Mərkəzi Bankın rezervləri azalır: Manat "üzən məzənnə" rejiminə keçirilə bilər
Natiq Cəfərli: “Seçkilər də geridə qaldı və manatın “üzən məzənnə”yə keçməməsi üçün siyasi səbəb qalmadı”
Vüqar Bayramov: “Proqnozlar onu göstərir ki, artıq 2016-cı ildə Mərkəzi Bank “üzən valyuta rejimi”nə keçəcək”
Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabr ayı üzrə sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmini açıqlayıb.
AMB-dən verilən məlumata görə, AMB-nin valyuta ehtiyatları sentyabrda 271,2 mln. dollar və ya 3,71% azalaraq, 7 mlrd. 44,2 mln. dollara düşüb.
Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin valyuta ehtiyatlarında 7 mlrd. 998,2 mln dollar və ya 53,17% azalma qeydə alınıb.
Mərkəzi Bankın ehtiyatlarının bu cür sürətlə azalması ölkə iqtisadiyyatını da təhdid edir. Ən böyük basqı isə manat üzərindədir. İstər iqtisadçılar, istərsə də sadə vətəndaşlar manatın növbəti dəfə kəskin devalvasiyaya uğrayacağından narahatdırlar.
Bəs, görəsən Mərkəzi Bankın valyuta ehtiyatlarının sürətlə azalmasına səbəb olan amillər nələrdir? Bu proses davam edərsə, ölkə iqtisadiyyatını nələr gözləyir? Manatın növbəti kəskin devalvasiyası baş verə bilərmi? Hökumət anoloji vəziyyətin yenidən yaşanmaması üçün hansı addımlar atmalıdır?
Musavat.com-un suallarını cavablandıran iqtisadçılar gələcək iqtisadi vəziyyətlə bağlı proqnozların heç də nikbin olmadığını bildiriblər.
İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, bazarda dollara tələbatın yüksək olması Mərkəzi Bankın rezervlərinin azalmasına səbəb olur: “Bütövlükdə Mərkəzi Bankın valyuta ehtiyatlarının azalacağı gözlənilən idi. Xüsusən də, oktyabrın sonuna doğru xarici valyutaya tələbatın artması müşahidə olundu. Oktyabrın son günlərində dolların alış kursu 1.05 manatdan 1.058 manata qədər yüksəldi. Bu da dollara olan tələbatı artırdı. Valyutadəyişmə məntəqələrində də dolların satış kursu bahalaşdı. Bu da Mərkəzi Bankın rezervlərinə təsir göstərir. Çünki, Mərkəzi Bank dollara olan tələbatı ödəməlidir. Əks halda “qara bazar” yaranacaq və dollar daha yüksək kursla “qara bazar”da satılacaq. Praktik olaraq Mərkəzi Bank bazarın dollar təklifi ilə tələbi arasındakı fərqi ödəyir. Məsələn, əgər bazarda 1 milyon dollara tələbat varsa və bazarda 600 min dollar varsa, qalan 400 min dolları Mərkəzi Bank ödəyir. Bu da sonda Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasına səbəb olur”.
Ekspert onu da vurğulayıb ki, valyuta ehtiyatlarına qənaət məqsədilə Mərkəzi Bank növbəti ildən manatı sərbəst buraxa bilər: “Valyuta ehtiyatları o zaman stabil qala bilər ki, Mərkəzi Bank bazarda dollar təklifi tələbi üstələsin. Güman olunur ki, ilin sonuna doğru da psixoloji baxımdan da dollara tələb yüksələcək. Bu da Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasına səbəb olacaq. Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması ötən ilin müvafiq dövrü ilə müqayisədə həddindən artıq yüksəkdir. Bu da Mərkəzi Bankın bazarda fəaliyyətinə təsir göstərir. Valyuta ehtiyatları çox olduqda bazarda bir oyunçu kimi Mərkəzi Bank daha sərbəstdir. Lakin valyuta ehtiyatları azaldıqca Mərkəzi Bank qənaət etməli olur və hökumət məcburi olaraq üzən məzənnə siyasətinə keçməli olacaq. Manatın məzənnəsinin bazar tərəfindən müəyyənləşdirilməsi Mərkəzi Bankın valyuta ehtiyatlarına qənaət etməsinə şərait yaradacaq. O zaman manatın məzənnəsi dollar qarşısında ucuzlaşa bilər. Son açıqlamalar onu göstərir ki, artıq hökumət üzən valyutaya keçid üzərində işləyir. Proqnozlara görə, artıq 2016-cı ildə Mərkəzi Bank üzən valyuta rejiminə keçəcək. Artıq qonşu ölkələrdə, MDB ölkələrində üzən valyuta rejimi tətbiq olunur. Mərkəzi Bank yaxın müddətdə az valyuta xərcləməklə məzənnəni qoruyub saxlamağa çalışacaq. Eyni zamanda üzən məzənnə rejiminə keçid üzərində iş gedir, yəni manatın məzənnəsi bazar tərəfindən müəyyənləşdirilə bilər. Bu isə manatın ucuzlaşmasına səbəb olacaq”.
İqtisadçı ekspert Natiq Cəfərli valyuta ehtiyatlarının azalmasına neftin ucuzlaşmasını və manatın saxlanılmasına yönəldilən xərcləri səbəb göstərib: “Mərkəzi Bankın valyuta rezervlərində ötən ilin noyabr ayından bu ilin noyabr ayına qədər 50 faizdən çox azalma olub. Bunun da müxtəlif səbəbləri var. Azalmanın ən pik həddi ötən ilin noyabr dekabr ayı və bu ilin fevral, mart, aprel aylarına təsadüf elədi. Hər ay manatın saxlanılması üçün milyard dollardan çox vəsait xərclənirdi. Yay aylarında bu proses bir qədər səngidi. Lakin görünən odur ki, avqust, sentyabr və oktyabr aylarında proses yenidən sürətlənib. Mərkəzi Bankın valyutz ehtiyatlarının bu sürətlə azalması, yəni hər ay azalmaya doğru getməsi manata olan təzyiqləri artırır. Mərkəzi Bankın açıqlamalarında da bu dəfələrlə bildirilib ki, rezervlərin azalması sürətlənərsə, Mərkəzi Bank manatla bağlı siyasətinə dəyişiklik edə bilər”.
Ekspertin sözlərinə görə, yaxın müddətdə Mərkəzi Bankın manatla bağlı siyasətində dəyişikliyin olması gözlənilir: “Neftin qiymətinin də aşağı düşdüyünü nəzərə alsaq, Mərkəzi Bankın gəlirlərinin də azaldığını görərik. Bu səbəbdən Mərkəzi Bank da, Maliyyə Nazirliyi də bu yaxınlarda manatın üzən məzənnəyə keçəcəyi ilə bağlı açıqlamalar vermişdi. Artıq seçki ilə bağlı gözləntilər də sona çatdı. Manatın üzən məzənnəyə keçməməsi üçün siyasi səbəb də qalmadı. Bu isə o deməkdir ki, ola bilər ki, bu ayın ortalarından etibarən Mərkəzi Bank manatın üzən məzənnə siyasətini tətbiq etməyə başlasın. Bu da manatın daha çox ucuzlaşmasına səbəb olacaq. Çünki, üzən məzənnənin əsas prinsiplərindən biri budur ki, ölkəyə valyuta gətirən şirkətlərin sayının çox olmalıdır. Onlar öz valyuta gəlirlərini birjaya çıxardaraq manata çevirməli və öz əməkhaqlarını manatla ödəməlidirlər. Təəssüf ki, Azərbaycanda ölkəyə valyuta gətirən şirkətlərin sayı olduqca azdır. Ona görə də, üzən məzənnəyə keçid manatın ucuzlaşmasına səbəb olacaq. Lakin bu, o demək deyil ki, Mərkəzi Bank manatın kəskin devalvasiyasına gedəcək. Çünki, fevral ayında baş verən devalvasiyasnın ölkə iqtisadiyyatında yaratdığı fəsadlar hələ də aradan qalxmayıb”.
Nərgiz Liftiyeva






