“Nifrət, irqçilik, xaricilərə qarşı düşmənçilik və buna bənzər bütün ifratlığın təməlində “qorxu” olduğuna inanıram. “Naməluma qarşı qorxu”. Sənin həqiqətən kim olduğunu bilməsəm, içimdə bir qorxu yaranır, amma bunu biruzə verəndə bu qorxu nifrət olaraq yansıyır. Etnik kimliyini, irqini, dilini, dinini, tutduğun futbol komandasını bəhanə edərək səni qarşıma alıram. Halbuki səni həqiqətən önyarqılarımdan təmizlənərək, bir insan olaraq tanısam içimdəki o qorxudan əsər qlmayacaq. Və mənim tezisim budur”.
Maraqlı və öyrədici videoları ilə izləyicilərinə fərqli baxış bucağından baxmağı təlqin edən məşhur türkiyəli yutuber Barış Özcanla müsahibəmiz baş tutdu. O, bu yaxınlarda “YouTube”un 12 dəyişim elçisindən biri seçildi. “Skype” üzərindən baş tutan müsahibədə suallarıma səmimi cavab verərkən məndə sanki bir Barış Özcan videosu izləyirmiş təəssuratı yarandı. Ləhçə fərqləri ilə başladığımız söhbətimizi sizlərə təqdim edirik:
- Biz sizin danışdığınız Anadolu ləhçəsinə öyrəşmişik, amma yəqin ki, sizə bir az qəribə gəlir...
- Yox əksinə, mən də alışmışam. Hətta mən bir sənədli film çəkilişi üçün Bakıda olmuşam, sizləri də yaxşı başa düşürəm. Lakin yenə də bilmədiyim bir şey olsa, soruşaram...
- Barış bəy, heç bu sənədli filmi bilmirdik. Məncə elə bundan başlayaq. Bir az ətraflı məlumat verərdiniz. Nə çəkmişdiniz?
- Bu, CNN Türk üçün çəkilmiş bir sənədli film idi. Sizin və çevrədəki ölkələrin iqlimi, iqlim dəyişikliklərinə aid müxtəlif məlumatlar və həmçinin enerji mənbələri kimi digər mövzularla əlaqədar bir film seriyası idi. "Havanı qoxulayan adam" ləqəbli hava məlumatı aparıcısı dostum Bünyamin Sürmeli filmin müəllifi və aparıcısı idi. Mən də baş operator idim. Azərbaycanda Bakını gəzdik, digər rayonlara getdik. Məsələn, Leriki çox bəyəndim. Daha sonra Türkiyənin qərbində İtaliya və Yunanıstan kimi ölkələrdə olduq, amma Azərbaycanı daha çox bəyəndik. Buna görə də filmdə 6 seriya məhz sizin ölkə haqqında oldu.
- Bəs niyə Azərbaycan haqqında 6 seriya?
- Çünki dəyərdi. Azərbaycanla bağlı danışılacaq çox şey var idi. Yetərli olmadı, hətta... Mən ilk dəfə idi ki, sizin ölkədə olurdum, təbiəti və insanları möhtəşəm idi. Hətta filmə ən uyğun ölkə elə Azərbaycan idi. Xəzər dənizindəki müxtəlif enerji çalışmaları, tarixi, təbiəti və bir də ölkələrimiz arasındakı dostluq səbəbiylə Azərbaycana daha çox yer verməyi qərarlaşdırdıq.
- Bizə Barış Özcanı tanıda bilərsiniz? Sizi Azərbaycanda tanıyırlarmı? Buradakı izləyiciləriniz az deyil.
- Əlbəttə, hətta mən sizə dəqiq rəqəm də verə bilərəm. İzləyicilərimin 4-5%-i məhz Azərbaycandandır və məncə bu, çox böyük bir rəqəmdir. Şərhlər yazırlar, sevdiklərini və izlədiklərini söyləyirlər, hətta məni tez-tez ora dəvət edirlər. Əslində Türkiyədən sonra ən böyük izləyici kütləmin Azərbaycandan olması məni təəccübləndirmişdi, çünki bəzən bu iki xalqın bir-birindən uzaq düşdüyünü hiss edirdim. Həqiqətən özümə sual verirdim ki, doğrudanmı məni Azərbaycandan bu qədər insan izləyir? Bu, məni hədsiz sevindirir, aramızdakı buzlar əriyir və bir-birimizə daha da çox yaxınlaşırıq. Sizin ölkədə də mənim kimi bu cür “YouTuber”lər varsa, onları izləyib, dəstək olmaq istərdim.

- Bəs siz özünüzü necə təqdim edərdiniz? Vloggermi, yoxsa storytellermi?
- Mən özümü storyteller olaraq tanıdıram. Əslində bu ingiliscə bir söz olduğu üçün izləyiciləri xüsusən də Türkiyədəki türkləri narahat edir. Lakin bunun tam bir qarşılığı da yoxdur, amma öz türkçədə “ozan” sözü var olardı və yəqin ki sizdə də o kəlimə var. Dədə Qorquddan gələn bir sözdür. Özümü də Dədə Qorqud kimi təqdim etmək istəyərdim, amma çox tezdi. Saqqal buraxıram yavaş-yavaş, amma hələ ki ancaq ata ola bilmişəm (gülür). Dediyim kimi ozan sözünü də insanlar əlinə saz alıb sözlərini ifadə edən kimi başa düşürlər. O söz əsas mənasını itirib. Buna görə də ingilis dilinin də beynəlxalq dil olmasını nəzərə alaraq, özümü storyteller, yəni hekayə danışan kimi tanıdıram ki hamıya tam aydın olsun. Tam 3 il öncə 40 yaşımdaykən əvvəlki fəaliyyətlərimi də nəzərə alaraq onları ortaq bir şəkildə ifadə etmək üçün bir şey etmək istədim və hal-hazırda da edirəm. Bunları həm proqramlarla, həm videolarımla, həm elə bu dəqiqə sizinlə etdiyimiz söhbət şəklində insanlara ötürməyə çalışıram. Mənim həm də dizaynerəm. Videolarımda bunu aydın şəkildə görə bilirsiz. Məqsədim insanların həyatına pozitiv bir şeylər qata bilməkdir. İnternet saytımda da yazıldığı kimi İstanbulda 1974-cü ildə doğulmuşam, universiteti də burada - Marmara universitetinin hüquq fakultəsindən məzun olaraq bitirmişəm. Lakin bu məlumatlara baxaraq, insanlar məni tanıya bilməz. Məni daha dəqiq tanımaq üçün məncə “YouTube” videolarımı izləmələri kifayət edər. Çünki özümü ən yaxşı ifadə etdiyim yer məhz o platformadır.
- Bəs məqsədiniz nə idi və məqsədinizə çata bildinizmi?
- Əgər “YouTube” proyektimi soruşursunuzsa, əslində mən bir storyteller oldum deyə bilmərəm. Çünki əvvəla onu deyim ki, bu kanal mənim üçün şəxsi idi və əslində hələ də elədir. Mən orada öz hekayələrimi danışarkən onları necə danışacağımın və izləyiciyə necə göstərəcəyimin təhsilini də almış oluram. Qısa şəkildə ifadə etsək, ora mənim təhsil aldığım, bu hekayələri hazırlamaq üçün araşdırmalar etdiyim yerdir. Kanalın şəxsi olması da buradan qaynaqlanır. Məqsədim özümü inkişaf etdirmək idi və başqalarına da həmişə bunu tövsiyyə edirəm. Siz insanlara nələrisə öyrədərkən əslində o şeyi özünüz də mükəmməl şəkildə öyrənmiş olursunuz. Ora bir növ mənim laboratoriyamdır. İllər keçdikcə gənclər dəyişir, inkişaf edir, yeniliklər olur. Bu yenilikləri daha dərindən anlamaq, onların fikirləri ilə tanış olmaq üçün də bu kanalı yaratmış oldum. Onlardan da çox şey öyrənirəm. Bu həm şəxsi bir proyektdir, həm də professional bir laboratoriyadır.

- Bəs Barış Özcan videolarını necə hazırlayır? Onlar necə bişir? Resepti nədir? Onlara nələr qatırsız?
- Onu deyim ki, aşbazlar heç vaxt öz reseptlərini paylaşmaq istəməzlər, lakin mən istərdim bu tip video çəkənlərin sayı getdikcə artsın. Mənim içimdəki həvəs əslində heç zaman bitmir. Hekayə danışmaqda hekayə nə qədər önəmlidirsə, onu danışa bilmək də ən az o qədər önəmlidir. Hekayəni haradan alıb kimə çatdırmaq mühüm məsələdir. Daha sonra həftənin hər günü ağlımda gəzib dolaşan məlumatları, izlədiyim filmləri, oxuduğum kitabları birləşdirərək həmin o həftənin sonuna doğru yavaş-yavaş beynimdə birləşdirməyə çalışıram. Həmin bu prosesdə, bizim ölkədə belə bir söz var, “ağlımda 40 dənə tülkü dolaşır”. Daha sonra həftənin bir gününü seçib o günü tamamilə bu işə ayırıram. Çox zaman bu Şənbə günü olur. Həftə ərzində qeydlərimi və fikirlərimi bir yazıya çevirirəm. Gecə saatlarına qədər təxminən 16 saatlıq bir çalışmanın nəticəsində tipik bir video ortaya çıxır. Təbii ki səs effektləri və digər şeyləri də özüm edirəm. Xüsusi diqqət göstərdiyim bəzi videolarım da var və onların ərsəyə gəlməsi bir həftəyə qədər uzanır. Çünki daha çox araşdırmalar etməliyəm.
![]()
- Bəs mövzuları necə seçirsiz? Əsasən öz marağınızda olan mövzularımı araşdırırsız yoxsa ictimai trendlərəmi üstünlük verirsiz?
- Aradakı rəngi tutdurmağa çalışıram. Əvvəllər daha çox özüm seçirdim, çünki bu bir şəxsi kanal idi. Lakin daha sonra şərhləri oxuduqca izləyicilərin də istəklərini nəzərə almağa başladım. Mən axı bu kanal vasitəsilə özüm də öyrənirəm. Onların fikirləri mənim də diqqətimi çəkməyə başladı. Videolarımın təxminən 20 faizi də bu istəklər doğrultusunda çəkilir. "Yer kürəsi yuvarlaq deyil, düzdür" başlıqlı video da əslində dünyanın yuvarlaq olduğu fikrini müdafiə etsə də, əslində dünyanın düz olduğunu düşünən insanların sayının 2016-cı ildə bu qədər çox olduğunu gördükdən sonra çəkməyimdə əsaslı səbəb oldu.
Trend olan mövzulara görə də hərəkət etmək istəmirəm, çalışıram balansı qoruyum. Əsas məqsədim də bu videolar milyonlarla insan tərəfindən izlənsin deyil, istərdim ki, insanların həyatında qalıcı təsirlər yaradım. Bu gün trend olan şey, sabah başqa bir trendlə əvəzlənir, unudulur gedir. Mən isə unudulmaz hekayələr danışmaq istəyirəm.
- Barış bəy, hansı dilləri bilirsiz? Hansı dillərdə araşdırmalar edir və kitablar oxuyursunuz?
- Mən türk və ingilis dillərini bilirəm, araşdırmalarımın təxminən 80 faizi ingilis dilində olur. Təəssüf ki türk dilində yazılı mənbələr çox azdır. TRT telekanalı üçün Afrikadan sənədli film hazırlamışdım. Bu mövzu ilə əlaqədar araşdırmalar etməli idim. Təsəvvür edin ki, Osmanlı dövləti vaxtilə Şimali Afrika torpaqlarında hökmranlıq edib, lakin Afrika ilə bağlı ölkəmizdə türk dilində araşdırmalar edən sadəcə 6 alimin olduğunu öyrəndik. Halbuki bu sahədə xarici alimlərin sayı yüzlərlədir. Onların əsərlərindən yararlandıq. Məni izləyənlərin sayının çox olması ilə əlaqədar mən də məsuliyyət hiss edirəm və məlumatları ən az iki yerdən dəqiqləşdirirəm. Sadəcə internetdən deyil, həmçinin bir çox kitabxanalardan da yazılı məlumatlar əldə edirəm.

- Siz videolarınızda çox faydalı məlumatlar verirsiniz, motivasiya edici paylaşımlarınıza tez-tez rast gəlirik. Məsələn erkən oyanmaq, kitab oxumaq, tənbəllik mövzularında gözəl tövsiyyələriniz var. Bəs bütün bunlara özünüz əməl edirsinizmi?
- Çox gözəl sualdır. Əslində mənim prinsipim də budur. Əlbəttə ki edirəm, çünki etməsəm qarşımdakını da inandıra bilmərəm. Səmimi olmağın yolu etdiyini deməkdir. Qısacası anlatdığım hər şey əslində mənim də içində yaşadığım şeylərdir. Bütün dediklərimi birbaşa öz həyatıma da tətbiq edirəm, tövsiyyə etdiyim kitabları oxuyuram, məsləhət gördüyüm filmləri bir dəfədən çox izləyirəm və s. Aristoteli çox oxuyuram, onun işin etikası ilə bağlı verdiyi məsləhətlərdə bütün bunlar yer alır. İşi etikasına uyğun edirəm və çalışıram ki, izləyicilərimlə aramızda olan güvən əlaqələri zədələnməsin.
- Bizim ölkədə məncə sizi "40 sabah tezdən oyan" proyekti ilə daha çox tanıdılar. Başqa xarici ölkələrdən bu proyektdə iştirak edənlər oldumu?
- Bəli, sizin ölkədən də qatılanlar oldu. Lakin burada əsas diqqət çəkmək istədiyim nöqtə odur ki, baxmayaraq mən 2 il öncə bu proyekti başladım, lakin hələ də günü bu gün bunu öz həyatına tətbiq etmək istəyən yeni izləyicilərim var. Bu məni sevindirir, çünki qalıcı bir şey ortaya çıxara bilmişəm. Trendlər kimi gəlib getmeyib, qalıcı olub. Almaniyadan da qatılım yüksək olmuşdu. Bunu tətbiq edən insanlardan o qədər gözəl mesajlar aldım ki, bu biraz da mənim motivasiyamı qaldırdı. Bunu edən insanlar yarım qoyduqları işlərini tamamladıqlarını, universitetə davam etdiklərini, hətta iş tapdıqlarını mənə danışmağa başladılar. Bütün bunlar isə məni həyəcanlandırırdı.
- Bəs Barış Özcan öz həyatını necə davam etdirir? Maddi olaraq haradan qazanır?
- Mənim öz şəxsi bir agentliyim var. Biz orada bir çox şirkətlərə müxtəlif xidmətlər təklif edirik, onlar üçün videolar və animasiyalar hazırlayırıq. Qısacası mənim kanalımda gördüyüm işlərin biraz daha professional formasıdır. YouTube-dan qazandıqlarım da var, lakin o qazancımı elə kanalıma xərcləyirəm. Kamera alıram, kitab alıram və s. Marka ve brend işbirlikləri də olur, lakin bu, çox azdır. Çünki keyfiyyətinə inanmadığım markaları reklam edə bilmərəm, bu baxımdan bir çox təklifləri rədd edirəm və öz prinsiplərimə sadiq qalıram. İzləyicilərimlə aramdakı səmimiyyəti qorumağa çalışıram.
- Bu işdə özünüzü uğurlu hesab edirsinizmi?
- Uğur çox qəribə bir məfhumdur. Uğur nədir? Maddi gəlirdisə, yox, özümü uğurlu hesab etmirəm. Uğurun kəmiyyəti nədir? Məsələn, kanalımdakı izləyici sayımı? Yoxsa o kanaldan qazandıqlarım bir uğurdurmu? O yöndən özümü heç uğurlu hesab etmirəm açığı (gülür). Uğurun ölçüsü maddi qazanc deyil, izləyici sayı deyil. Bəlkə biraz izlənmə sayı ola bilər. Mənim üçün isə əsl uğur çox da ölçülə bilməyən şeylərdir, məsələn mənə gələn mesajlar, bildirilən fikirlər. Yüz mesajın içindən sadəcə biri çox diqqətimi çəkir və mən onu oxuyub özümü uğurlu hesab edirəm. Amma əgər məni tənqid edənlərin sayı çoxalsa və buna uyğun şərhlər gəlsə, o zaman özümü uğursuz hiss edərəm. Hazırda gələn mesajlar mənim üçün əsl motivasiyadır. Bu mesajlar mənim özümü yaxşı, uğurlu hiss etməyimə səbəb olur. Qəbul edirəm ki, bu uğur subyektivdir, obyektiv deyil.

- Daha geniş kütləyə xitab etmək üçün gələcəkdə ingiliscə videolar hazırlamaq planınızda varmı?
- Videolarımın bəzilərində ingiliscə altyazılar var. Bu arada Azərbaycandakı könüllülərə təşəkkürümü bildirirəm. Onlar mənim videolarımın Azərbaycan türkçəsində altyazılat hazırlayırlar. Hazırda videolarım səkkiz-doqquz dilə tərcümə edilir. Buna görə də könüllülərə təşəkkür edirəm. Filmdən əvvəl ingiliscə bir vlog çəkdim. Tamamilə ingiliscə idi. Lakin türkcə hazırladığım videoları ingiliscəyə çevirmək iki qar işdir. Çünki videolarımda türk dilinə xas olan deyimlərdən istifadə edirəm hansı ki onların ingiliscədə qarşılığı yoxdur. Onu ingilis dilinə çevirmək üçün oturub bir daha düşünüb, yenidən yazmaq lazımdır.
- Filminizdə irqçilik, önyargı (mühakimə) məsələlərinə toxunmusuz. Niyə məhz bu məsələləri qabartdız?
- Hazırda dünyanın içində olduğu şəraitə görə. Sizin ölkənizdə, mənim ölkəmdə, hazırda yaşadığım Amerikada , İngilitərədə, Rusiyada, Çində - bunların hamısında hazırda bu rüzgar əsir. Çox avtoriat rüzgardır. Bu rüzgarın altında olan kütlələr, insanlar istər-iatəməz şərtlənməyə başlayır. Beləliklə onlar özlərindən uzaqlaşır. Özlərində (təməllərində) olan açıq ürəklilik, fərqliliklərə olan hörmət, sevgi itməyə başlayır. Onlar fanatizmlə bütünləşən bəzi bəsit hisslərə üstünlük verirlər və beləcə biri-birilərinə düşmən olurlar. Bu məncə dünyanın ən böyük problemlərindən biridir. İnsani problemdir. Nifrət, irqçilik, xaricilərə qarşı düşmanlıq və buna bənzər bütün ifratlığın təməlində “qorxu” olduğuna inanıram. “Naməluma qarşı qorxu”. Sənin həqiqətən kim olduğunu bilməsəm içimdə bir qorxu yaranır, amma bunu biruzə verəndə bu qorxu nifrət olaraq yansıyır. Etnik kimliyini, irqini, dilini, dinini, tutduğun futbol komandasını bəhanə edərək səni qarşıma alıram. Halbuki səni həqiqətən önyarqılarımdan təmizlənərək, bir insan olaraq tanısam içimdəki o qorxudan əsər qlmayacaq. Və mənim tezisim budur. Bu tezisi hər zamankindən fəqli olaraq ssenari ilə anlatmaq istədim. “Müqəvva” (Scarecrow) adlı film çəkdim.
- Oğlunuzun adının Sufi olması çoxlarının marağına səbəb olub. Sizdən bu sualı soruşmağımı istədilər. Nə üçün Sufi?
- Oğlumun adı Sufidi. Bu adın mənasını həyat yoldaşım öz blog səhifəsində açıqlamışdı. Mən 2-3 ildir “YouTube”dayam, amma bundan əvvəl də sosial şəbəkələrdən istifadə edirdim. Məsələn, “Twitter” açıldığı zaman Türkiyədən 34-cü istifadəçi mən, həyat yoldaşım isə 35-ci üzvdür. Sufinin adını 1 yanvar, saat 11:11-də Tviit ataraq bildirdik. İstəsəniz, mənim şəxsi hesabımdan bu tviti görə bilərsiz. Sufi İyun ayında dogulduğu zaman onun artıq internet səhifəsi var idi. Çox sosiallığın pis və ya yaxşı olduğunu sorğulamağa başladılar. Sufi soasial media uşağı olaraq dünyaya gəldi. Sufi adını təkcə dini bir ad olaraq düşünməmək lazımdır. Sufi təkcə ərəbcə deyil həm də latınca da istifadə olunub. Latınca “müqəddəs yer” deməkdir. Sufi adını ilk dəfə Türkiyədə övladına vermiş insanlarıq. Bu adı qoyduğumuz zaman çevrəmiz tərəfindən çox böyük tənqidlər almağa başladıq. Bu adı qoyduğumuz zaman ailəmizin narazılığı ilə də üzləşdik. Sufi adının 10-dan çox mənası var. Ərəb dilində “Saflıq” və ya “dəyərli yun” mənasını daşıyır. Biz övladımıza adını verməkdə əvvəlcə məqsədimiz onun soaial hesablarının ad haqlarını almaq idi. Sufi çox universal bir addır. Biz əvvəcəldən Amerikada yaşamağı planlaşdırırdıq və buna görə də oğlumuza Sufi adını verməyi qərara aldıq. Çünki tələffüzü də asandır.
Aygün SƏFƏRLİ,
Musavat.com






