İnsanlara hürriyət, millətlərə istiqlal!

Mətbuat Şurası ANS-in məhkəməyə verdiyi saytlarla maraqlanacaq

878 22.01.2014 23:35 Media A A
ANS Müstəqil Yayım və Media Şirkəti işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığı iddiası ilə bir sıra sayt və portalları məhkəməyə verib. Məsələ Mətbuat Şurasında da müzakirə olunacaq. Mətbuat Şurasının nəzdində yaradılan internet media resursları üzrə komissiyanın rəhbəri Elnur Baimov modern.az-a açıqlamasında məsələyə şərh vermək istəmədiyini bildirib. Lakin o, qeyd edib ki, bu ayın sonunda Mətbuat Şurasında komissiyanın böyük toplantısı olacaq və orada sözügedən məsələ geniş müzakirə olunacaq: “Toplantıda adı çəkilən sayt rəhbərləri və digər internet mediaların baş redaktorları bununla bağlı öz mövqelərini bildirəcək və müzakirələr əsasında nəticə olacaq ki, belə hadisələrin təkrarlanmaması üçün nələr edilməlidir”.

ANS 14 sayt və portalı məhkəməyə verib. Şirkətin Hüquq Departamenti bildirir ki, həqiqətə uyğun olmayan məlumatlar yaydıqlarına görə, məhkəmədə cavab verəcək portallar bunlardır: dunyatv.az, realxeber.az, etatist.com, xalqxeber.az, baymedia.az, avrasiya.net, marka.az, aznews.az, interpress.az, azvision.az, demokratiya.info, axar.az, publika.az, presspost.az.

Şirkət bəyan edir ki, bu portalların qərəzli və əsassız məlumatları əsasında ANS-in işgüzar nüfuzuna maddi və mənəvi ziyan dəyib. Bu səbəbdən adları çəkilən portallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qarşısında cavab verəcəklər.

Media Hüquqları İnstitutunun eksperti Xalid Ağaliyev isə bildirir ki, ölkədə saytların məhkəməyə verilməsi ilk deyil: “Təkcə 2013-cü ildə saytlara qarşı iddia sayı ondan çox olub. Səbəb isə həmin saytlarda gedən xəbərlərin təhqir və böhtan hesab edilməsidir. Məhkəməyə müraciət ötən ilin yayından intensivləşib”.

Ekspertin sözlərinə görə, xəbərə görə saytların məhkəməyə verilməsi məsələsində bir nüans nəzərə alınmalıdır: “Bu zaman ilkin mənbə məhkəməyə verilə bilər. KİV Haqqında qanuna görə, ilkin mənbə, yəni xəbəri ilk yayan sayt məhkəməyə verilə bilər. Başqa mənbədən xəbər yayan saytların məsuliyyətindən söhbət gedə bilməz, onlar məsuliyyət daşımırlar. Ümumiyyətlə, medianın yeri nəzərə alınmalıdır. Media xəbəri alıb, həmçinin qarşı tərəfi danışdırmağa cəhd edibmi, qarşı tərəfin mövqeyi də həmin saytda gedibmi? Bu kimi məsələlər nəzərə alınmalıdır. Bunlar nəzərə alınıbsa, məhkəməyə verilən saytların əndişələnməsinə ehtiyac yoxdur. İşə doğru, ədalətli baxılarsa, iddia təmin olunmaya bilər. Yəni işin detallarına nəzər salmaq lazımdır”.
 
Röya

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR