Bakıda mənzillərdən, mağazalardan oğurluq etməkdə təqsirləndirilən şəxs özünü tam günahsız hesab edərək yenidən məhkəməyə müraciət edib. O, 9 illik həbs cəzasının ədalətli olmadığını bildirib.
Musavat.com xəbər verir ki, 1989-cu il təvəllüdlü Novruzov Əli Həsənağa oğlu Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq; külli miqdarda törədildikdə), 180.2.2 (soyğunçuluq, təkrar törədildikdə) və 326.2-ci (rəsmi sənədlərin oğurlanması) maddələri ilə təqsirli bilinib Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, Ə.Novruzov 2010 və 2013-cü illərdə narkotik vasitədən istifadəyə görə iki dəfə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə aministiya ilə azadlığa çıxıb.
Rəsmi ittihamda yazılır ki, Ə.Novruzov 2014-cü ildən başlayaraq silsilə cinayətlər törədib. O, yaşayış sahələrinə, binalara və başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli talayaraq zərərçəkmiş şəxslərə xeyli və külli miqdarlarda maddi ziyan vurub. Həmçinin insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan üsullarla zor tətbiq etməklə, özgənin əmlakını açıq talayaraq təkrarən soyğunçuluq edib. Vətəndaşların şəxsiyyət vəsiqəsini, pasportunu və digər mühim şəxsi rəsmi sənədlərini oğurlayıb.
Ə.Novruzov əsasən Binəqədi, Masazır, Mehdiabad qəsəblərində, Xırdalan və Bakı şəhərlərində cinayət əməlləri törədib. Evlərdən mağazalardan, avtomobillərdən oğurluq edib.
O, Binəqədi rayon sakini Asəf Bağırovun evindən 2500 manat, Masazır qəsəbə sakini Mais Allahverdiyevin evindən 2630 manat, Məhəmmədi qəsəbə sakini Sidiqə Abdullayevaya məxsus mənzildən 5360 manat, Mehdiabad qəsəbə sakini Abdulbəşir Muradovun evindən 2251 manat, Sənan Qubadovun Binəqədi qəsəbəsindəki evindən 1905 manat, Masazır qəsəbəsində Akif Hüseynovun evindən 2.000 manat, Binəqədi rayonunda Mübariz Heydərlinin mağazasından 744 manat, Mehdiabad qəsəbəsindəki “Ağ” marketdən 5 min manat, Xırdalan şəhərində “Avto Mer” avtomobil ehtiyyat hissələri mağazasından 800 manat, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində Fazil Novruzovun maşınından mühim şəxsi sənədləri ilə yanaşı 7082 manat, Binəqədi rayonundakı “Uğur” marketdən 3460 manat dəyərində oğurluq edib. Ə.Novruzov daha bir neçə mənzil və mağazalardan da oğurluq edib.
Ə.Novruzov soyğunçuluq əməli də törədib. O, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində Gülnarə Baxışovaya gizlicə yaxınlaşaraq ona zor tətbiq etməklə barmağında olan 780 manat dəyərində briliant qaşlı üzüyünü və 200 manat olan pul qabını alıb.
Təqsirləndirilən şəxs ən çox oğurluğu isə məsciddən edib. Ə.Novruzov Yasamal rayonu “Qasımbəy cümə” məscidində namaz qılan Anar Əhmədovun əynindən çıxardığı gödəkcəsini oğulayıb.
200 manat dəyəri olan gödəkcənin cinibində rəsmi sənədlər və külli miqdarda qızıl zinət əşyaları olub. Belə ki, Ə.Novruzovun oğurladığı gödəkəçənin cibində 900 manat dəyərində 30 qram çəkidə 3 ədəd tam hazırlanmamış qadın qızıl üzükləri, 2700 manat dəyərində üzərində 10 ədəd 15 sot briliant qaşları olan qadın üzüyü, 600 manat dəyərində briliant qaşları olan qadın üzüyü, 3000 manat dəyərində 15 ədəd 15 sot brilyant qaşlar, 985 manat dəyərində 5 ədəd 20 sot brilyant qaşlar, 471 manat dəyərində 3 ədəd 20 sot briliant qaşlar, 2092 manat dəyərində 53 qram çəkidə 750 əyyarlı lom vəziyyətdə qızıl və digər zinət əşyaları olub.
Həmçinin A.Əhmədovun 200 manat dəyərində planşeti, mobil telefonu, avtomobilinin açarı da oğurlanan əşyalar arasında olub. Anar Əhmədova ümumilikdə 16025 manat maddi ziyan dəyib.
9 il cəza alan Ə.Novruzov apellyasiya şikayətində özünü tam təqsirsiz hesab edərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.
Apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılıb.
Məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, Ə.Novruzovun cinayət işi materiallarında olan ifadəsinin yerində yoxlanılması barədə olan protokollardan görünür ki, o, oğurluq cinayəti törətdiyi obyektlərdən oğurluğu necə etdiyini təsvir etməklə əyani şəkildə göstərib.
Məhkəmə kollegiyası hesab edib ki, cəzanı yüngülləşdirici hal kimi sadəcə zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə edilməsi və onların tələblərinin olmaması nəzərə alına bilər. Məhkəmənin qərarına əsasən Ə.Novruzoun apellyasiya şikayəti təmin edilməyib və onun barəsində olan 9 il azadlıqdan məhrum edilmə cəzası qüvvədə saxlanılıb.
İ.Muradov
Musavat.com






