İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur türk sənətçisi: “Qarabağa gedib, Xarıbülbülü canlı görmək istəyirəm” - MÜSAHİBƏ FOTO VİDEO

5700 28.02.2021 20:47 Müsahibə A A

Mehmet Borukcu: ““Rembo” filminin qəhrəmanı uydurmadır, Mübariz İbrahimov isə gerçəkdir...

Almaniyada yaşayan məşhur türk repçi Mehmet Borukcu Vətən müharibəsi başlayan zamandan bu günə qədər Qarabağ, Azərbaycan haqqında bir neçə mahnılar ərsəyə gətirib. Onun “Vur hadi, Qarabağ”, “İlle də Qarabağ”, “Azad Şuşa”, Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi “Mübariz” mahnıları bir daha Azərbaycan-Türkiyə birliyini, dostluğunu dünyaya nümayiş etdirdi. Borukcu Azərbaycana qarşı bu sevgisi üzündən dəfələrlə erməni lobbisinin təzyiqi ilə üzləşib.

Bəs sənətçi yenə də Azərbaycan mövzusuna müraciət etməyi düşünürmü? Mehmet Borukcu bununla bağlı Musavat.com-un bu və digər sullarını cavablandırıb:

- Mehmet bəy, öncə istərdim ki, öz haqqınızda daha geniş məlumat verəsiniz. Neçə ildir ki, musiqi ilə məşğulsunuz? Azərbaycana aid mahnılar yazmaq marağınız haradan yarandı?

- Almaniyada doğulub, böyümüşəm və hələ də burada yaşayıram. 44 yaşım var. İstifadə etdiyim təxəllüs Bəyaz Kurtdur. Zamanında atam iş dalınca Türkiyənin Aksaray şəhərindən bura, Almaniyaya gəlib. Buna görə də burada doğulub, burada böyümüşük. Rəhmətlik atam gəncliyindən türkçü idi. Bizi də bu yöndə böyüdüb, yetişdirib.

Beləliklə, düşünürəm ki, türk harada əziyyət çəkirsə, biz öz işimizlə onun onun dərdini anladıb, yazıb, yaratmalı, dünyaya çatdırmalıyıq. Yəni, biz təkcə Azərbaycan, Qarabağla bağlı deyil, Krım, Mosul, Doğu Türküstan üçün də yaza bilərik. Məlum olduğu kimi, Doğu Türküstanda hələ də türk soydaşlarımıza olmazın işgəncə və əzabları verilir. Artıq bütün dünya Çinin kamplarında baş verənləri görməyə, bunu qəbul etməyə başlayıb.

27 il idi ki, Qarabağın dərdi içimizdə böyük bir sancı, sızıltı idi. Çox şükür ki, Azərbaycan bu müharibədə qələbə qazandı və bu sızıltı ı artıq dinib. Doğrudur, tam bitməyib, amma inanıram ki, bu tezliklə baş verəcək... İkinci Qarabağ savaşı başlayanda artıq gündəm Qarabağ oldu və ona görə də bu mövzuda mahnılar yazdıq.

İlk olaraq “Vur hadi, Azərbaycan”, daha sonra “İllə də Qarabağ”, Şuşa düşmən işağldan azad olunduqdan sonra ona həsr etdiyimiz “Azad Şuşa” replərini yazdıq. Bu yaxınlarda isə 2010-cu ildə qəhrəmancasına şəhid olan Mübariz İbrahimov haqqında yazdığımız “Mübariz” adlı repimizi təqdim etdik. Repin sözləri Süleyman Çobanoğluna, musiqisi isə mənə məxsusdur.

Beləliklə, İkinci Qarabağ müharibəsi zamanı əsgərlərə dəstək olmaq üçün başladığımız bir silsilə var və bu silsilə davam edir. Qarabağla bağlı məsələnin gedişatına baxanda düşünürük ki, bu hələ davam edəcək.

-Yəqin ki, digər sənətçilər kimi siz də erməni lobbisinin təzyiqi ilə üzləşmisiniz...

- Bəli. Məsələn, Amerikada erməni lobbisi güclü olduğu üçün oradan mənim “İnstagram” səhifəmi bağlatdırmışdılar, yəni heç bir əsası olmadan. Daha sonra isə “Azad Şuşa” əsərimizin başlığını “Şuşi iz Armeni” ilə dəyişdirərək paylaşıblar. Əsərin içini açdıqda Azərbaycan ordusunun oradakı qalibiyyətini əks etdirən musiqi parçası çıxır. Bununla bağlı artıq qanuni mübarizəmizə başlamışıq. Ermənilərlə təkcə savaşda deyil, həm də informasiya müharibəsində savaşırıq.

“Youtube” platformasında paylaşdığımız əsərlərin altında bir çoxu “Yaşasın azəri-türk qardaşlığı” yazır. Lakin hər zaman bildiririk ki, azərbaycanlılar azəri deyil. Sadəcə Sovet hakimiyyəti dövründə məqsədli şəkildə azərbaycanlıları bu cür adlandırıblar və təəssüf ki, hələ də bilmədən “azəri” deyənlər var. Azəri Güney Azərbaycanda kiçik bir tayfadır və onların türklə heç bir əlaqəsi yoxdur. Bu baxımdan düşündük ki, “Biz azəri deyil, türkük” deyə bir mahnı yazaq. İnşallah qısa bir zamanda onu da yazacağıq.

- Almaniyada Azərbaycana həsr etdiyiniz mahnılar necə qarşılanır?

- Doğrudur, mən Almaniyada doğulub, böyüyüb, burada yaşayıram. Lakin gördüyümüz işlər daha çox internet resusları ilə bağlı olduğundan az-çox təqib edə bilirəm ki, mahnılarımızı daha çox haradan izləyirlər. Deyə bilərəm ki, daha çox dəstək, izlənilmə İstanbuldan gəlir. Doğrudur, Bakıdan eləcə də Almaniyanın özündən də dəstək olur, lakin qeyd etdiyim ki, ən çox izləmə İstanbuldan olur.

-Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova da musiqi həsr etmisiniz. Daha kimlərə mahnı bəstələməyi düşünürsünüz?

- Mübariz İbrahimovla digər şəhidlərimizin arasındakı fərqi söyləməyək gərək yoxdur. Əgər bənzətmək olarsa, mən onu təxminən 1982-84-cü illərdə Hollivudda çəkilən “Rembo” filmindəki obraza bənzədirəm. Amma o film uydurulmuş bir ssenari əsasında çəkilmişdi. Yəni, elə bir, o cür gücə malik qəhrəman həyatda olmayıb. Lakin qəhrəman Mübariz İbrahimov bir roman, ssenari deyil, o, gerçəkdir.

Azərbaycan bu günə qədər bir çox gözəl işlərə imza atıb. Məncə, Azərbaycan dövləti, hökuməti Mübariz İbrahimov haqqında Hollivud tərzində, sanballı bir film ərsəyə gətirməlidir. Ən azından belə bir şeyin olmasın istəyərəm. Mütləq, Mübarizin gerçək filmi olmalıdır. Lakin bu, bir neçə dəqiqəlik deyil, bir neçə saatlıq, uzunmetrajılı bir film olmalıdır.

Əlbəttə ki, şəhidlərin hər biri üçün ayrı-ayrı dastanlar, kitablar yazılmalıdır. Hətta “Vur hadi, Azərbaycan” mahnısında onların bəzilərini anmışdıq. Hesab edirəm ki, Çingiz Mustafayev, Polad Həşimov haqqında da xüsusi bir əsər yazmaq çox gözəl olardı.

 

Çingiz Mustafayevə aid mahnı yazmaq haqda bir fikrim var. Doğrudur, Çingiz Mustafayev media nümayəndəsi olub, lakin görüldü ki, 1992-ci ildə o, əslində bir savaşçı, komandir imiş. Müharibə bölgəsində ömrlərində heç vaxt əlinə silah almayan insanları motivasiya edir, onları ruhlandırırdı. Bu baxımdan o, təkcə tele-jurnalist deyil, həm də savaşçı hesab oluna bilər.

Təssüf ki, izləmə sayına baxanda görürük ki, türklərlə bağlı bir əsər ortaya qoyanda sadəcə bir qisim insan dinləyir. Amma yer üzündə ən müqəddəs varlıq olan ananı, qadını erotizmlə yan-yana gətirib çəkilən kliplər, məhəbbət mahnıları milyonlar tərəfindən izlənilir. Təsəvvür edin, Mübariz İbrahimov haqqında çəkdiyimiz klip bu günə qədər təxminən 32 min nəfər tərəfindən izlənilib. İnsanlarımızı bu sahədə oyandırmaq çox çətin olacaq. Çünki düşmənlər ətrafımızı sarıyıb. İndi əsasən pop, doğru-dürst olmayan musiqilər izləyir. Milləti oyandırmaq asan olmayacaq, amma bu yolda hər zaman mübarizə aparacağıq, övladlarımıza bu gerçəklikləri anladacağıq.

 

-Azərbaycanda olmusunuzmu? Yəqin ki, bir çoxları kimi siz də Qarabağı, Şuşanı ziyarət etmək, daha yaxından görmək istəyirsiniz.

- Bəli, 3 dəfə Azərbaycana səfər etmişəm. Deyərdim ki, Azərbaycan dünyanın incilərindən biri, iqlimlərin ən gözəl olduğu yerdir. Əlbəttə ki, çox istərdim ki, Qarabağa gedim, Xarıbülbülü canlı görüm. Hansı türk bunu istəməz? Mən də bütün türklər kimi Qarabağa gəlmək, oradakı dostlarım, qardaşlarımla görüşmək istəyirəm. Artıq oyanıb, birləşməliyik deyə düşünürəm... Hazırda yanımda övladım oynayır. Bax, bu övladımın Qarabağı, Türkmənistanı, Qazaxıstanı bilməsi, Şərqi Türküstan üçün ağlaması lazımdır. Bu, mənim dərdimdir... “

 Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR