İnsanlara hürriyət, millətlərə istiqlal!

Mətanət Əzizovanın xəstə həyat yoldaşını niyə xaricə buraxmırlar?

2652 06.09.2014 08:00 Ölkə A A

Xəbər verildiyi kimi, hazırda Avropa ölkələrindən birində  yaşayan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın həyat yoldaşı Eldar Əzizovun səhhətində ciddi problemlər yaranıb. Neftçilər Xəstəxanasında müayinədən keçən zaman onun qaraciyər və ödündə ciddi xəstəlik aşkar olunub. Yaxınları Eldar Əzizovun xəstəliyinin yalnız xaricdə müalicə olunmasını mümkün hesab edirlər. Əks təqdirdə, onun həyatının təhlükədə olduğunu bildirirlər. Amma iş ondadır ki, Mətanət Əzizova ölkəni tərk etdikdən sonra həyat yoldaşı Eldar Əzizov və oğlu Camalın ölkədən çıxışına qadağa qoyulub. Bu isə Eldar Əzizovun çətin olan vəziyyətini daha da ağırlaşdırır.


Eldar Əzizovun qayınanası, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı kürəkəninin həyatına olan təhlükələrin günbəgün artdığını söylədi: “Günlər keçdikcə, səhhəti pisləşir. Başqa xəstəxanaya köçürülməlidir. Azərbaycanda onun xəstəliyinin müalicəsi çox bahadır. Ödündə daş var. Ciyəri də çox pis vəziyyətdədir. Ölkəmizdə bu xəstəliyin mütəxəssisi də yoxdur. Kürəkənimin qardaşı və anası da səhiyyənin bərbad vəziyyətdə olması nəticəsində vəfat ediblər. Bu baxımdan ölkə xəstəxanalarına etibar yoxdur. Hər bir insanın müalicəsi Azərbaycanda həm baha, həm də çətindir. Şifahi olaraq kürəkənimin xaricdə müalicəsi ilə bağlı rəsmi orqanlara müraciət etmişəm”.


Hüquqşünas Müzəffər Baxış hesab edir ki, xəstə bir insanın yaşadığı  ölkədə müalicəsi mümkün deyilsə, onun barəsində ölkədən çıxış qadağası götürülə bilər: “Onun haqqında cinayət işi açılıbsa, bu hal məhdudlaşdırıla bilər. Əgər xəstə bir insanın araşdırılan zaman müalicəsi Azərbaycan ərazisində mümkün deyilsə, əlbəttə, belə bir qərar qəbul edilməlidir ki, insan xaricdə müalicə ala bilsin. Amma birmənalı olaraq, demək olmaz ki, kiminsə həyatında ciddi problemlər yaranan zaman o, hökmən Azərbaycan ərazisini tərk etməlidir. Əsas odur ki, qərarı verən orqan məsələyə münasibət bildirsin. Əgər zəruri deyilsə, həmin qadağa götürülə və xəstə xaricdə müalicə ala bilər”.

Məsələ ilə bağlı Baş Prokurorluğun mövqeyini öyrənməyə çalışsaq da, mümkün olmadı. 

Cavanşir ABBASLI


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR