"Meqa-Siti Holdinq” MMC-nin rüşvət və dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri - Maksim Zeynalov, Elnur Məmmədov, Fariz Nuruyev, Tamara Novruzova və Adil Qəribovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Musavat.com xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
İttihama görə, Maksim Zeynalov, Elnur Məmmədov, Fariz Nuruyev, Tamara Novruzova və Adil Qəribovun təqsirləndirilidiyi iş üzrə 60-dan çox zərərçəkmiş var.
Hündürmərtəbəli yaşayış binasının tikintisi ilə məşğul olan "Meqa-Siti Holdinq”in payçıları Aqil Qədirov və Elnur Məmmədov iki il əvvəl 1 milyon manatlıq dələduzluqda ittiham edilərək məhkum ediliblər.
Onlar inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satmaqda təqsirli bilinirlər.
Hazırda Aqil Qədirov və Elnur Məmmədov həbsdədir. Digər üç nəfər barəsində isə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Məhkəmə prosesində məlum olub ki, daha əvvəl dələduzluqda ittiham olunaraq həbs edilən Elnur Məmmədovun həbs müddətinə başa çatıb. Onun vəkilləri vəsatət verərək E.Məmmədovun azadlığa buraxılmasını, bu iş üzrə barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilməsini istəyib.
Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara əsasən E.Məmmədov barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.
İlkin Muradov
Musavat.com






