İnsanlara hürriyət, millətlərə istiqlal!

MERİN BAĞÇA ŞORBASI

1003 16.12.2012 09:35 Yazarlar A A
Sizə fantastik təsadüf kimi göründü deyilmi? Ayrı-ayrı evlərdən gələn 13 uşaq bağçaya gələnə qədər zəhərlənir. Amma Bakımızın meri Hacıbala Abutalıbov “inanır” buna, çünki öz iddiasıdır. Üstəlik, bizi də bu inancına şərik etmək istəyir. Dekabrın 13-də Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən 138 saylı uşaq bağçasında baş verən kütləvi zəhərlənməni bax elə bu cür şərh etmişdi məzəli mer: valideynlər yolda uşaqlarına zəhərli qidalar alıblar. Bakını sökə-sökə sevən Hacıbala müəllim indi bağçaların başındadır. Bu gün hansı bağçanın qapısını döyürsən döy, deyirlər, “yer yoxdu, Hacıbala müəllim icazə vermir”. Bakını bədbəxt günə qoyan adama indi də körpələri etibar ediblər. Nəticə? Göz qabağındadır...
Hansı məntiqlə idarəçilik verilib meriyaya? Hansı meyarlarla? “Dədəm mənə kor dedi, gələnə-gedənə vur dedi” məntiqi ilə? Hesab edək ki, merin “şıltaqlıqları” hansısa sahədə işə yarayır. Axı körpə uşağın taleyi musiqili fantan quraşdırmağa, Afrikadan palma gətizdirməyə bənzəmir. Bəyəm “zəhərli bağça”ya girib, “mən də uşaqların yeməyindən yedim” deməklə kiminsə gözünə kül üfürmək olar? Kimə gəlirsiz axı siz?  Nəvələrini aylığı 700-800 manat olan bağçaya qoyanların 10 manatlıq dövlət bağçasının qabağında dediyi bu sözlər ucuz populizm deyil, bəs nədir? İşə yarayırmı? Yoox...
Kim bağçanın ərzaq təminatını harada, nə qədər, necə kəsib, bilmirəm. Bu ayın ərzağından “qənaət” edib, vaxtı keçmiş məhsulları camaatın kasıb balalarına necə sırıyıblar, xəbərimiz yox. Normal istintaq aparsalar, hər şey aydınlaşacaq. Amma mən onu bilirəm ki, o zavallı 13 körpə nələrdən keçib: Məsələn, öncə onların ağızlarına şlanq salıb, mədələrini yuyublar. Sonra damarlarına iynə batırıb, sistemə qoşublar. Nə olduğunu anlamayan körpələr olumla ölüm arasında bir müddət vurnuxublar (mübaliğə etmirəm, zəhərlənmiş və dediyim mərhələləri keçmiş insanın nələr yaşadığını şəxsən bilirəm. Hələ onda qala bu, balaca uşaq olsun-S.T).
Dövlət bağçalarının mətbəxində nələr baş verdiyini görə bilmərik təbii. Amma hər axşam evə ac qurd kimi gələn balacalar bizə bunun canlı şahididir. O gün gənc əməkdaşımız Günel zəhərlənmə faktı olan bağçanın bufetinə gedib, bufet işçisi qazanı üzünə tutub. Üzünüzü qara qazan örtsün elə. Ətindən, yağından... oğurlayıb, axşam evinizə apardıqlarınızın nəticəsidir o 13 xəstə uşaq.
Günelimizin naxışı güllü gəlib, Bakı merini də bağçada yaxalayıb və danışdırıb (Of, həmin gün o, bizim əlimizə keçəydi, nə suallar verərdik-S.T). Deyib, mən indicə bağça uşaqlarının şorbasından yedim. Kaş ki, jurnalist əlindən tutub, onu bufetə aparaydı, gözünün qabağındaca yedirəydi. Əzabların ən böyüyü... niyə ancaq xalqın kasıb balası yaşamalıdır bunu? Bağça şorbası hər uşağın qorxulu röyasıdır.
Palmalar sizin, fəvvarələr sizin, bər-bəzəkli yollar da sizin olsun. Əlinizi uşaqlardan çəkin. Nə olsun ki, kasıb balalarıdır. Nə olsun ki, sizinki deyillər. İmkan verin, sağ-salamat böyüsünlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR