“Məzuniyyətdən qayıdanda dedilər ki, ərizəni yaz, işdən çıx”
Ə.Məmmədov deyir ki, əmək kitabçasında cinayət xarakterli qeydlər aparmaqla onu işdən uzaqlaşdırıblar: “Əmək kitabçama əvvəlcə yazdılar ki, guya öz ərizəm əsasında tutduğum vəzifədən çıxarılıram. Sonradan isə elə həmin sözləri başqa qələmlə qaralayaraq məni Əmək Məcəlləsinin 10-cu maddəsinin ”b" bəndi ilə işdən çıxardıqlarını yazıblar. Bu maddə əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməklə bağlıdır. Bu dəyişikliklər kobud qanun pozuntusu olmaqla yanaşı, cinayətdir. Üstəlik, mənə məzuniyyətdə olduğum dövr üçün məzuniyyət haqqı ödənilib. İşə çıxdığım gündən sonra da əmək haqqımı da almışam. Üzləşdiyim qanunsuzluqla bağlı Naxçıvan Nazirlər Kabineti sədrinin mədəniyyət işləri üzrə müavini Təranə Quliyevanın qəbuluna yazıldım. Lakin onun köməkçisi Əşrəf müəllim 1 ay get-gəldən sonra dedi ki, bizlik deyil. Mədəniyyət naziri Sarvan İbrahimovun qəbulunda oldum. O da dedi ki, mənlik deyil, biz belə məsələlərə baxmırıq. Sonra Ali Məclisə getdim. Məni qəbula yazmadılar, amma mədəniyyət nazirinə zəng etdilər. O da dedi ki, bu məsələ bizlik deyil, gedin məhkəməyə müraciət edin. Mən də Naxçıvan Şəhər Məhkəməsinin sədri Hüseyn müəllimin qəbulunda oldum. Dedi ki, get işdən çıxarılmağın haqda əmrin surətini gətir. Ona izah edə bilmədim ki, əmrin surətini mənə vermirlər".
Ə.Məmmədov məhkəmə sədrinin qəbulundan çıxandan sonra Naxçıvan Şəhər Poçtuna üz tutub: “İstədiyim o idi ki, işə bərpa olunmağımla bağlı iddiamı yazılı formada məhkəməyə göndərim. Poçtda işləyənlər iddianın nə ilə bağlı olduğunu soruşdular. Biləndə ki, işə bərpa olunmaq istəyirəm dedilər ki, biz belə iddiaları qəbul etmirik.
İşə düzəlmək üçün Bakıya gəldim. Hara müraciət etdimsə, əmək kitabçama baxıb işə götürmədilər". 30 illik iş stajına malik olan kamança müəllimi prezidentə, baş prokurora mədəniyyət və turizm nazirinə müraciət etməklə işə bərpa olunmasını istəyir.
“Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu”nun rəhbəri, hüquqşünas Elçin Namazov Ə.Məmmədovun üzləşdiyi qanunsuzluqla bağlı bunları deyib: “Çox təəssüf ki, bu gün Azərbaycanda qanunvericiliyinin tapdanması adi hal alıb. Əfqan Məmmədov da bu haqsız yanaşmanın qurbanı olub. Ümumiyyətlə, əmək müqaviləsinə Əmək Məcəlləsinin 10-cu maddəsi ilə xitam vermək tamamilə qanunsuzdur. Əgər şikayətçiyə işdən çıxarma barədə əmrin surəti verilməyibsə, rəsmi qaydada həmin əmr alınmalı və məhkəməyə müraciət olunmalıdır”.






