Əbülfəs Qarayev: ''Ağaxan müəllimin ölümü mədəniyyətimiz üçün böyük itkidir''
Xalq artisti, görkəmli muğam ustası Ağaxan Abdullayev ilə vida mərasimi keçirilib.
Musavat.com xəbər verir ki, Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında baş tutan mərasimə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, mərhumun ailə üzvləri, sənət yoldaşları və ictimaiyyət nümayəndələri qatılıb. Mehriban Əliyeva mərhumun ailəsinə başsağlığı verdikdən sonra mərasimi tərk edib.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, sənətkarın ölümü mədəniyyətimiz üçün böyük itkidir:
"O milyonların sevimlisi, yüzlərlə gözəl mahnının ifaçısıdır. Onun səsləndirdiyi xalq və bəstəkar mahnıları televiziya və radomuzun qızıl fondunda saxlanılır. Onu dünyanın 20dən çox ölkəsində tanıyırlar. O səfər etdiyi ölkələrdə böyük sevgi ilə qarşılanıb. Onun yaradıcılıq fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülüb. Ağaxan müəllimin ölümü mədəniyyətimiz üçün böyük itkidir. Dəyərli sənətkar istəyi ilə öz kəndində dəfn olunacaq".
Çıxış etmək üçün səhnəyə çıxan Alim Qasımov çıxıb. O Bəxtiyar Vahabzadənin "Muğam" poemasından sitat gətirib: "Dəfn edin siz məni Zabul segahın mayəsinə,
Deyirəm, bəlkə, məni bir gün oyandırdı muğam..." Kövrələn A. Qasımov müəlliminin ölümündən kədərləndiyini bildirib.
Xalq artistinin oğlu Xoşbəxt Abdullayev çıxış edərək atası üçün halallıq istəyib: "Atam ölkənin dəyərli sənətkarlarından idi. Hər kəsdən xahiş edirəm ki, haqqını halal etsin. Bu iki gündə bizimlə maraqlanan, başsağlığı verən hər kəsə minnətdaram. Başqa nə isə demək istəmirəm. Çətindir".
Xalq artisti Türkan qəbirstanlığında dəfn olunub. Qeyd edək ki, A. Abdullayev ötən gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Onun üç mərasimi dekabrın 27-də Təzə Pir Məscidində keçiriləcək.
Könül İbrahim,
Musavat.com
Fotolar müəllifindir






