İnsanlara hürriyət, millətlərə istiqlal!

Meriyanın mitinqlə bağlı 16-cı qərarı nə olacaq?

1222 31.05.2019 08:25 Ölkə A A

Qulamhüseyn Əlibəyli: “Mümkündür ki, hakimiyyət mitinqlərdə təxribat ola biləcəyindən ehtiyatlandığı üçün belə edir”

Azərbaycanda mitinq qadağaları davam edir. Bu ilin yanvarından başlayaraq, ən müxtəlif müxalif qurumlar tərəfindən 15 mitinq müraciəti edilib və bunların hər birinə Bakı Şəhər İcra Hakimiyyəti mənfi cavab verib. Sonuncu icazəli aksiya bu il yanvarın 19-da Milli Şura tərəfindən keçirilib.

Azərbaycan Xalq Hərəkatı 2019-cu il yanvarın 26-da keçmiş daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə təsis edilib. Qurum 25 may mitinqini Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) keçirmək istəyirdi.

Novator.az bildirir ki, 2019-cu ildə Bakı Şəhər İcra Hakimiyyəti yalnız bir aksiyanı sanksiyalaşdırıb. Yanvarın 19-da Demokratik Qüvvələrin Milli Şurası Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirib.

Paytaxt hakimiyyəti Milli Şuranın yanvarın 26-da, fevralın 23-də, martın 2-də, aprelin 6-da, aprelin 20-də, mayın 5-də və mayın 11-də eyni stadionda keçirmək istədiyi mitinqlərə (üst-üstə 7 mitinqə) icazə verməyib.

Bir qrup ictimai-siyasi xadimin ötən il yaratdığı Qarabağ Komitəsi 2019-cu ildə Yasamaldakı İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirmək istədiyi 3 mitinqə (fevralın 16-sı, martın 16-sı, mayın 4-ü) rədd cavabı alıb.

Müsavat Partiyası 2019-cu ildə Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlərində yürüş-mitinqlərə (“20 Yanvar” metro stansiyasından Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionuna yürüş və orada mitinq; Süleyman Sani Axundov küçəsindən “Dərnəgül” metro stansiyası yaxınlığındakı meydana yürüş, orada mitinq) icazə verilməsini istəyib. Paytaxt hakimiyyəti yanvarın 12-nə və martın 10-na təyin olunmuş yürüş-mitinqləri məqsədəuyğun saymayıb.

Müsavat Bakı Şəhər İcra Hakimiyyətindən 7 aprel aksiyası üçün müraciətə də mənfi cavab alıb. Partiya kütləvi aksiyaya paytaxtdakı 3 meydandan birinin (Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu; “Dərnəgül” metro stansiyası yanındakı meydan; Tofiq Bəhramov stadionu qarşısındakı meydan) ayrılmasını istəmişdi.

Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Azadlıq Təşkilatının mayın 18-i Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirmək istədiyi mitinqə razılıq verməyib.

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Hərəkatının da mayın 25-nə təyin etdiyi mitinqə razılıq verməyib.

Bu halın nə vaxta qədər davam edəcəyi yönündə fərqli mövqelər səslənir. Mövcud vəziyyətin payıza qədər davam edəcəyi yönündə ehtimallar var. Səbəb kimi də hakimiyyətin qışa qədər parlament seçkilərinə gedəcəyi, yaxud da Avropa İttifaqı ilə məlum əməkdaşlıq sazişini imzalayacağı göstərilir. Ölkədəki sabitliyin pozulmaması, təhlükəsizliyin qorunması üçün hökumətin indiki şəraitdə aksiyaları məqsədəuyğun saymadığını düşünənlər də az deyil.

Qulamhüseyn Əlibəyli ile ilgili görsel sonucu

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli fərqli düşünür: “Mitinqlərə icazə verilməməsi Azərbaycan hakimiyyətinin qeyri-demokratik ənənələrini davam etdirməsinin nəticələrindən biridir. Mitinqlər azsaylı və ya çoxsaylı insanın iştirak etməsindən asılı olmayaraq, əhalinin müəyyən qrupunun öz fikirlərini ifadəetmə formasıdır. Aksiyalara icazə verilməməsinin səbəblərinə gəlincə, bunun izahını hakimiyyətdə olanlar daha yaxşı verə bilərlər. Amma hesab edirəm ki, 19 yanvar mitinqinin nəticələri iqtidar üçün ola bilsin, gözlənilməz olub. Bunun da nəticəsində iqtidar sonrakı mərhələlərdə bu gözlənilməzliyi nəzərə almağa başladı. Bundan əlavə, o da mümkündür ki, hakimiyyət mitinqlərdə təxribat ola biləcəyindən ehtiyatlandığı üçün belə edir. Müxalifətin təxribat törədəcəyini deyil, Azərbaycanı istəməyən qüvvələr tərəfindən bunun edilə biləcəyini düşünür. Yaxud iqtidar öz daxilindən kimlərinsə bunu hazırlaya biləcəyindən ehtiyat edə bilər. Amma istənilən halda 19 yanvar mitinqində yeni iştirakçıların sayının çox olmasının mitinq qadağalarına səbəb olduğunu düşünürəm”.

Q.Əlibəyli Avropa İttifaqı ilə saziş ətrafında gedən danışıqlar səbəbi ilə mitinqlərə icazə verilmədiyi barədə deyilənlərlə razı deyil: “Bu əlaqələndirmə doğru deyil. Çünki saziş ətrafında gedən danışıqlarda demokratiya və insan haqları məsələsi də müzakirələr sırasındadır. Təkcə iqtisadi məsələ müzakirə olunmur. Azərbaycan tərəfi o sazişdə müəyyən məsələləri əks etdirmək istəyir. Buna görə də mitinqlərə icazə verilməsi insan hüquqlarına hörmətin ifadəsi ola bilərdi. Bu hal davam edərsə, sadəcə, problemlər çoxala bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR