İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mənimlə söhbətdəhəmişə qan çıxmalıdır" - gəncləri hədələyib, telefonlarını alan şəxslərin məhkəməsi

1016 19.10.2017 17:04 Kriminal A A

Bakıda özünü "kriminal aləmin adamı" kimi təqdim edərək ayrı-ayrı şəxslərin telefonunu hədə-qorxu ilə ələ keçirən şəxsin məhkəməsi keçirilib. O, aldığı telefonu sataraq pulunu həbsxanada olan kriminal aləmin üzvlərinə göndərəcəyini deyirmiş. Bu cinayəti törədərkən o, tək olmayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Onlar 1996-cı il təvəllüdlü Nəbiyev Yusif Mehman oğlu və 1992-ci il təvəllüdlü Həsənov Murad Çingiz oğludur. Hər iki şəxs bir neçə cinayət əməli törətməkdə ittiham edilirlər.

Bu gün hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan məhkəmə iclasında zərərçəkmiş şəxslərdən 1999-cu il təvəllüdlü Emin İlyasov ifadə verib. O, deyib ki, hadisə ötən ilin noyabrında baş verib: "Elmlər Akademiyası"nda metroya düşürdüm. Karta pul yükləyəndə ikisi də mənə yaxınlaşdı. Dedilər ki, kartları olmadığı üçün pulu mənim kartıma yükkəmək istəyirlər. Mən də icazə verdim. Qatara da bir yerdə mindik. "20 Yanvar"da düşəndə yenə mənə yaxınlaşdılar. Dedilər ki, mənimlə 1-2 dəqiqəlik söhbət etmək istəyirlər. Mən də razılaşdım. Telefonla danışmaq istədiklərini dedilər. Mən də etiraz etmədim. Yusif aldı, amma telefonu vermədi. Dedilər ki, nə olursa-olsun, qaytarmayacağıq. Əvvəlcə pul istədilər. Dedim mən tələbəyəm. Elə özümə pul lazımdır".

E.İsmayılov telefonunu alan şəxslərdən nömrəsini qaytarmalarını xahiş edib: "Dedim ki, heç olmasa nömrəmi və yaddaş kartımı götürüm. Razılaşıb telefonu mənə verdilər. Kartı və yaddaş kartını çıxarandan sonra telefonu onlara qaytardım. Götürüb metronun digər tərəfinə qaçdılar. Mən də sonra gedib polisə müraciət etdim".

Zərərçəkmiş deyib ki, telefonu ondan Yusif Nəbiyev alıb, amma ikisi də birlikdə olublar. Suallara cavab verən zərərçəkmiş qeyd edib ki, ikinci dəfə telefonu könüllü verməsinin səbəbi hədələnməsi olub: "Əlini atdı belinə və dedi ki, səni vuracam. Mən də buna görə verdim. Amma bıçağı görməmişəm. Fikirləşdim ki, məni vura bilər".

Y.Nəbiyevin vəkili bildirib ki, E.İlyasova dəymiş zərər ödənilib: "Yusifin babası götürülən telefonların dəyəri olaraq 1000 manatı istintaqda müstəntiqə verib. Amma indi zərərçəkmiş deyir ki, ona heç bir məbləğ ödənilməyib".

Hakim dəymiş zərərin ödənilməsini təqdim edən sənədin məhkəməyə təqdim edilməli olduğunu bildirib. Emin İlyasov da dəymiş zərərin ödənilmədiyini deyib.

Təqsirləndirilən Yusif Nəbiyev isə deyib ki, telefonu aldıqdan sonra hadisə yerindən qaçmayıblar. O, hadisə yerində tək olduğunu deyib.

Zərərçəkmiş Emin İsmayılov isə bu sözə müdaxilə edib və Yusifin dediklərini təkzib edib. Eminin bu müdaxiləsi Yusifin xoşuna gəlməyib və ona xəbərdarlıq edib: "Panyatka"n olsun. Mən danışıram. Sən danışanda mən qulaq asırdım".

Hakim təqsirləndirilən şəxsə xəbərdarlıq edib. Digər təqsirləndirilən şəxs Murad Həsənov isə hadisə yerində olmadığını söyləyib.

Məhkəmədə digər zərərçəkmiş Kamran Şirinov da ifadə verib. O, deyib ki, "Sahil" metrostansiyası yaxınlığında tanımadığı şəxs ona yaxınlaşıb və söhbət etmək istədiyini deyib: "Yusif dedi ki, "Tarqovi" mənim ərazimdir. Nə söhbətin, problemin olsa, bir qardaş kimi mən həll edərəm. Sonra isə məndən telefonu istədi. Telefon əlimdə idi. Baxmaq istədiyini dedi. Söhbət zamanı dedi ki, "İçəridə yaxşı qardaşlar var. Onlara pul çatmalıdır". Söylədi ki, telefonu girov qoyub pul götürəcək. Sonra da telefonu bir həftəyə qaytaracaq".

Zərərçəkmişin ifadəsindən məlum olub ki, Yusif Nəbiyev onu hədələyib: "Mənə dedi ki, bu telefonu almaq üçün "zasluqa"m çatır. Nəcə olsa da telefonu məndən alacaq. Mən də dedim ki, "zasluqa"n çatırsa başqasından al. Cavab verdi ki, "Mənimlə söhbətdə "borzu"luq edənə dəmir dəyməlidir". Dedi ki, üstümdə həmişə dəmir olur və onun elədiyi söhbətdə həmişə qan çıxmalıdır".

Hakim təqsirləndirilən şəxs Yusif Nəbiyevdən "zasluqa" sözünün mənasını soruşub, amma o, cavab verə bilməyib. Yusif Nəbiyev bu əməllərinin səbəbini belə izah edib: "Cavanam, bir səhvdir etmişəm".

Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

Yusif Nəbiyev Cinayət Məcəlləsinin oğurluq, quldurluq və soyğunçuluq maddələri ilə təqsirli bilinir. İttihama münasibət bildirən Y.Nəbiyev oğurluq və soyğunçuluq törətdiyini etiraf etsə də, quldurluqla özünü təqsirli bilmədiyini deyib. Murad Həsənov isə ona qarşı irəli sürülən ittihamların heç biri ilə özünü təqsirli bilmədiyini söyləyib.

Qeyd edək ki, Yusif Nəbiyevin atası Mehman Nəbiyev qətl törətdiyinə görə həbsdədir.

İ.Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR