İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur rəqqasə satıcılıq etdi: “Günlərlə onun haqqında düşünürəm” - FOTOLAR, VİDEO

2216 19.06.2018 14:09 Şou-biznes A A

Yeni biznesə başlayan rəqqasə Renka (Rəna Alımuradova) ilə geyim və xına aksesuarları satılan butikində görüşdük.

Musavat.com-un suallarına cavab verən rəqqasə ilə söhbətə yeni işlərindən başladıq:

- Son illər tanınmışların çoxu biznesi başlayıb. Artıq siz də onların sırasına qoşuldunuz. Necə oldu ki, bu işə başlamağa qərar verdiniz?

- Hər bir qadın kimi mənim də modaya marağım var. Mağazamız iki hissədən ibarətdir, bir tərəfində qadın geyimləri, digər tərəfində xına mərasimi üçün aksessuarlar satılır. Dostum Elvinlə ortaq işlədirik. Aksesuarların hamısı əl işidir. Özləri hazırlayıb. Mənim sahəm isə geyimdir. Hələlik sınaq üçün balaca məkan açmışam, gələcəkdə işləri böyüdəcəyəm.

- Geyimləri özünüz seçib gətirirsiniz, yoxsa bu işi görənlər var?

- Mənim vaxtım yoxdur, geyimlə xüsusi maraqlanım. Köməkçilərim var, onlar ən son yenilikləri izləyir, qadınların zövqünü araşdırır, ona uyğun geyimlər gətirirlər. Mən isə nəzarət edirəm. Əlbəttə, dəbdən uzaq, zövqsüz geyimləri butikimdə görə bilməzsiniz.

- Müsahibədən öncə dediniz ki, atelye açacaqsınız. Özünüz geyim hazırlayacaqsınız. Deyə bilərik ki, Renka modelyerlik yolunda irəliləyir?

- Atelye açmaq fikrim var. Orada həm özümüzün, həm də xanımlarımızın zövqünə uyğun geyimlər tikəcəyik. Bir də gördünüz modelyer oldum (Gülür). Bu kolleksiyadn sonra özümün hazırladığım, ərəb geyimlərinə oxşayan libaslar satışa çıxaracağıq.

- Mağazanızda qiymətlər necədir? Ən bahalı və ən ucuz geyimlər neçəyədir?

- Qiymətlər münasibdir. Bahalı geyimlər ziyafət geyimləridir. Ucuzlar isə futbolkalardır. Bizdə hər qiymətə geyim var.

- Olub ki, satıcı olaraq müştərinin qarşısına keçib, onlarla özünüz maraqlanasınız?

- Olub. Bəzən xanımlar gəlib, qərar verə bilmirlər. Mən onlara kömək edirəm. Hətta, məni görmək üçün mağazamdan alış-veriş edənlərdə var. Əslində, bu geyimləri özüm geyib, sizin üçün modellik edəcəkdim. Amma əməliyyat olduğum üçün çox hərəkət edə bilmirəm. Səni geyindirəcəyəm.

Ziyafət geyimlərindən birini seçib, mənə uzadır: ” Bunu geyin. Həm də gör, müştərilərə necə davranıram”.

Çəhrayi libası geyinirəm, Renka çiyinərini düzəldə-düzəldə danışır:
“Əslində alış-veriş etməyi sevmirəm. Mağazaya girib, bəyəndiyimi götürüb çıxıram. Səbrim çatmır ki, uzun-uzun geyim axtarım.

- Yəqin, brend düşkünlüyünüz də yoxdur?

- Mən modabaz deyiləm. Pal-paltar xəstəsi də olmamışam. Brend geyim dalınca qaçmıram. Mənə nə versələr, geyinirəm. Əsas pulumu rəqs geyimlərinə xərcləyirəm.

- Rəqs geyimləriniz maraqlı və fərqli olur. Səbirsizliyi rəqs geyimləri seçərkən də göstərirsiniz?

-(Gülür) Əlbəttə, yox. Mən rəqsin vurğunuyam. Geyimlərimin çoxu mənim üçün hazırlanır. Çoxuna fərqliliyi mən qatıram. Bəzən günlərlə rəqs libasım haqqında düşünürəm.

- Sevdiyiniz xüsusi rəng var?

- Qara rəngi çox sevirəm. Hamı mənə deyir ki, cavansan, rəngli geyimlər geyin. Amma mən gedib, qaradan yapışıram. Yayada isə idman stilində geyinməyə üstünlük verirəm. Cins şalvar, idman ayaqqabısı, futbolka.

- Sənət yoldaşlarınızdan sizə dəstək olan oldu?

- Bir neçəsi gəlmişdi. O gün də rəqqasə Fatimə gəldi, buradan paylaşım etdi. Demişəm ki, reklam qarşılığı siz paltar verə bilərəm.  Zəng edib təbrik edən də var. Kənarda ağız əyən də. Hər kəsin ruzisini Allah verir. Hamıya işlərində uğurlar arzulayıram.

- Bayaq əməliyyat olduğunuzu dediniz. Nə ilə bağlı idi?

- Estetik əməliyyat idi, açıqlamaq istəmirəm. Bu qədər ağır olacağını düşünmürdüm. Hələ də özümə gələ bilməmişəm. Ağrıya dözümüm yoxdur.

- Hazırda dərslər alırsınız.  Rəqslə bağlıdır, ya necə?

- Rəqslə bağlı kurs keçdim Rusiyada. Indi Azərbaycan dilindən hazırlığa gedirəm. Bilirsiniz ki, mən Rusiyada yaşamışam. Bir də naxçıvanlıyam. Ləhcəm var. Onu düzəltmək, ədəbi dildə daha səlis danışmaq üçün dərs alıram. Bir də Çində önəmli müsabiqəyə qatılacağam.

- Son sualım da “Maşın” şou ilə bağlı olacaq. Maqazin aləminin əsas gündəmini zəbt edən şounu izləyirdiniz?

- Əlbəttə izləyirdim. Roza Zərgərlinin oyununa heyran oldum. Gücü və idarəetmə qabiliyyəti  olan qadındır. Mənim üçün maraqlı şoudur. Dəvət alsam, sevərək qatılaram.

Könül,
Musavat.com,
Fotolar və Video Elçin Əkbərovundur.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR