İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası Razi Nurullayevlə görüşüb

514 22.01.2024 14:40 Siyasət A A

“Mənim səsim” Seçki Monitorinq Koalisiyasının təmsilçiləri - tanınmış hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Koalisiyanın ekspertləri – sosioloq, professor Əhməd Qəşəmoğlu və politoloq, fəlsəfə doktoru Adəm İsmayıl prezidentliyə namizəd Razi Nurullayevlə görüşüblər. Görüş R.Nurullayevin rəhbəri olduğu Milli Cəbhə Partiyasının qərargahında baş tutub.

Koalisiya adından Musavat.com-a açıqlama verən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, partiyanın seçkiyə hazırlığı ilə tanışlıq məqsədi daşıyan görüş faydalı olub: “Koalisiyamız 7 fevral seçkisində namizədliyini irəli sürən şəxslərin seçki komandası ilə işbirliyi qurur. Bu, bizə həm seçkiyə qədər olan müddətdə, həm də seçki günü baş verənlərlə bağlı dəqiq bilgi toplamaq şansı qazandırır. Naxçıvan da daxil ölkə üzrə seçki dairələrinin yarısından çoxunda birbaşa müşahidələr aparacağıq. Bu məqsədlə 500-dən çox müşahidəçinin siyahısı ötən həftə Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Onların hər biri təcrübəli, indiyə qədər ən azı 2 seçki prosesində müşahidəçi olmuş şəxslərdir. Yəni qanunvericiliklə yanaşı praktik bilikləri də var. Bu cür ciddi hazırlığın səbəbi 7 fevralın Azərbaycanın həm siyasi, həm də seçki tarixində müstəsna yeri olmasıdır. Biz hər birimiz Azərbaycan dövlətinin yeni mərhələyə çıxdığının fərqindəyik. Düşünürəm ki, həm vətəndaşlar, həm ictimai fəallar – bütünlükdə Azərbaycan təəssübkeşləri 7 fevralın yeni tarixin başlanğıcı kimi heç bir çatışmazlıq olmadan ölkə tarixinə düşməsi üçün çalışmalıyıq”.

Novella Cəfəroğlu bildirib ki, Razi Nurullayev seçki ilə bağlı indiyə qədər hər hansı qanun pozuntusu ilə qarşılaşmadığını bildirib: “Seçki öz axarı ilə davam edir. Razi Nurullayev komandasının seçkiyə yüksək həssaslıqla yanaşdığını, indiyə qədər hər hansı qanun pozuntusu, məhdudiyyətlərlə qarşılaşmadığını bildirdi. Cəmiyyətdə açıq müzakirələr gedir. Həm media resursları, həm sosial şəbəkələrdə 7 fevralla bağlı ciddi aktivlik var. Ən müxtəlif fikirlər, ən müxtəlif platformalarda açıq ifadə olunur. Seçicilər öz siyasi baxışlarına, ictimai iştirakçılıq səviyyələrinə uyğun müzakirələrə qatılırlar. Öncədən də bildirmişdik ki, Koalisiyamız prosesə elmi yanaşma tərəfdarıdır. Biz proses boyu həm sosioloji, həm də politoloji dəyərləndirmələr aparırıq. Seçki bitdikdən sonra dəyərləndirmələrimizi kitab şəklində ictimaiyyətə təqdim edəcəyik”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR