İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkili: “Serbiya dostluq mövqeyini bir daha nümayiş etdirdi” 

676 06.02.2024 14:23 Siyasət A A

Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə etiraz olaraq Assambleyanın sədri Teodoros Rousopoulosa müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Zati-aliləri,

Biz Avropa Şurası Parlament Assambleyasında baş vermiş son xoşagəlməz hadisə ilə bağlı, yəni Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi və onun ratifikasiya olunmaması barədə qətnamənin qəbul edilməsi ilə bağlı yazırıq.

Təəssüf ki, Serbiya Respublikasının nümayəndə heyəti 2023-cü il dekabrın 17-də ölkədə keçirilən parlament seçkilərindən sonra Milli Assambleyamızın formalaşması prosesinin davam etməsi ilə əlaqədar bu qətnamə ilə bağlı səsvermədə iştirak edə bilməyib.

Buna baxmayaraq, Serbiya nümayəndə heyəti Azərbaycan nümayəndə heyətinə qarşı olan münasibətə və olduqca şübhəli əsaslarla qəbul edilmiş qətnamə ilə əlaqədar öz narazılığını diqqətə çatdırmaq istəyir. Biz qəti əminik ki, qətnamə AŞPA daxilində səmimi dialoqdan geriyə addım atmaq deməkdir və bu, yalnız davam edən qütbləşməyə təkan verir. Bu, həmçinin Assambleya daxilində dəyərlərin deqradasiyasının dərinləşməsinin bir göstəricisidir.

Serbiyanın AŞPA-dakı nümayəndə heyəti qəbul edilmiş qətnaməyə qəti etirazını bildirir, Assambleyamızın və Avropa Şurasının reputasiyasına və müəyyən edilmiş roluna mənfi təsirlərin qarşısını almaq məqsədilə onu yenidən nəzərdən keçirməyə çağırır.

Azərbaycanın parlament nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi AŞPA çərçivəsində Azərbaycan ilə əməkdaşlığı qeyri-mümkün edir və bu ölkə ilə Avropa Şurasının daha geniş çərçivədə müxtəlif orqan və mexanizmlərdən ibarət zəngin palitrasında əməkdaşlıq və öhdəliklərin yerinə yetirilməsi baxımından daha çox imkanın itirilməsinə gətirib çıxarır. Belə vəziyyət dialoq və müvafiq öhdəliklərimizin yerinə yetirilməsi üçün platforma rolunu oynayan bu qurumun əsas məqsədinə ziddir. Bu, həmçinin Assambleyanın və bütövlükdə Avropa Şurasının nüfuzuna ciddi zərbə, eləcə də onların dəstəklədiyi əməkdaşlıq ruhuna etinasızlıqdır. Bundan əlavə, bu, Şuranın Cənubi Qafqaz regionuna, o cümlədən təşkilatın mandatına birbaşa aid olan məsələlərdən uzaqlaşmasına gətirib çıxarır ki, bu da təşkilatın maraqlarına uyğun hesab edilə bilməz.

Serbiya nümayəndə heyəti AŞPA-nın bütün üzvləri ilə səmimi dialoqun və əməkdaşlığın davam etdirilməsinin son dərəcə vacibliyini bir daha vurğulayaraq, qətiyyətli davranmağınız və Azərbaycan Respublikası nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı qətnamənin ləğv olunması xahişi ilə sizə müraciət edir”.

Xatırladaq ki, Yunanıstandan olan deputat Teodoros Rousopoulos AŞPA-nın qış sessiyası zamanı qurumun prezidenti vəzifəsini icra edəcək.

Azərbaycan və Serbiya arasında Azərbaycan-Serbiya müstəsna münasibətləri və strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Dövlət başçısı İlham Əliyev də qeyd edib ki, dost ölkə və etibarlı tərəfdaş olan Serbiya ilə əlaqələr Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.

Vurğulamaq yerinə düşər ki, Serbiya da Azərbaycan kimi Qərbin təzyiqləri ilə üzləşib. Azərbaycana Qarabağdan, Serbiyaya isə Kosovodan imtina üçün təzyiq edilib. Odur ki, təzyiqlərin arxasında olan səbəblər aydındır.

Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Mahir Abbaszadə Musavat.com-a şərhində bildirib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı qəbul etdiyi qətnamə əslində Qərbin Azərbaycana qarşı illərlə apardığı təzyiqlərin sonuncu formalarından biridir.

Millət vəkili vurğulayıb ki, Qərb indiyə qədər Azərbaycana xüsusilə Qarabağ məsələsi, Laçın sərhəd-keçid məntəqəsi ilə bağlı təzyiqlər göstərməyə başlamışdı:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün təzyiqlərə tab gətirə bildi. Nəticədə biz Azərbaycanın bütün ərazisində müstəqilliyimizi təmin edə bildik.

Digər məsələ ondan ibarətdir ki, Serbiya və Azərbaycan dost ölkələrdir. Prezident İlham Əliyevlə Serbiya Respublikasının prezidenti arasında ciddi dostluq münasibətləri var. Bu dostluq münasibətləri xalqlar arasında da dostluq əlaqələri yaradıb. Eyni zamanda avropalılar özləri də qəbul edirlər ki, prezidentlər arasında münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir. Bu da sözsüz ki, Avropanın indiki enerji təhlükəsizliyində həm Serbiyanın, həm də Azərbaycanın rolunu artırmaqdadır. Qətnaməyə Serbiya Respublikasının etiraz etməsi normaldır. Bu, gözlənilən idi. Azərbaycanın Avropadakı dostlarının sayı kifayət qədərdir. Onların hər biri bu qətnaməyə qarşı öz etiraz səsini ucaltmalıdır. Serbiya dostluq mövqeyini bir daha nümayiş etdirdi”.

Mahir Abbaszadə qeyd edib ki, Azərbaycan kimi Serbiya da uzun müddətdir ərazi bütövlüyü ilə bağlı Qərbin təzyiqlərilə üz-üzədir:

“Azərbaycan 30 il ərzində keçmiş Qarabağ problemi ilə bağlı Qərbin ikili standartlarından əziyyət çəkib. Bu problemi həll etdiyimizə baxmayaraq, oxşar tale Serbiyada da yaşanır. Kosovo ilə bağlı təzyiqlər davam edir. Hətta daha da irəli gedərək Kosovonun müstəqilliyini tanımaq, hərbi kontingentin sayını artırmaqla bağlı təkliflər irəli sürülməkdədir. Avropa İttifaqının üzvü olan bəzi dövlətlər Serbiyada parlament seçkilərindən sonra insanları küçələrə dəvət etmək, seçkinin nəticələrinə kölgə salmaqla bağlı təkliflər səsləndirdilər. Bütün bu məqamlar Serbiyanın da Azərbaycan kimi əziyyət çəkdiyini göstərir. Azərbaycan Silahlı Qüvvələri möhtərəm Prezidentin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı geri qaytardı, Qarabağ problemini bitirdi. Düşünürəm ki, Serbiya xalqı da özündə iradə tapıb bu mübarizəni sona qədər davam etdirəcək və nəticədə Serbiyanın ərazi bütövlüyü təmin ediləcək”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR