İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur mərsiyəxan Seyid Taleh “Yeni Müsavat”a danışdı – “Xaricdəki toylar bərəkətli olur”

5687 02.05.2018 21:11 Müsahibə A A

“Almaniya, Türkiyə, İtaliyada və digər ölkələrdə də dini toylarda olmuşam”

Daha çox oxuduğu mərsiyə və rövzələr, eyni zamanda, İslam dininin görkəmli şəxsiyyətlərinə həsr olunmuş mahnıları ilə məşhurlaşan Seyid Taleh Boradigahi sosial şəbəkələrdə davamlı olaraq tənqid hədəfinə tuş gəlir. Sosial şəbəkələrdə onun oxuduğu mahnılar, söylədiyi sözlər müzakirə olunur, o, xurafatçılıqda, dini gözdən salmaqda suçlanır.

Onun bir neçə ay bundan əvvəl klarnet, nağara və digər bu kimi musiqi alətlərinin müşayiəti ilə İslam Peyğəmbərinə həsr olunmuş mahnıları oxuması da qalmaqala səbəb olmuşdu. Bundan əlavə Həzrəti Əli haqqında oxuduqları da dini kəsim tərəfindən birmənalı qarşılanmayıb.

“Yeni Müsavat”ın əməkdaşı Seyid Talehlə danışıb, ondan geniş açıqlama alıb.

- İlk olaraq gündəlik fəaliyyətinizlə bağlı danışardınız. Hazırda nə işlə məşğul olursunuz?

- Gündəlik fəaliyyətim ancaq Əhli-Beytlə bağlıdır. Bakıda, bölgələrimizdə və digər xarici ölkələrdə məclislərə dəvət edirlər, gedirik. Artıq dini toyların da sədası hər yerə yayılıb. Ona görə də çox yerə dəvət alırıq. Almaniya, Türkiyə, İtaliyada və digər ölkələrdə dini toylarda olmuşam. 

- Dini toylara maraq daha çox hansı bölgəmizdədir? Xarici ölkələrdə yaşayan həmyerlilərimizdən tez-tez dəvət alırsız?

- Azərbaycanda dini bölgələrdə maraq çoxdur. Xüsusilə də Bakının kəndlərindən bizi tez-tez toya dəvət edirlər. Gəncədən, cənub bölgələrimizdən həddindən artıq dəvətlər alırıq. Mövsümdə toylar çox olur. Azərbaycanda dini qruplar da çoxdur və deyərdim ki, hamının da toyu var. Xaricdən isə Almaniyadan daha çox dəvət alırıq.

- Toylara dəvət alan zaman dini təriqətləri nəzərə alırsız?

- Bizim toyumuzda sünni, şiə qardaşlarımız da olur. Toy məscid deyil ki, ora ancaq dindarlar gəlsinlər. Ona görə də çalışırıq elə mahnılar oxuyaq ki, heç kim narazı olmasın. Əhli-beyt əleyhissalamın adı ilə bağlı vətənpərvər ilahilər, qəzəllər, qəsidələr də oxuyuruq.  Qrupumun adı “Azərbaycan qrupu”dur. Buna görə də xüsusilə milliliyə daha çox üstünlük veririk.

- Oxuduğunuz mahnıların sözləri əsasən hansı müəlliflərdən, mənbələrdən olur?

-  Seyid Əzim Şirvaninin, Hacıbaba Hüseynovun müəllifi olduğu ilahilərimiz çoxdur. Əksəriyyətinin musiqisi özümündür. Bundan başqa Ərdəbil şairlərinin sözlərinə də ilahilərimiz var. Özüm də bəzən cızma-qara edirəm.

- Dini təhsiliniz varmı?

- İslam Universitetini bitirmişəm, atam da ruhanidir. Üç qardaşıq, üçümüz də ruhani təhsili ilə böyümüşük.

- Sizi sevənlər çox olduğu kimi, tənqid edənlər də az deyil. Həzrəti Əli ilə bağlı dediyiniz “qapını bir barmağı ilə qaldırıb” ifadəsi xeyli müzakirəyə səbəb oldu. Onu haradan oxumuşduz?

- Nə oxuyuramsa, heç birini özümdən demirəm. Hamısını şeirlərdən oxuyuram. Məddah ona deyilir ki, şairin yazdığı şeiri oxuyar. Şairlərin də əksəriyyəti bunu hansısa kitabdan oxuyub, elə yazıblar. Özlərindən uydurmayıblar. Bəzi xırda şeylər olub ki, onun sənədini axtarıb tapa bilməmişik. Ancaq yenə də deyə bilmərəm ki, həmin şey baş verməyib. Var, bəlkə də biz tapa bilmirik. Heç zaman istəmərəm ki, qalmaqala səbəb olum. İzləyicilərim də çoxalıb. Baxıram ki, artıq youtube kanalımda 8 milyondan çox baxış var. Görürəm ki, günü-gündən qalmaqal da çoxalır, təhqirlər də gəlir. Artıq bununla barışmalıyam. Düşünürəm ki, bu, normal haldır.

- Əsas ilahilər oxuyursunuz, yoxsa mərsiyəxan kimi fəaliyyət göstərirsiniz?

- Mən əvvəl sırf mərsiyəxan kimi fəaliyyətə başlamışam. İndi də əsas rövzəxan kimi fəaliyyət göstərirəm. Sadəcə olaraq gördüm ki, musiqinin də öhdəsindən gəlirəm. Səsim də get-gedə daha da qaydasına düşür, musiqini, notu, muğamlarımızı da öyrənirəm. Çalışıram ki, ilahilərə millilik qatım ki, onu dinləyən deməsin ki, bu adam iranlıdır. Qoy desinlər ki, azərbaycanlıyam. Öz ilahilərimizlə İranda da kifayət qədər tanınıram. Rövzələrimdə hətta muğam üstündə də çox oxuyuram. Buna görə də dindarlarımız tərəfindən qınaq obyektinə çevrilirəm, təhqirlər yazırlar. Deyirlər ki, bu muğam müsabiqəsi deyil ki, belə oxuyur. Anlamırlar ki, ilahilərə millilik qatıram. Muğam bizim milli sərvətimizdir. Musiqinin özü elə muğamın üstündədir də. Bu cür danışanların musiqi savadı yoxdur. Azərbaycanda ilk dəfə “Ərdəbil yolu” rövzə və mərsiyəni mən oxumuşam. Onu oxuyanda da xüsusilə Nardaran, Maştağa camaatı məni qınayırdı ki, bu, bizə yaddır. Həmin zaman çox az insan məni qəbul etdi. Sonradan hər kəs başladı bu cür oxumağa.

- Qalmaqalların birində sizi tənqid edirdilər ki, klarnet, nağara kimi musiqi alətlərinin müşayiəti ilə ilahi oxuyur.  Bu alətlərlə dini mahnı oxumağa icazə yoxdur?

- İlahi musiqi var və musiqi kökü ilə haram deyil. O musiqilər ki, insanı Allahdan uzaqlaşdırır, onlar haramdır. Məsələn, muğamat necə haram ola bilər? Tara, kamana da deyirlər ki, haramdır. Halbuki, bu tar və kamança öyrənmək istəyənlərə muğamı öyrədir. Tar və kamança deyəndə ağlımıza muğamat gəlir. Ancaq içərimizdəki dindarlar bunun da əleyhinədirlər, qəbul etmirlər. Nə oxuyuramsa görürəm ki, onu şişirdib, qalmaqala gətirirlər. Camaat da qoşulur bunlara. Hələ indiyə qədər çox az halda tənqid görmüşəm. Tənqid yox, həddindən çox təhqir görmüşəm. Heç kimə cavab qaytarmıram, qaytaran da deyiləm. Onları Allaha həvalə edirəm. Bu dəqiqə bütün dini filmlərimiz musiqi ilədir. Dünyada o qədər ilahi oxuyanlar var ki, onları heç zaman qınamazlar. Bir dənə Seyid Talehin üstünə düşürlər. Mən də Allahın sıradan bir günahkar bəndəsiyəm də. Cəmiyyətə pis bir şey təqdim etmirəm ki. Musiqi ilə Allahın, Peyğəmbər və Əhli-beytin adını çəkirəm. Hacı Şahin qardaşımın söhbətlərinə ilahi musiqi qatılır və o musiqinin fonunda görürsən ki, dinləyən kütlə daha da çoxalır. O musiqi vasitə olur ki, allahın sözü cavanın, insanın qulağına dəysin. Əfsus ki, bunu anlayan, başa düşən azdır.

- Dindarlardan çox giley etdiniz. Fikrinizcə dini camiədə hansı dəyişiklik olmalıdır?

- Dini cərəyanları bir kənara qoyuram. Onlarla işim olmaz. Hər zaman vəhdət yaratmağa çalışacam. Çox gəncləri başıma yığıram. 10 ildir İstanbulda Aşura mərasimi oxuyuram ki, ora bəzən milyona yaxın insan cəm olub. Daim şiə-sünni vəhdəti üçün çalışıram ki, bir olub, islama xidmət edək. Vəhşi dini cərəyanlarla biz düşmənik. Öz qardaşlarıma kiçikləri kimi tövsiyə edirəm ki, heç nəyi qərəzlə etməsinlər. İnsanı da tənqid edəndə bunu insafla etsinlər. Bir az düşünsünlər. Onsuz da söyənlər, təhqir edənlər çox olur. Cərəyanların hamısı söyür. Gedib Ankarada şiə qardaşımın toyunu oxuyuram. Orada sünni qardaşlarımız da vardı. Onlar rəqs etdilər və bu da qalmaqala səbəb oldu. Bu hadisədən sonra boynuma sufi adı qoydular. Bu, tamamilə yersiz böhtandır. Toy sahibini də araşdıra bilərlər ki, o, kimdir. Orada sufi deyilən bir şey olmayıb. Fırlanaraq zikr demək onların da mədəniyyətinə çevrilib. Bu da bir qardaşlıq göstərişi idi ki, biz etdik. Ancaq yenə də təhqirlə qarşılayıb, böhtanlar dedilər. Toy sahibinə də sufi adını qoyub, onu da narahat etdilər.

- Toylara gedən zaman qiymət danışırsız?

- Bəli. Çünki qrup olaraq 6 nəfərik. Bəzən sayımız daha da çox olur. Tar və kamança istəyən zaman sayımız 8-ə qalxır. Onların haqqı var. İllərdir ki, bu qrupu idarə edirəm və həmin insanlar da gözlərini ancaq toylara dikiblər. Adımıza qiymətlər yazırdılar ki, həmin qiymətə heç zaman toya getməmişik. Bəlkə bundan sonra Allah xalqımıza ruzi verər, başqalarına verdikləri məbləğdə bizə də verərlər. Dəyərlərdən oxuyuruq də. Kimlərdən oxuyuruq ki? Səsimizi Allaha, peyğəmbərə bağışlamışıq. Kasıb təbəqəni də anlayırıq. Olur ki, toyda bizə xələt gətirib qoyurlar. Onu belə ev sahibinə kömək kimi göstərirəm ki, bu qədər məbləğ yığılıb, siz də qalanını verərsiniz.

- Toya getdiyiniz məbləğ təxminən nə qədər olur?

- Adambaşına bəzən 120-130 manat düşür. Baxır da. Bəzən ondan da az olur. Xaricdəki toylarımız isə ruzili-bərəkətli olur.

Əli Rais,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR