Noyabrın 10-da gecə saatlarında Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunan üçtərəfli anlaşma faktiki olaraq Azərbaycanın qələbəsidir. Ancaq reallıqları doğru qiymətləndirə bilməyən bəziləri burada hansısa neqativlər axtarmağa çalışır. Onların iddilarından biri də odur ki, anlaşma nəticəsində Qarabağ problemi yenidən dondurulmuş münaqişəyə çevrilə bilər.
Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin bununla bağlı “Yeni Müsavat”a şərhi kifayət qədər diqqət çəkir: “Hesab edirəm ki, Azərbaycan müharibəyə başlayanda bu qədər ərazini azad edib-etməyəcəyi ilə bağlı konkret fikrə malik deyildi. Ölkəmiz bunu hətta bir neçə il öncə bunu edə bilərdi, amma beynəlxalq güclər, o cümlədən Rusiya, digər həmsədr ölkələr, bəzi dünya dövlətləri Azərbaycana təzyiq göstərirdilər. Bu baxımdan vəziyyətin nəyə gətirib çıxara biləcəyini təxmin edə bilmirdik. Amma bu gün onu deyə bilərik ki, aparılan hərbi əməliyyat nəticəsində danışıqlar mövzusu olan bütün ərazilərimiz geri qayıdır. Bu birmənalı şəkildə belədir. Prezidentin çıxışlarında daim bu məqamı hər zaman görmüşdüm. Dövlət başçısı qeyd edirdi ki, işğal olunmuş ərazilər azad olunmalıdır və biz o zaman döyüşləri dayandıra bilərik. Bu şəkildə də işlər həyata keçirildi. Sadəcə olaraq, insanları narahat edən məqam rus hərbçilərinin – sülhməramlılarının ölkəmizə gəlməsidir. Buna rəğmən deyirlər ki, münaqişə donduruldu. Əslində Azərbaycanın qaçqın və köçkünləri öz torpaqlarına qayıdacaqlar, Azərbaycan öz sərhədlərini bərpa etmiş olur, Naxçıvana da dəhliz açılır. Bu baxımdan müharibədə Azərbaycan maksimum nə edə bilərdisə, onu da etdi. Təbii ki, biz Xankəndini, Əsgəranı və s. ərazilərimizi də döyüşlə götürə bilərdik. Qondarma rejimin “prezidenti”, onun arxasınca erməni baş nazir qeyd etdilər ki, 2-3 günə bütün əraziləri Azərbaycan ordusu ala bilərdi. İnsanlarımızda sual yaranır ki, nəyə görə o zaman dayandıq, yerdə qalan əraziləri almadıq? Bu suallar əslində hamımızı narahat edir. Amma bir həqiqəti anlamaq lazımdır ki, müharibəni davam etdirsəydik, ola bilsin ki, Dağlıq Qarabağın tanınması baş verə bilərdi. Mən belə düşünürəm. Yəqin ki, Azərbaycan hakimiyyəti qardaş Türkiyə, bir çox dostları və müttəfiqləri ilə məsləhətləşib bu qərarı verdi. Dağlıq Qarabağın tanınması baş versəydi, çox ciddi təhlükə ilə üzləşə bilərdik. Paşinyan erməni xalqına xitabən qeyd edir ki, mən sizə bir neçə ilə qabaq desəydim ki, beş rayonu qaytaraq, yaxud müharibənin başlandığı 27 sentyabrda desəydim ki, beş rayonu Azərbaycana qaytaraq, məni topa tutardınız, mənim özüm də razı deyildim. O zaman bunu etsəydilər, bəlkə də bu torpaqların bəzi hissələrini ermənilər itirməzdilər, daha yaxşı şərtlərlə canlarını qurtara bilərdilər. Eyni şey də Azərbaycanı gözləyə bilərdi. Maksimum çalışdıq. “Xankəndini tutaq, erməniləri tamamən buradan çıxaraq” tələbləri haqlıdır, amma unutmayaq ki, o zaman ciddi problemlər ortaya çıxa bilərdi. Dağlıq Qarabağın tanınması, Türkiyəyə olmazın təzyiqləri ola bilərdi, o cümlədən Azərbaycana da. Sanksiyalar tətbiq olunardı”.

Razi Nurullayev
Deputat Gürcüstan nümunəsini xatırlatdı: “Xalqımız onu bilsin ki, 2008-ci ildə Gürcüstan öz ərazilərini tərkibinə qaytarmaq üçün Cənubi Osetiya və Abxaziyada əməliyyatlara başladı, uğurlar əldə etdi. Onlar qondarma rejimlərin paytaxtlarına yaxınlaşmışdılar, onu bir neçə günə götürəcəkdilər. Amma nə baş verdi? Rusiya Gürcüstana hücum etdi, həmin qondarma rejimləri tanıdı, dünyada bir neçə ölkə var ki, onlara da tanıtdı. İndi kim deyə bilər ki, bunlar Dağlıq Qarabağda baş verməyəcəkdi? Yəqin ki, bu təhlükələrdən sığortalanmaq üçün biz ən doğru olanı etdik. Prezident bu məsələlərin içərisində idi və hər şeyi gözəl bilirdi. Doğru məqamda, doğru yerdə, doğru qərarı verməli oldu. Bizim bilmədiyimiz müəyyən məsələlər var və onu prezident çox gözəl bilir”.
Qabil Hüseynli
Sabiq dövlət müşaviri Qabil Hüseynli indiki məqamda münaqişənin dondurulmasını mümkünsüz sayır: “Bu sual doğrudan da çox düşündürücüdür. Hər halda rus sülhməramlılarının bölgəyə gəlməsi prosesi baş verir və burada olan niyyət sonradan məlum olacaq. İndiki şəraitdə münaqişəni dondurmaq o qədər də asan deyil. Çünki Azərbaycan Ordusu peşəkarlığına görə özünün ən yüksək səviyyəsindədir. Nəzərdə tutulandan kənara çıxma olacaqsa, Azərbaycan tərəfi hərəkətə gələcək. Eyni zamanda, Azərbaycan vəTürkiyə münaqişənin dondurulmasına, hər hansı bir fövqəlgücün maraqlarının təmin olunmasına imkan verməz. Proseslər hələ davam edir, öz məntiqi sonluğuna çatmayıb, işğal altında rayonlarımız hələ tam azad edilməyib. Üstəlik sülhməramlı adı altında bölgəyə qoşun daşınır. Hələ ki, onları yerləşdirməklə məşğuldurlar. Amma hər halda kim nə məqsəd güdürsə güdsün, bu bölgədə artıq onu həyata keçirmək mümkün olmayacaq. Çünki güclü Azərbaycan Ordusu, güclü dövlətimiz, onun güclü müttəfiqi Türkiyə var, ən əsası, onu unutmayaq ki, ortada qətiyyətli iradə var”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






