İnsanlara hürriyət, millətlərə istiqlal!

Məscidlərdə Aşuraya hazırlıqlar və qanvermə aksiyaları başladı

775 07.09.2019 11:20 Ölkə A A

Hacı İlqar İbrahimoğlu: “İslam akademiyaları, böyük müctəhidlər baş yarmağın haram olduğunu bəyan ediblər”

Hicri 1441-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə təsadüf etdiyindən, Aşura günü bu il sentyabrın 10-da keçiriləcək.  Qeyd edək ki, Məhərrəmin onuncu günü olan Aşura hicri təqvimi ilə 61-ci ildən şəhadət və hüzn günü kimi yad edilir. Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi və səhabəsi İmam Hüseyn (ə),  imamın digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilmiş, ailələri əsir alınmışdı. Bu hadisədən sonra  İmamın (ə) haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik, dirçəliş nümunəsinə çevrildi.

Azərbaycanda da hər il Məhərrəmlik əyyamında əhalinin dindar kəsimi İslamın müqəddəs şəhidlərinə əza saxlayır, məscidlərə axın edir, ibadətlə məşğul olub ehsanlar paylayırlar.

Qafqaz Müsəlmanları İdarəsi də müsəlmanlara tövsiyə edir ki, məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri, Aşura məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri İmam Hüseyn (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, vətən təəssübü və milli mənafelərimizin təbliğinə ciddi çalışmalıdırlar. QMİ ibadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməz olduğunu açıqlayıb.

Məscidlərdə Aşuraya ile ilgili görsel sonucu

 Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Qurşağadək soyunub zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir, İmamın (ə) və Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir.

Məscidlərdə Aşuraya ile ilgili görsel sonucu

Aşura gününün əməlləri ilə bağlı “Yeni Müsavat”a danışan ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu bildirdi ki, hazırda bütün İslam dünyasından Əhli-beyt sevərlər artıq Məhərrəm ayının ilki 10 günlüyünün əzadarlığını yaşayırlar. Bu əzadarlıq günlərinin pik nöqtəsi Tasua və Aşura günləridir. Bütün bu əzadarlıq məclislərində, xüsusən də Tasua və Aşura günlərində əzadarlıq yaşamanın bir neçə çalarının olması bəyəniləndir. Mövzunun maarifçilik, fəlsəfi və intellektual hissəsinə mütləq diqqət olunmalıdır. Tasua və Aşura yaşadılan günlərdə, ümumən Məhərrəmlik əyyamında əzadarlığın 3 istiqamətdə yaşanması çox önəmlidir. İlk növbədə fəlsəfəsi dərk edilməlidir ki, nə oldu və niyə oldu. Necə oldu,  toplum nələrə diqqət etmədi ki,  İslam ümməti bu həddə çatdı, cinayət törətdi. Ümumilikdə Aşura məktəbinin fəlsəfəsi və missiyası öyrənilməli, bunlar insanlara çatdırılmalıdır".

Hacı İlqar İbrahimoğlu ile ilgili görsel sonucu

İlahiyyatçı qeyd etdi ki, digər  mühüm məsələ əzadarlıq məclislərində emosional-estetik zövqün tərbiyəsidir: “Bu faciə baş verən zaman yaşanan o ağrılı müsibətlərin, çətinliklərin obrazlı, bədii şəkildə çatdırılmasıdır ki, bunlar Azərbaycan mərsiyələrində, rövzələrdə, nohələrdə, folklorumuzda mövcuddur. Burada da İmam Hüseyn (ə) məktəbinin mahiyyəti, bu məktəbin insan yetişdirmək, ali dəyərləri aşılmaq, inkişaf etdirmək müstəvisində əhəmiyyəti nəzərə  alınmalı, təbliğ edilməlidir”.

Kərbəla hadisələrini bir məktəb adlandıran Hacı İlqar İbrahimoğlu burada hər bir nəsilə örnək olan səhnələrin yaşandığını diqqətə çatdırdı: “Üçüncü yönü praktik məsələlərdir, istər uşaq tərbiyəsində, istər insan yetişdirmədə, istər əxlaqi təkamüldə bizim bu məktəbdən götürə biləcəyimiz dərslərdir. İzzət, ləyaqət, imtahanlarda gözəllik görmək xarakteri var bu məktəbdə. O hadisələrdə yaşanan bütün obrazların, yaşlılar üçün Həbib ibni Məzahirdən yeniyetmələr üçün Həzrəti Qasimə qədər bütün səhnələrdə nümunələr var”.

İlahiyyatçı vurğuladı ki, ümumilikdə Azərbaycan toplumunda baş yarma kimi bir hal yoxdur, bu mövzu bizdə aktual deyil: “İslam akademiyaları, böyük müctəhidlər baş yarmağın haram olduğunu bəyan ediblər. Vətənimizdə də belə bir hal müşahidə olunmur”.

Qanvermə aksiyasına gəlincə, İ.İbrahimoğlu bu ənənənin təkcə Aşura ərəfəsində deyil, ilboyu yaşadılmasının vacibliyini vurğuladı: “Onillər öncə hələ belə bir mədəniyyət cəmiyyətdə olmadığı dövrdə, biz qanvermə mədəniyyətini topluma gətirmək istədiyimiz zaman bunun həm Aşura günündə, həm də başqa vaxtlarda olmasını və bir növ həyat tərzi olaraq həyata keçirilməsini tövsiyə etmişdik. Ümumilikdə çox savab işdir, xüsusilə talassemiya xəstələri üçün faydalıdır. O zaman biz bu proqramı Allahın gözəl adları ”Əsmaül- hüsna" adı ilə İbaşlatmışdıq. İnsanlar bu nəcib bir mədəniyyət əməli olan qanvermə aksiyalarında iştirak edirdilər. O zaman bunu Aşura günüdə başlatmışdıq. Ancaq bu qətiyyən o demək deyil ki, sadəcə qan verməklə artıq əzadarlıq etmiş oluruq, Aşuranın bütün əməlləri kompleks şəklində birgə yaşanmalıdır. Tarixən bu günlərdə xalqımız ehsan məclisləri də keçirib, xeyirxah işlər görüb. Buna öz qanını bağışlamaq kimi bir gözəl əməl də əlavə olunsa, daha yaxşı olar. Həm qanvermə aksiyası, həm də digər gözəl əməllər təkcə Aşura günü və ya Ramazan ayı ilə məhdudlaşmamalı, ilboyu həyata keçirilməlidir. Sözsüz ki, Məhərrəm və Səfər əyyamı, xüsusən də Tasua və Aşura günləri Qarabağın azadlığı kontesktində, şəhidlik məktəbinin inkişaf etdirilməsi baxımından toplumumuz üçün əhəmiyyətlidir. Şəhid qanı bir toplumun oksigenidir. Toplumun inkişafı şəhid ruhiyyəsinin dərkindən keçir. Ümid edirik ki, Aşura məktəbindən nümunə götürən xalqımız Qarabağı da azad edəcək. Məhərrəm və Səfər əyyamında əzadar olan hər kəs bunu niyə etdiyini bilməli, Allahın razılığını düşünməlidir".

Hacı İlham Səlimov ile ilgili görsel sonucu

“Əjdərbəy” məscidinin axundu Hacı İlham Səlimov isə “Yeni Müsavat”a açıqlamasında maarifləndirmə işlərinin bu sahədə müsbət nəticə verdiyini bildirdi: “Artıq əvvəlki illərdən fərqli olaraq insanlar bu sahədə maarifləniblər. Sovet hökumətinin dağılmasından sonra bir boşluq yarandı. Bəzi insanlar bundan istifadə edib, baş yarmaq, zəncir vurmaq kimi ənənələri gətirdilər. Ancaq son illər bunlar yığışdırılıb. "Əjdərbəy" məscidində hər gecə əzadarlıq məclisləri olur, insanlar gəlir  Həzrəti İmam Hüseynə (ə) əza saxlayırlar, klassik şairlərin mərsiyələrini dinləyir. Ötən gün Mirzə Ələkbər Sabirin mərsiyəsi oxundu, insanlar bundan faydalandı. Biz bu məclislərdə Xocalı hadisələri ilə bağlı da danışırıq, orada insanların necə şəhid olmasından danışırıq. Artıq azyaşlıların, anlaqsız uşaqların məscidlərə gətirilməməsi ilə bağlı da maarifləndirmə aparırıq. Yeniyetmələr məscidə gələrsə, onlar İmam Hüseyn ağanı bir vətənpərvərlik, şəhidlik nümunəsi kimi təbliğ edirik".

Qeyd edək ki, QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və təziyə günlərində ehtiyacı olan xəstələr üçün təşkil edilən İmam Hüseyn (ə) xatirinə könüllü qanvermə aksiyaları cəmiyyətin təqdirini qazanıb.  Respublika Səhiyyə Nazirliyi QMİ-nin başlatdığı bu kampaniyaya dəstək əlaməti olaraq məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) də qanvermə aksiyalarının həyata keçirilməsini təmin edəcək.

Aşura günü  ilə bağlı Yeni Azərbaycan Partiyasının qərargahında qanvermə aksiyasına başlanılıb. Aksiyada iştirak edən partiyanın icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Məhərrəm ayında insanlar özünə zəncir vurmaqdansa, qanvermə aksiyasında iştirak etsələr, daha yaxşı olar. Çünki bəzi insanlar müəyyən xəstəliklərdən əziyyət çəkir, onların qana ehtiyacı var. Qan verməklə biz o insanlara kömək etmiş olarıq. Hakim Yeni Azərbaycan Partiyası hər ilə belə aksiya keçirir". S.Novruzov müxalifəti də qanvermə aksiyasında iştirak etməyə dəvət edib.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR