İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhurları Bakıya toplayan qalmaqallı filmin çəkiliş meydanından – Reportaj

5618 22.04.2017 15:25 Mədəniyyət A A

Türkiyə ilə Azərbaycanın birgə istehsalı olan “Yanlış anlama” filminin Bakı çəkilişləri davam edir.

"DADA Production” və "ARAN Film”in birgə ərsəyə gətirdiyi ekran işində Türkiyənin tanınmış simaları Şevket Çoruh, İlker Ayrık, Pelin Sönməz, Bahadır Efe, Haluk Bilgin, Duygu Karaca, azərbaycanlı məşhurlar Islam Mehrəliyev, Fərda Xudaverdiyev, Pərvin Abıyeva rol alır. Rejissor kürsüsündə Ulaş Cihan Şimşəkin oturduğu filmin ssenarisi isə Ayberk Çınara aiddir. “Yanlış anlama” Türkiyə və Azərbaycandan iki ailənin birlikdə 10 gün keçirməsindən və iki dilin, mədəniyyətin həm yaxınlığı, həm fərqliliyi nəticəsində əyləncəli bir səhv başa düşülmə hekayəsindən bəhs edir.

Türkiyə çəkilişləri yekunlaşan filmin yaradıcı heyəti Bakı çəkilişləri üçün artıq paytaxtımızdadır. Musavat.com saytının əməkdaşı çəkilişləri daha yaxından izləmək üçün filmin çəkiliş meydançasına üz tutub. Biz çəkilişlərin reallaşdığı Nizami küçəsinə çatanda artıq hazırlıqlar başlamışdı. Filmin rejissoru tapşırıqlar verir, köməkçilər tapşırıqları bir-bir çəkiliş qrupuna çatdırırdı. Aktyorlar isə söhbət edə-edə öz rollarına hazırlaşırdılar.

Həmsöhbət olmaq üçün ilk olaraq aktyor İslam Mehrəliyeva yaxınlaşdıq və film haqda təəssüratlarını öyrəndik: “Çəkilişlər maraqlı keçir, əhval-ruhiyyəmiz əladır. Əhval pis olsa, insanı bayıra atarlar. İki qardaş ölkənin birgə layihəsidir. Bu layihədə Türkiyənin tanınmış aktyorları çəkilir. Rejissor çox istedadlı Ulaş Cihan Şimşəkdir. Azərbaycanlı obrazını canlandırıram. Bəzi sözlərim səhv başa düşüləcək, bu da davalara səbəb olacaq. Ekran işi noyabr ayında təqdim olunmalıdır. Bilirəm ki, film tamaşaçılar tərəfindən də bəyəniləcək”.

İlk kadrın çəkilməsi üçün aktyorlar bir araya toplaşır. Eyni səhnə dəfələrlə çəkilir və nəhayət rejissor sonuncu çəkilişi bəyənir və fasilə verilir. Biz də fasilədən istifadə edib, rejissor Cihan Şimşəkə yaxınlaşırıq. O, ekran işi və azərbaycanlı aktyorlar haqda fikirlərini bölüşür: “Çəkilişlər maraqlı keçir. Burada olduğumuz üçün şadıq. Azərbaycanlı aktyorlarla işləmək çox rahatdır. Hamısı istedadlı və biliklidir. Fərda Türkiyədə də tanınan bir simadır. İslam da məşhur aktyorlarınızdan biridir. Onları bu xüsusiyyətinə görə seçdik. Komediya filmidir. Bizə gözəl qız lazım idi, Pərvini məsləhət gördülər. Şevqet Çoruh bə İlker Ayrıkın səhnələri Türkiyə çəkilişində olduğu üçün Bakıya gəlmədilər. Qalan çəkiliş və aktyor heyəti buradadır. Hər şey ürəyimizcədir. Düşünürəm ki, Yanlış anlama” ən çox izlənən filmlərdən olacaq”.

Türkiyəli aktrisa Pelin Sönməz isə rolundan bəhs edib: “Burada olduğum üçün çox xoşbəxtəm. Çəkilişlər maraqlı keçir. Pərvin, Fərda, İslam bizə qarşı çox istiqanlıdır. Onlarla yaxşı yola gedə bilirəm. Filmdəki adım Güneldir. Şən, araqarışdıran, müxtəlif oyunlar quran bir qızdır. Film haqda bu qədər. Qalanını izləyəndə görəcəksiniz”.

Biz söhbəti yekunlaşdırmışdıq ki, növbəti kadrın çəkilişləri başlayır. Aktyorlr bir araya toplaşır və gitarada “Küçələrə su səpmişəm” mahnısı ifa edilir.

Qeyd edək ki, bir müddət öncə isə teleaparıcı Azər İsmayılov filmin ideyasının ona məxsus olduğunu və fikirlərinin ortaq razılığa gələ bilmədiyi “Dado” və “Levent” adlı Türkiyə şirkəti tərəfindən oğurlandığını iddia etmişdi.

Könül İbrahim
Musavat.com
Fotolar Məhəmməd Türkmənindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR