İnsanlara hürriyət, millətlərə istiqlal!

Mikayıl Cabbarov: “2023-cü ilin 9 ayında inflyasiya 10,9% olub”

780 13.11.2023 13:37 İqtisadiyyat A A

“Bu gün Milli Məclisdə 2024-cü il və sonrakı 3 il üçün dövlət büdcəsi layihəsi müzakirə olunur. Builki müzakirə tamamilə fərqli qlobal və regional geosiyasi reallıqlar şəraitində baş verir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tam olaraq öz ərazi bütövlüyünü təmin edib və bu, ölkənin gələcək sosial-iqtisadi inkişafına çoxsaylı yeni imkanlar açan böyük bir tarixi hadisədir”.

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisdəki büdcə müzakirələrində iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, qlobal geosiyasi eskalasiyanın və geoiqtisadi fraqmentasiyanın güclənməsi səbəbindən son dərəcədə mürəkkəb qlobal iqtisadi fonda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı davam etdirilir, Prezident tərəfindən müəyyən edilmiş strateji inkişaf kursu bütün istiqamətlərdə uğurla həyata keçirilir:

“Ölkədə həyata keçirilən yeni nəsil islahatlar və iqtisadiyyatın şaxələndirilməsi sahəsində görülən irimiqyaslı işlər, işğaldan azad olunmuş ərazilərin bərpası və reinteqrasiyası orta və uzunmüddətli dövrdə dayanıqlı, keyfiyyətli iqtisadi inkişafın təməllərini daha da gücləndirməkdədir”.

M.Cabbarov qeyd edib ki, cari ilin 9 ayında neft-qaz sektorunda real ÜDM-in 1,5% azalmasına baxmayaraq, qeyri-neft-qaz sektorunda iqtisadi artımın 3,0% təşkil etməsi ümumi iqtisadi artıma müsbət təsir edib:

“Qeyri-neft/qaz sənayesi 6,3%, tikinti sektoru 12,5%, informasiya və rabitə sektoru 14,7%, turizm sektoru 26,0%, kənd təsərrüfatı 3,0%, ticarət sektoru isə 3,3% artıb. Əsas kapitala investisiya qoyuluşlarının real artım tempinin 21%-i, o cümlədən qeyri-neft-qaz sektorunda 23%-i ötməsi iqtisadi artıma və məşğulluğa müsbət təsir edib ki, burada da işğaldan azad edilmiş ərazilərin bərpası üzrə həyata keçirilən investisiyalar mühüm amillərdən biridir. Neft və qazın dünya bazar qiymətlərinin ötən illə müqayisədə aşağı düşməsinə baxmayaraq, xarici ticarət balansında böyük həcmli profisit müşahidə olunmaqdadır. Belə ki, cari ilin 10 ayında ixrac 29,0 mlrd. ABŞ dollarını ötüb, ticarət balansının profisiti 15,0 mlrd. ABŞ dollarından çox olub. Qeyri-neft/qaz sektorunun ixracı isə 11,0%-dən çox artaraq 2,7 mlrd. ABŞ dollarını ötüb. Emal olunmuş kənd təsərrüfatı məhsulları çıxılmaqla qeyri-neft sənaye məhsullarının qeyri-neft-qaz ixracında payı 68%-ə çatmaqdadır”.

Mikayıl Cabbarov bildirib ki, cari ilin 9 ayında qeyri-neft-qaz sənaye məhsullarının ixracında sənaye zonalarının payı 23%-ə çatıb:

“Son aylarda qlobal ərzaq bazarlarında qiymətlərin, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın nisbətən səngiməyə başlaması, hökumət tərəfindən antiinflyasiya tədbirlərinin həyata keçirilməsi inflyasiyanın tədricən yavaşlamasına imkan verib. Nəticədə 2023-cü ilin 9 ayında inflyasiya 10,9% olub”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR