Almaniya kansleri Angela Merkelin iki ildən sonra siyasətdən gedəcəyi barədə açıqlaması Avropa Birliyində panikaya yol açıb.
“Avrozonada ən vacib islahatlar dayanacaq”, “Birliyə düşmən kəsilən populist parityalara irəliləmək üçün yeni imkanlar açılır”... Qərb mediasında və analitik dairələrdə Merkelin gedişinə verilən təşviş dolu ümumi qiymət belədir.
“Merkelin gedişi Avropa üçün itkidir”. Almaniyanın “Handelsblatt” qəzetinin başlığı belədir. “Ard-arda gələn maliyyə burulğanları və Yunanıstanın borc böhranı, miqrantlar, Brekxit...Avropa İttifaqının heç bir hökumət başçısı Birliyin mövcudluğu ilə bağlı bu qədər çətin anlar yaşamayıb”, - yazıda bildirilir.
Brüsseldə fəaliyyət göstərən “Bruegel” analitik mərkəzinin direktoru Quntram Volfun fikrincə, bundan sonra hər şey Merkelin sələfinin kim olacağından asılıdır. Gələcək kanslerin kim olacağına gəldikdə isə burada Avropa Birliyinin tərəfdarları üçün xoş gəlişmələr baş vermir. Belə ki, Merkelin yerinə Xristian Demokrat Birliyinin başına Yens Şpanın keçməsi Avropa siyasətində bir sıra inteqrasiya layihələrinin sonu demək olacaq. “Şpan kanslerin miqrasiya siyasətinə qarşı çıxması ilə tanınır. Avrozona ilə bağlı islahatları isə o, ümumiyyətlə dəstəkləmir”, - deyə Qunfrat Volf vurğulayır.
“The New York Times”da siyasi icamlçı Stiven Erlanger də eyni sualı qoyub: “Merkelin yerinə kim keçəcək? Jurnalist Angela Merkelin gedişinin Avropa Birliyində təşviş dolu təxminləri özü ilə bərabər gətirdiyini bildirir. “Bu qadın Avropa Birliyini İtaliya, Macarıstan və Polşa kimi ölkələri idarə edən populist liderlərdən qorumağı bacarırdı” - Erlanger yazır.
Kornegi Fondunun Avropa mərkəzinin direktoru Tomaş Valaşek isə Avropanın yeganə ümidinin və tək liderinin indi Fransa prezidenti Emmanuel Makron olduğunu bildirib: “Makron güclü mandata və doğru qərar qəbul etməyə malik sonuncu rəhbərdir. Lakin Makronun ən böyük problemi onun şəxsi gücsüzlüyüdür. Avropadakı ambisiyalı layihələri həyata keçirmək üçün ona Almaniyanın dəstəyi lazımdır”.
“Merkelin simasında Avropa Birliyinin Si Tzinpin, Donlad Tramp və Vladimir Putin kimi liderlərlə bərabər səviyyədə müzakirə apara biləcək lideri səhnədən gedir. Onun varisinin bu cür mövqeyə gəlməsi üçün hələ müəyyən zaman tələb olunacaq”, - deyə “Süddeutsche Zeitung” qəzeitndən Mattias Kolb yazıb.
Jurnalist Beynəlxalq münasibətlər üzrə Şuranın (ABŞ) rəhbəri Riçard Haasın tvitterdə yazdığı fikirdən sitat da gətirib: “Merkelin erası başa çatmaqdadır. Beləliklə nəinki Qərb, həm də 2-ci dünya müharibəsindən sonra formalaşan dünya düzəni də lidersiz qalacaq. Donald Trampın ABŞ-ı işlərdən kənarlaşıb, Böyük Britaniyanın başı qarışıb. Kanadanın kifayət qədər vəsaiti yoxdur. Makron həddindən artıq zəifdir. Bu sabitik, rifah və azadlıq üçün olduqca pis əlamətdir”.
Almaniyanın populyar “Bild” qəzeti isə Merkeli əvəz edəcək namizədin seksual orientasiyası məsələsinə toxunub. Qəzetin yazısında səhiyyə naziri Yens Şpanın gey olduğunu açıq şəkildə elan etdiyini, hətta 2017-ci ildə kişi partnyoru ilə nikah bağladığını qeyd edir.
Yazıda Avropa Birliyində Lüksemburq və İrlandiya kimi ölkələrin başında homoseksual liderlərin olduğu xatrladılaraq belə bir sual qoyulub: növbədə Almaniyadır?
Almaniyanın Azadlıq universitetinin professoru Oskar Nidermayerin sözlərinə görə, Yems Şpanın seksual oriyentasiyası partiya içində çətinlik doğurmur: “Lakin Berlin bütün Almaniya deyil. Yaşlı mühafizəkar nəsil üçün Şpanın namizədliyini qəbul etdirmək çətin olacaq”.
Bu səbəbdən qəzet başqa bir namizədin kansler olması ehtimalı üzərində durub. Bu Bundestaqda Xristian Demokrat Birliyi və Xristian Sosial Birliyi (XDB/XSB) fraksiyasının keçmiş rəhbəri, milyoner Frdirix Metsdir. Digər potensial namizəd isə Şimali Reyn-Vestfaliya əyalətinin baş naziri Armin Laşetdir. Armin Laşet əyalət tarixində ilk dəfə mühafizəkar sağçılara qələbə gətirən adamdır (Bu vaxta qədər Reyndə həmişə sosial-demokratlar hakim olublar). Reynli siyasətçi Avropa dairələrində ən kompromisli fiqur hesab edilir.
Vaqif
Musavat.com






