İnsanlara hürriyət, millətlərə istiqlal!

Mənzil almaq istəyən jurnalistlər üçün şərtlər açıqlandı

1463 24.05.2013 09:37 Media A A

Əflatun AmaşovToplantını açan MŞ sədri Əflatun Amaşov bildirib ki, müzakirələrin gedişində müxtəlif təkliflər səslənib. Bildirilib ki, bu prosesdə kütləvi informasiya vasitələrinin üzərinə də məsuliyyət düşür. Çünki hazırda praktik fəaliyyət göstərən jurnalistlər əsasən redaksiyalarda cəmləşiblər. Həmin redaksiyaların əksər hissəsi isə Azərbaycan Mətbuat Şurasının üzvləridir. Buna görə də şura quruma üzv olan media orqanlarından təkliflər qəbul etməlidir. MŞ-yə üzv redaksiyalar əməkdaşlarından kimin daha layiqli olduğunu müəyyənləşdirməlidirlər. Mənzillərdə say məhdudiyyəti olduğundan bu amil onlar tərəfindən nəzərə alınmalıdır.
Son 3 ildə mütəmadi olaraq yayımlanan KİV (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) həmin redaksiyada 5 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilər.
Gündəlik qəzetlər və informasiya agentlikləri 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portalları 1 namizəd müəyyənləşdirə bilər.
Redaksiya:
İclasını çağırmalı, namizəd(lər) ini müəyyənləşdirməlidir;
Azərbaycan Mətbuat Şurasına məktub ünvanlamalıdır (möhürlü və imzalı).
Redaksiyanın məktubunda yer almalıdır:
Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
Namizədin əmək kitabçasının surəti;
Namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı);
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin adına evin (mülkün) olmadığını təsdiqləyən sənədin əsli;
Namizədin tərcümeyi-halı.
Məlumatda qeyd olunur ki, KİV redaksiya iclasının vaxtını Azərbaycan Mətbuat Şurası ilə razılaşdırmalı və həmin iclasda Mətbuat Şurasının nümayəndəsi də iştirak etməlidir. Bundan başqa, göstərilən sənədlər iyun ayının 15-dək Azərbaycan Mətbuat Şurasına təqdim edilməlidir.
Mətbuat Şurası toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına təqdim edəcək.
Rauf Arifoğlu“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu dedi ki, bu sonuc onlar üçün gözlənilməz olub. “Buna hazır deyildik” deyən müsahibimiz indən sonra şərtlər və mənzillərin kimlərə veriləcəyi ilə bağlı düşünəcəklərini dedi: “Bundan sonra təkliflərlə çıxış edəcəyik. Burda göstərilən qaydada namizədləri irəli sürəcəyik. Bizim qəzetin, habelə saytımızın əməkdaşlarının evə böyük ehtiyacı var. Bu prosesi maksimum ədalətli şəkildə dəyərləndirib, qərarımızı verəcəyik”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə suala “mənə bu məsələ maraqlı deyil” deyə cavab verdi. Ardınca isə bildirdi ki, ilk gündən jurnalistlərə mənzil paylanmasının əleyhinə olub: “Hər bir vətəndaşa belə bir şərait yaradılmalıdır ki, gedib özünə ev ala bilsin. Son dəfə haçan eşitmisiz ki, müəllimlərə ev veriblər? Yoxsa həkimlərə ev paylayıblar? Sovet dövründə şairlərə, jurnalistlərə, musiqi xadimlərinə ev verilirdi. Bu təcrübə vaxtilə var idi, amma indi yoxdur. Qaçqınlar üçünsə indi evlər verilir. Biz qaçqınıqsa, bu, başqa məsələ. Yox, əgər Azərbaycan jurnalistləri buna buna gedirsə, getsin”.
Mehman ƏliyevMüsahibimiz dedi ki, “Turan” namizədlər irəli sürməyəcək: “Kollektivdə belə bir mövqe var ki, belə bir işə getməməliyik. Ola bilər ki, bir nəfər ümumi qərara qarşı çıxsın. Amma bu, kollektiv demək deyil ki. Bu kollektivi hökumət illərdir əzə-əzə gəlib. İndi onlardan ev alacam? Süni şəkildə bizə rəqiblər yaradıblar. Bu gün özlərini uğurlu sayan bəzi agentliklər məhz bizi vurmaq üçün hökumətin yaratdığı layihələrdir”.
M.Əliyev hesab edir ki, bu məsələ jurnalistlər arasında ciddi narazılıq yaradacaq: “Özləri bilər, dava düşəcəksə də mən maraqlanmıram”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR