İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur siyasi ekspert Qərbi Azərbaycana görə ittiham etdi

1321 27.07.2016 07:25 Siyasət A A
“İslam təhdidini nəzərə alaraq, bir çox Qərb ölkələri postsovet hökumətlərində müsəlmanların insan haqlarının açıq-aşkar pozulmasına etiraz etməyə elə də meyl göstərmir. Əslində bu, başa düşüləndir. Çünki etiraz olarsa, bu, həmin ölkələrin daxili siyasətinə qarışmaq sayıla bilər. Amma mənəvi cəhətdən buna haqq qazandırmaq olmaz və nəticəsi pis ola bilər”. Bu barədə məşhur siyasi analitik Pol Qobl sosial şəbəkədə yazdığı məqalədə bildirib.(contact.az).  

“Qərbin müsəlmanların insan haqları pozuntusuna susqunluğu ekstremistlərin işinə yarayır” adlı məqaləsində P.Qobl qeyd edib ki, hazırkı durumda Qərbdə kimsə müsəlmanların haqlarından danışsa, o, terrorizmi dəstəkləyən biri adlandırılmaq təhlükəsi ilə üzləşə bilər. Amma nəinki bu ikili standartlar mənəvi cəhətdən yanlışdır, həm də iki səbəbdən siyasi olaraq bu, qəbulolunmazdır: “Bu, hakimiyyətlərə öz vətəndaşlarının insan haqlarını ”İslam ekstremisti" adı altında kobud şəkildə pozmalarına imkan verir. Hakimiyyətlər bu əməllərini “İslam ekstremistləri ilə mübarizə” adı altında maskalayırlar. Qərbin susqunluğu digər tərəfdən də real təhlükəli islam radikallarına əlavə imkanlar yaradır. Belə ki, onlar bundan öz xeyirlərinə istifadə edirlər. Onlar Qərbin susqunluğunu insan haqlarının qorunmasında müsəlmanlara qarşı ayrı-seçkilik kimi qələmə verərək digərlərini də öz sıralarına cəlb edirlər. İslam ekstremistləri ilə mübarizəni, həqiqətən dəstəyə, müdafiəyə ehtiyacı olanlardan ayırmaq gərəkdir".

Müəllif nümunə kimi Azərbaycandakı durumu göstərib. 

Siyasi analitik Natiq Miri isə hesab edir ki, Pol Qobl bu fikirlərində müəyyən dərəcədə haqlı olsa da, islamçıların hüquqlarının pozulması halları təkcə Qərbin bu cür hallara göz yummasından qaynaqlanmır. Hər bir toplum öncə özünə güvənməlidir. Bunun üçün toplumun özünüqoruma instinkti olmalıdır. Bu olmadıqda heç bir güc mərkəzi bu toplumu sadəcə ədalət naminə avtoritar qanunsuzluqlardan, repressiyalardan qoruyacaq deyil: “Əgər bu xüsusda hansısa hərəkətlər varsa da, bu, artıq o güc mərkəzinin geosiyasi maraqlarına xidmət etdiyi təqdirdə mümkün olur. Ona görə də hər bir toplum ilk növbədə ayaqda dura bilməsi üçün özünün təbii və institutsional hüquqlarını qorumağı bacarmalı və bunun üçün immunitet formalaşdırmalıdır.

Qərb bu məsələdə həlledici amil deyil, yalnız yardımçı vasitədir. Ancaq buna rəğmən demokratik dünyanın insan hüquqlarının qorunması ilə bağlı prinsipial mövqe nümayiş etdirməsi avtoritar rejimlər üçün müəyyən mənada çəkindirici amil ola bilir və bunu danmaq olmaz".

Ekspertin fikrincə, onu da anlamaq lazımdır ki, dünyada üzdə olmasa da səhnə arxasında bir konfessional savaş mövcuddur və bu, daha çox müsəlmanlara qarşı tətbiq olunur. Ona görə də müsəlman dünyasında baş verən nəinki elementar insan hüquqlarının tapdanmasına, hətta total olaraq insan qətliamlarına göz yumulur: “Məhz bunun nəticəsidir ki, bu gün müsəlman dünyasına atılan şər bumeranqları qayıdıb Qərb dünyasının özünü vurur. Unutmaq lazım deyil ki, radikal islam qruplarının əksəriyyəti məhz Qərb mərkəzləri tərəfindən yaradılıb və idarə olunur. Və bütün bunlar Qərb mərkəzlərinin geosiyasi maraqlarına xidmət edir. Burada nəinki qanunsuz həbslər, heç 10 minlərlə müsəlman qətliamları çox rahatlıqla gözardı edilə bilir. Ona görə də yalnız xarici amillərin ədalətinə sığınanlar, bundan gözləntiləri olanlar bütün zamanlarda bunu görməyəcəklər. Bu o zaman mümkün olur ki, toplum özü daxildə güclü olur. Və daxildə toplum dirənişli, güclü olduqca xarici dəstək də gəlir. Eynən Ukraynada olduğu kimi. Bu da o deməkdir ki, toplum Pol Qoblun göstərdiyi Qərb mərhəmətindən asılı olmamalıdır. Əksinə, bütün proseslərdə əsas hərəkətverici və qərarverici tərəf rolunda özü çıxış etməlidir. Onda həm daxildəki idarəetmə rejimləri, həm də xarici güclər bununla hesablaşmalı olacaqlar”.

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR