğun aparırdılar. Çünki İ.Məmmədov vaxtilə bu partiyanın sədrinin birinci müavini olmuşdu, sonradan ayrılmışdı və istiqlalçılar onun potensialına bələd idilər.

erkin.jpg (207 KB)

Bu hay-küy, ajiotaj ta İ.Məmmədov türmədən çıxana qədər davam etdi. Bəyin ilk müsahibələri Türkmənistandan qalxan və Xəzəri aşıb gələn toz dumanını seyrəldən leysan yağış effekti verdi. Məlum oldu ki, azadlıqda olanda sosial şəbəkə “dost”larının bir çoxunu hansısa tənqid və ya irad üstündə bloklayan Məmmədov həmin ampluasına sadiqdir. Həbsdən çıxandan sonra o, bu tendensiyanı davam etdirdi, “dost”larını azaltdı, ona qahmar çıxanları umsuq etdi, xoşuna gəlməyən suallara cavab vermədi, digər siyasi partiyaların liderlərinə acı cavab verdi, lazımsız intriqalara girdi və s.

Daha sonra xəbər çıxdı ki, ReAL hökumətlə danışıqlara gedir, konstruktiv olmaq istəyir. Nəhayət, bu xətt partiya funksionerlərinin açıqlamalarında özünü göstərdi, “ReAl”-çılar realist-realist açıqlamalar verdilər və bu, düşərgədəki digər müxaliflərin xoşuna gəlmədi. Qovğa başlandı. Daha sonra İlqar Məmmədov Avropa Məhkəməsinin əliylə hökumətdən bir ətək pul (234 min manat) uddu. Tam bir sərvət. Bədxahlar dərhal dedilər ki, bu ənamdır. Gün gəldi, partiya seçkiyə qatıldı, ən azı 5 mandata ümid edərkən, hökumət güzəştlə yalnız partiyanın liderlərindən birinə - Erkin Qədirliyə mandat verdi. O da sonradan elə açıqlamalarla çıxış etdi ki, “ReAL”-da da pərtlik yarandı, parlamentdə də.

Hazırda vəziyyət belədir: artıq İlqar Məmmədov həbsdən əvvəlki durumuna qayıdıb, partiyanın o biri liderləri də sanki həvəsdən düşüblər – Natiq Cəfərlidən başqa. Yalnız o, hər gün TV-lərdə danışır, şərh edir, müsahibə verir, mübarizə aparır. Amma çifayda. O, bir az da çox danışsa, deyəcəklər, söz dəyirmandakıdır.

İndi təsəvvür edin, bir vaxtlar ölkənin ən ümidverici siyasi təşkilatlarından biri bu haldadırsa, o birilər gərək dinməz-söyləməz şəkildə gətirib möhür və ştampellərini təhvil versinlər. Sonra heç təhvil alan da olmayacaq.

Ərəstun Əhmədli,
xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR