Millət vəkilinin müəllimlərlə bağlı təklifi müsbət qarşılanıb
Millət vəkili Qənirə Paşayevanın MM-də büdcə müzakirələrində orta məktəb müəllimlərinin sosial ipotekadan güzəştli yararlana bilən qrupa salınması təklifi müsbət qarşılandı.
Milli Məclisin 6 komitəsinin və hökumətin iştirakı ilə keçirilən büdcə müzakirələri zamanı millət vəkili Qənirə Paşayeva orta məktəb müəllimlərinin böyük bir hissəsinin sosial ipotekadan yararlana bilməməsinə xüsusi diqqət çəkərək bu məsələnin həllini xahiş edib.
O bildirib ki, orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların bir çoxu dövlətin bu sistemindən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və Hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Bu, müəllimlərimiz üçün böyük dəstək olardı.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, dövlət başçımız cənab İ.Əliyevin sosial ipotekadan daha çox insanlarımızın yararlanması istiqamətində siyasəti, tövsiyyə və tapşırıqları insanlarımız arasında çox yüksək qiymətləndirilir və inanırıq ki, 2016-cı ildə orta məktəb müəllimlərinin də hərbçilərimuiz, elm dalınca gedən insanlarımız və bəzi qruplar kimi sosial ipotekadan güzəştli şərtlərlə yararlana bilməsi üçün addımlar atılacaq.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, orta məktəb müəllimlərinin əksəriyyətinin əmək haqları sosial ipotekadan geniş yararlanmağa imkan vermədiyi üçün onlarla bağlı ilkin ödəniş, kreditlərin müddəti, həcmi və faizləri ilə bağlı xüsusi yanaşma mexanizmlərinə ehtiyac var və inanırıq ki, gələn il sosial ipoteka üçün dövlət büdcəsindən ayrılan vəsait artdığından bu məsələ də həllini tapa biləcək. Maliyyə naziri Samir Şərifov isə millət vəkilinin qaldırdığı təklifə münasibət bildirərkən bu məsələyə baxıla biləcəyini vurğulayıb.






