İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mənim bura gəlməyimin səbəbi “yaxşı maddi imkan” deyil” - FOTOLAR

6691 21.03.2015 12:17 Müsahibə A A

Azadlıq Radiosunun fotoreportyoru, İsveçrədə oturum izni almaq üçün sözügedən ölkəyə gedən Abbas Atilay və həyat yoldaşı, tanınmış jurnalist Sevinc Hüseynzadədən yaxşı xəbər var. İki övladları ilə birgə İsveçrədə olan jurnalist ailəsinə oturum izni verilib. 

Bu statusun detalları və onun həmkarımıza, ailəsinə verəcəyi üstünlüklər, bundan sonrakı planlarını öyrənmək üçün A.Atilayla söhbətləşdik:  

- Öncə status almanız münasibətilə sizi təbrik edirəm. Bilmək istərdim ki, bu sürəc nə qədər çəkdi? Hansı prosedurları keçdiz?

- Təşəkkür edirəm. Adətən Avropada və xüsusilə bu ölkədə vətəndaşlığın ilk mərhələsi – oturum alma prosesi ağır keçir. İsveçrə xaricilərə ən az vətəndaşlıq imkanı verən ölkədir. Düşünün ki, təqribən min müraciət edən insandan 4-5 nəfərinə bu imkan tanınır. Bura gələn insanların əksəriyyətinin real səbəbləri olmadığı üçün, təbii ki, bu səbəbsizlikdən onlara oturum verilmir. Bəziləri isə gözləməkdən bezib özü geri qayıdır.

Şəxsin oturum üçün müraciətindən sonra o, mühacirlər üçün gözləmə kampında yaşayır. Təbii ki, bura türmə deyil. Sadəcə sənədləşmə zamanı mühacirlə istədikləri vaxt kontaktda olmaq üçün bu kampda saxlayırlar. Burada mühacirlərin barmaq izləri götürülür, cinayət əməllərinə bulaşıb-bulaşmadığı öyrənilir, tibbi kontroldan keçirilir və ən əsası onunla bura necə gəldiyi və nə üçün gəldiyi ilə bağlı bir neçə saatlıq söhbət aparılır.

Bu gözləmə kampında gəlmələr “iş”lərinin əhəmiyyətinə görə üç gün də, üç ay və daha artıq da qala bilər. Daha sonra isə onların bəziləri dövlət tərəfindən verilmiş evlərdə, bəziləri isə başqa gözləmə kamplarında öz “iş”lərinə veriləcək cavabı gözləyirlər. 

Bizim bu ölkəyə gələcəyimiz əvvəlcədən İsveçrə Miqrasiya idarəsi ilə razılaşdırıldığı və onların dəvəti ilə reallaşdığı üçün bu proseslər bizdə müəyyən qədər rahat oldu və bu prosesdə bir çox güzəştlərdən istifadə edə bildik.

- Bundan sonra həyatınızda nə dəyişəcək? Hansl məhdudiyətlər vardı ki, onlar aradan götürüldü?

- Gözləmə müddətində bəzi məhdudiyyətlər tətbiq olunur. Misal üçün, mühacirə iş icazəsi verilmir. Bu müddət ərzində o, işləyə bilməz və yalnız dövlətin verdiyi həftəlik pulla ötüşməlidir. Başqa bir məhdudiyyət ölkədən çıxa bilməməsidir. Mühacir cavab gözləmə ərəfəsində İsveçrənin sərhədlərindən kənara çıxa bilməz və s.

Oturum üçün müraciət edən şəxsə pozitiv status (B) verildikdən sonra isə o, artıq İsveçrə vətəndaşının sahib olduğu bütün haqlara malik olur, bəzi istisnalardan başqa: Seçkilərdə namizəd və ya seçici ola bilməz və s.

Həyatımda nəyin dəyişəcəyini demək rahat deyil, ümid edirəm ki, planlarımı həyata keçirmək üçün imkanım olacaq. Sizə bir şey deyim, yalnız İsveçrə deyil, Avropa fürsətlər məkanıdır. Təşəbbüskarlıq və onun uğrunda ciddi fəaliyyət insana böyük uğurlar gətirir. Bunun üçün sizə heç kim mane ola bilməz.

- Səhv etmirəmsə, bundan öncə Sürixdən xeyli kənarda, bir kənddə qalırdız. İndi hansı şəhərdə qalacaqsız?

- İsveçrədə heç yer uzaq deyil. Sürixdən uzaq olmaq Bazelə yaxın olmaq deməkdir. Lozana uzaq olmaq Bernə yaxın olmaq deməkdir. Zatən ölkənin ucqarları arasında olan məsafə təqribən Bakıdan Gəncəyə qədər olan məsafədir.

Biz gözləmə kampından sonra Aarau şəhərinin kənarında Grenixen qəsəbəsində yaşayırdıq. Burdan Sürixə 30 dəqiqəlik yoldur. Ümumiyyətlə İsveçrədə kənd yoxdur. Yəni Alp dağlarının başında olan bir kəndin də yolları asfaltdır, kommunikasiya xəttləri qüsursuzdur. Dağ kəndinə də mütəmadi tramvay işləyir. Bu misal yaxşı səslənməyə bilər, amma İçəri Şəhərdən biri Sulutəpəyə gedib çatana qədər başqa biri Sürixdən yola çıxıb bir neçə şəhərdən keçərək Baselə çata bilər.

Gözləmə ərəfəsində biz Grenixendə bizə verilən evdə yaşamalı və cavabı gözləməli idik. İndi isə artıq belə məhdudiyyətimiz yoxdur. Ona görə fikirləşirik ki, Almaniya sərhədlərinə yaxın, daha böyük şəhərdə yerləşək. Bura Basel də ola bilər, Baden də. İndi ev axtarmaqla məşğuluq.

- Seçim azadlığı sizə məxsusdu, yoxsa İsveçrə hökumətinə..?

- Sizə bəzi şeyləri izah etməliyəm ki, təsəvvür olsun: İsveçrədə iki həyat mövcuddur: Gözləmə ərəfəsində dövlətdən asılı olaraq “gözükölgəli” həyat. Siz bu ərəfədə çox rahat deyilsiz. Sizinlə münasibət də olduqca mehriban deyil. Və bunlar elə planlaşdırılıb ki, siz bezib üzüsulu qayıdıb öz ölkənizə gedəsiniz, əgər ciddi probleminiz yoxdursa. Burda istisnalar olur, əgər sizin bura gəlişiniz Miqrasiya idarəsinin və ya diplomatik korpusların əli ilə olubsa bu həyat sizin üçün bir az yumşalır. Əks təqdirdə bəzən dözülməzdir; Müsbət cavab gəldikdən sonra, artıq “B” statuslu, daimi oturumlu, dövlətin öz vətəndaşına tanıdığı haqları səndən də əsirgəmədiyi İsveçrə həyatı. Bu artıq başqa bir aləmdir. Yəni artıq siz “isveçrəli”siniz.
 

- Hökumət sizə, uşaqlarınıza hansı güzəştləri tətbiq edəcək bu mərhələdən sonra..?

- İlk mərhələdə dövlət istənilən şəxs üçün yerli cəmiyyətə rahat adaptasiya olun deyə şərait yaradır: Pulsuz dil və inteqrasiya dərsləri, tibbi sığorta, işləyəcəyi günə qədər normal yaşaması üçün maddi təminat və s.

- Planlarınız nədir? İsveçrədə yaşayıb nə edəcəksiz?

- Hazırda dil kursum davam edir, bununla parallel ev axtarmaq vaxtımızın əsas hissəsini alır. 1 il - dil kursum bitənə və alman dili səviyyəm normal olana qədər daimi deyil, müstəqil fotojurnalist kimi təkliflərimi yerli mediaya təqdim edəcəyəm. Bundan əvvəl olduğu kimi Azərbaycan və bəzi beynəlxalq media ilə əməkdaşlığım davam edəcək.

Fotojurnalist kimi burda işləmək imkanlarım yaxşıdır. Bu iş üçün hər tərəfli təmanat var. Konfliktli bölgələrə, çəkiliş yerlərinə getmək üçün ta Azərbaycanda olduğu kimi kiməsə “yolpulu” üçün ağız açmağa ehtiyac qalmayacaq. 

- Bu, yaşamınızı orda qurmaq üçün sizə yetərli olacaqmi?

- Məncə olacaq. Mənim bura gəlmə səbəblərindən biri  “yaxşı maddi imkan” deyil, yaxşı iş imkanlarına sahib olmaq, yaxşı işləyə bilmək həvəsi idi və ən əsası dünyanı gəzmək, görmək idi. Azərbaycanda artıq mənim üçün yeni yer yox idi, hər yeri qarış-qarış gəzmişdim. İnanıram ki, bu fürsətlərdən yaxşı istifadə edib həm bura, həm də Azərbaycan üçün yaxşı işlər görə biləcəyəm. 

- Ailə üzvləriniz üçün bu proses, yeni bir ölkədə yaşama necə, asandırmı?

- Yoldaşım üçün bir az çətin idi, amma o da uyğunlaşır. O da journalist olduğundan burdakı fərqliliklər ona da maraqlı gəlir. Amma təbii ki, o qadın olduğundan onun üçün həyatda kəskin dəyişiklik elə də rahat deyil. Amma o, Sürix Universitetində İnsan Haqqları üzrə oxumaq istəyir, akademik fəaliyyətlə məşğul olmaq planları qurur.

Bu prosesdə ən az əziyyət çəkən və ən çox qazanc götürəcəyini düşündüyümüz uşaqlardır. Onlar bu kültür fərqini hiss etməyəcək qədər kiçikdirlər, fürsətlərdən istifadə edəcək qədər isə acgözdürlər. Düşünün ki, indi olduğumuz şəhərdə yaşasaq böyük oğlumun oxuyacağı məktəbdə Albert Enişteyndən savayı iki başqa Nobel mükafatçısı – Paul Karrer və Uerner Barner də təhsil alıb. Bu, bir zarafat deyil.

Sevinc TELMANQIZI 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR