İnsanlara hürriyət, millətlərə istiqlal!

Mikayıl Müşfiqin heykəli onun adını daşıyacaq parkda ucaldılacaq - REPORTAJ, FOTOLAR

2938 28.02.2017 18:55 Reportaj A A

Son günlərdə sosial şəbəkələrdə Azərbaycanın məşhur şairi, repressiya qurbanı Mikayıl Müşfiqin abidəsinin dağıdılması ilə bağlı məlumatlar, fotolar yayılıb. Şairin abidəsinin dağıdılması ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. İlk olaraq sosial şəbəkələrdə yayılan fotolara baxdıqda heykəlin tamamilə məhv edildiyi hissi yaranırdı. Bu səbəbdən müxtəlif şəxslər, rəsmi qurumlar məsələ ilə bağlı açıqlama verib, səbəbkarları tənqid etdilər.

Heykəlinin sökülməsinə bir sıra ziyalı və tanınmış ictimai xadimlər sərt reaksiya verdilər. İlk olaraq Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva “Azəravtoyol” ASC tərəfindən Mikayıl Müşfiqin heykəlinin sökülməsini kəskin pisləyib. Professor açıqlamasında bunları deyib: “Bu, vandalizim və barbarlıqdır. Böyük şairin xatirəsinə qarşı törədilmiş günahdır və təhqirdir”.

Xalq şairi Musa Yaqub bu xəbərdən kədərləndiyini və belə bir şairin heykəlinə sayğısız yanaşanların mütləq cəzalandırılmalı olduğunu deyib: “Bu, məni çox kədərləndirdi. Müşfiq talecə bədbəxt insan idi, amma şair kimi çox xoşbəxt idi. Cəmi 29 il yaşayıb, amma yaratdıqları mahnılarda, könüllərdə yaşayır. Hələ də bir çox insanlar onun şərəfinə uşaqlarına Müşfiq adı qoyurlar. Bu, el məhəbbətidir. Belə bir şairin heykəlinə toxunmaq olarmı? Müşfiqin heykəlini dağıtmaq ruhsuz, duyğusuz, qədirbilməz insanların işidir. Çox təəssüf ki, indi söz, mədəniyyət maddiləşib. Müşfiqin heykəlini dağıtmaqmı olar?! Bunu edənlər mütləq cəzalarını almalıdırlar”.

Məsələyə Rəssamlıq İttifaqından da münasibət bildirilib. Qurumun heykəltaraşlıq bölməsinin rəhbəri, xalq rəssamı, görkəmli heykəltaraş Xanlar Əhmədov da abidənin dağıdılmasını vandalizm adlandırıb: “Nə Rəssamlar İttifaqı, nə Mədəniyyət Nazirliyi ilə məsləhətləşmədən, razılaşdırmadan heykəli dağıdıblar. Vandalizm əməlini biz başqa yerlərdə axtarırıq, amma bu törədilən əməl əsl vandalizmdir və vandalizm axtarmaq üçün başqa yerə getmək lazım deyil”.

Məsələyə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də biganə qalmayıb. Nazir Mikayıl Müşfiqin abidəsinin dağıdılmasına kəskin etirazını bildirib: "Mikayıl Müfiqin abidəsinin dağıdılması yolverilməzdir. Necə olur ki, abidənin harada yerləşdirilməsinin aqibətini inşaatçılar həll edir? Məsələ gərək rəhbərlik səviyyəsinə qədər çıxarılmalı, razılaşma ilə həll olunmalı idi. Onlar məsuliyyətə cəlb olunmalıdır".

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da artıq mediaya heykəlin sökülməsi ilə bağlı açıqlama verib. Ə.Həsənov Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən olan Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olduğunu bildirib: “Dövlətimizin başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib. İlham Əliyevin prezidentliyi dövründə onlarla tarixi və mədəniyyət abidəsi əsaslı şəkildə bərpa olunub, Azərbaycanın Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül, Rəşid Behbudov və digər tanınmış şəxsiyyətlərinə abidələr ucaldılıb. Cənab Prezident tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsini yolverilməz hesab edir və bundan sonra da belə əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaqlar".

Bütün bunlara rəğmən “Azəravtoyol” ASC məsələnin yanlış anlaşıldığını və iddiaların əsassız olduğunu bildirir. Bu səbəbdən də musavat.com saytının əməkdaşı məsələni ayndınlaşdırmaq üçün vaxtı ilə şairin heykəli olan əraziyə baş çəkib.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfovla elə həmin yerdə görüşdük. Qurumun sözcüsü yayılan fotoların hər kəsi yanıltdığını, əslində isə məsələnin başqa cür olduğunu bildirdi.

A.Nəcəflinin sözlərinə görə, mətbuatda və sosial mediada abidənin dağıdılması ilə bağlı yayılan xəbərlər əsassızdır: “Biz bir işi görmədən öncə hər şeyi nəzərə alırıq. Abidəyə heç bir ziyan vurmamışıq. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq, Füzuli meydanı ətrafında və “Təzəpir” məscidi istiqamətində geniş yenidənqurma və abadlıq işləri aparılır. Bu işlər çərçivəsində “Statistika dairəsi”ndə dəyişikliklər nəzərdə tutulub. Bu dəyişikliklər çərçivəsində ərazidə yerləşən görkəmli şairimiz Mikayıl Müşfiqin büstü müvəqqəti olaraq, yerləşdiyi ərazidən götürülüb. Həmin heykəl hazırda bizim tərəfimizdən mühafizə edilir.

Yəni mətbuatda və sosial mediada abidənin dağıdılması kimi xəbərlərin tirajlanması əsassızdır və həqiqəti əks etdirmir. “Azəravtoyol” ASC apardığı yenidənqurma işləri zamanı Mikayıl Müşfiqin büstünü uyğun texnologiya əsasında əsərin görünüşündə heç bir dəyişiklik edilmədən ərazidən tam və sağlam şəkildə götürüb. Hazırda büst və büstün qoyulduğu xüsusi hissənin üzlənməsində istifadə olunan qranit-mərmər parça xüsusi materialla örtülmüş şəkildə cəmiyyətin anbarında saxlanılır”.

Heykəlin sonrakı aqibətinin necə olacağı ilə bağlı verdiyimiz suala qurum rəsmisi belə cavab verdi: “Quruculuq-abadlıq işləri tam başa çatdıqdan sonra büstün hazırda yerləşdiyi ərazinin 5-6 metr sağ hissəsində şairin adına layiq daha böyük yaşıllıq parkı salınacaq, büst də əvvəlki şəkildə həmin əraziyə qoyulacaq. Biz büstü ona ziyan vurmadan götürmüşük. Əgər büstə toxunmasaydıq, təmir işləri zamanı o zərər görə bilərdi. Buna görə də biz hər şeyi öncədən nəzərə alıb, heykəli ona zərər vurmadan ərazidən müvəqqəti olaraq götürdük”.

- Bəzi iddialara görə, siz heykəlin parka qoyulması fikrinə medianın təzyiqləri və verilən açıqlamalardan sonra gəlmisiniz. Bu iddialar nə qədər doğrudur?

- Belə bir şey qətiyyən ola bilməz. Əlimdə gördüyünüz xəritədə hər şey qeyd edilib. Bu layihə daha öncədən hazırlanıb və təqdim edilib. Hətta ərazinin necə olacağı ilə bağlı video-rolik də hazırlanıb. Elə bir şey ola bilməz ki, biz heykəli dağıdaq, harasa tullayaq. Bu, mümkün deyil. “Azəravtoyol” ASC layihə əsasında iş görür. “Sovetski” adlanan ərazidə cəmisi 3 hektarı çıxmaq şərti ilə hər tərəf park və yaşıllıqdan ibarət olacaq. Yollar yenidən dizayn ediləcək. Bu gördüyümüz işlər də həmin layihənin bir parçasıdır.

Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR