İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Kitabxanada nə baş verir FOTO REPORTAJ

2904 23.06.2020 09:40 Reportaj A A

İşçilər arasında ayrı-seçkilik iddiasına cavab verən olmadı...

Son günlər Azərbaycan Milli Kitabxanası ilə bağlı redaksiyamıza şikayətlər daxil olmaqdadır. Əsas şikayətlər kitabxanada işçilər arasında ayrı-seçkiliyə yol verilməsi və isti hava şəraitində kondisionerin olmaması ilə bağlıdır.

Şikayətlərdə bildirilir ki, təcrübəsiz işçilər tanışlıqla işə götürülür, az keçməmiş yüksək dərəcələr alırlar. Lakin illərlə kitabxanada fəaliyyət göstərən peşəkar işçilər bu diqqətdən kənarda qalır, bir çox hallarda sıxışdırılırlar.

Kitabxanada kondisioner probleminə gəldikdə isə xatırladaq ki, Musavat.com olaraq ötən il də kitabxanada bu problem  olduğunu işıqlandırmışdıq.  Kitabxananın qəbul bölümündə çalışan əməkdaşı həmin şöbədə kondisioner problemi olduğunu təsdiqləsə də, direktor müavini Mələk Hacıyeva məsələ ilə bağlı açıqlamasında qeyd olunan problem onun səlahiyyətlərinə aid olmadığı üçün cavab vermək iqtidarında olmadığını demişdi.

Məsələni yaxından araşdırmaq üçün Axundov adına Milli Kitabxanaya üz tutduq. Kitabxanaya daxil olmaq istəyirdik ki, qurumun əməkdaşları bizi elə qapıdaca qarşılayıb bildirdilər ki, içəri heç kəs buraxılmır: “Pandemiya ilə əlaqədar olaraq kitabxanamız onlayn formada oxuculara xidmət göstərir. Bu səbəbdən hətta işçilərimizin də çox az qismi işə gəlir”.

“Rəhbərlikdən kiminlə görüşə bilərik?” sualımıza cavab olaraq isə kitabxananın əməkdaşı qeyd etdi ki, artıq uzun müddətdir ki, nə kitabxananın direktrou Kərim Tahirov, nə də onun müavini və digər rəhbər şəxslər işə gəlir.

Qeyd edək ki, Milli Kitabxana Azərbaycanın ən böyük kitabxanasıdır. Eyni zamanda Qafqazda və Avropada ən böyük milli kitabxanalarından biridir. Kitabxananın fondlarda saxlanılan nəşrlərin sayı 5 milyondan artıqdır.

2004-cü ildə Nazirlər Kabinetinin qərarı ilə kitabxanaya “Milli Kitabxana” statusu verilib. 2006-cı ildə informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqi ilə əlaqədar olaraq yeni şöbələr açılıb. Həmin şöbələr arasında “Kitabxana işinin avtomatlaşdırılması və informasiya texnologiyaları”, “Elektron informasiya xidməti”, “Elektron resursların yaradılması” və digər şöbələri qeyd etmək olar.

2005-ci ildə Milli Kitabxana Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatına üzvlüyə qəbul olunub.

Bu ilin mart ayının 11-dən etibarən isə kitabxana pandemiya ilə əlaqədar olaraq oxucularına onlayn xidmət göstərir.

Son vaxtlar Milli Kitabxana ilə bağlı şikayətlərin artması isə təəssüf doğurur. Şikayətlərlə bağlı kitabxananın direktoru Kərim Tahirovun rəyini öyrənməyə çalışsaq da, çoxsaylı zənglərimiz cavabsız qaldı.

Xalidə GƏRAY,
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR