İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mənim balam gələcək" - Şəhid Teymur Rəsulovun mövlud günündən REPORTAJ FOTO REPORTAJ

1409 23.03.2022 19:00 Reportaj A A

"...İgidlər şəhid olacaq, amma Qarabağ güləcək, Qarabağ azad olacaq, Qarabağ qəfəsdən qurtulacaq..."

Teymur Rəsulov martın 23-də dünyaya göz açıb. Könül istərdi ki, o doğum gününü sevdikləri, əzizləri ilə birgə keçirsin, lakin alın yazısı bütün istəklərin önündə durur. Bəlkə də alın yazısı deyib keçmək doğru deyil, çünki Teymur hələ hərbi xidmət dövründə hərbçi olmaq istəyirmiş.

Bu gün Teymur Rəsulovun doğmaları, yaxınları onun əziz xatirəsini yad etmək üçün bir araya toplaşmışdı. Vətənin ərazi bütövlüyünü qorumaq üçün canını sipər edən Teymurun... Xatırlananlar arasında həm onun istəkləri var idi, həm də onunla bağlı istəklər.

Hər kəs öz xatirəsini danışır. Yaxınları Teymurun sakit təbiətli, təkliyi sevən biri olduğunu vurğulayır. Görünür o, demək istədiklərini yazı ilə ifadə edirmiş. Teymurun 27 sentyabr 2020-ci ildə sosial media hesabında paylaşdığı yazısından bir hissə:

"Üstündə dağ olan Dağüstü Park,

Artıq üç gündür burda idim...

Artıq üç gündür zamanı öz əleyhimə çevirmişdim.

Artıq üç gündür Bakıya onlar kimi baxırdım.

Sakit, səssiz, qayğısız, ümidsiz, sevgisiz.

Artıq üç gündür uzaq idim həyatdan da, dünyadan da, gələcəkdən də...

Onlar kimi idim, onlardan daha sakit idim.

Çünki, illər sonra məhz indi... İndi alovlanıb onların da, mənim də qəlbimdə bir azadlıq ümidi, bir qisas hissi. Və mən bunu hiss edirəm...

Döyüşlər olacaq, qan töküləcək, analar ağlayacaq, övladlar yetim qalacaq, amma bu dəfə gəlinlər, qızlar, bacılar əsir olmayacaq, igidlər şəhid olacaq, amma Qarabağ güləcək, Qarabağ azad olacaq, Qarabağ qəfəsdən qurtulacaq, Xarıbülbül üzündə təbəssümlə açacaq, tez solmağa deyil, daha çox yaşamağa can atacaq..."

Bacısı Şəhla yanımda əyləşir. Bir qədər sükutdan sona gah keçmişdən danışır, gah da bu gündən:

-Mənim toyum sentyabrın 9-da olmuşdu. Sevincim qısa sürdü...(ağlayır)Elə bilirəm hardansa çıxıb gələcək...

Şəhlanın toyuna Polad Həşimovun və İlqar Mirzəyevin şəkilləri gətirilmişdi, Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanmışdı, “Vağzalı” əvəzinə “İncəbellim” mahnısı səslənmişdi. Bunları Şəhlanın həyat yoldaşının istəyi ilə Teymur təşkil etmişdi. Bu istəklər Teymurun da ürəyindən idi. Çünki general Polad Həşimovun şəhid olduğu gündən özünə yer tapa bilmirdi. Müharibə başlayandan dəfələrlə cəbhəyə yollanmaq üçün müraciət etmişdi. Sonuncu cəhdində istəyinə nail olmuşdu.

Yazısında qeyd etdiyi kimi, Qarabağın üzünü güldürən yüzlərlə igiddən biri oldu Teymur. Döyüş yolu qısa oldu-cəmi 12 gün. 44 günlük Vətən müharibəsinin 20-ci günü Teymur Rəsulov şəhidlik zirvəsinə ucaldı.

...Bacısı danışdıqca mən də Teymurun nəşinin gətirildiyi günü xatırlayıram. Sahil qəsəbəsinin əsas küçələri ilə keçid olmuşdu. Hər kəsin əlində üç rəngli bayrağımız dalğalanırdı, fasiləsiz "Şəhidlər ölməz, Vətən bölünməz", “Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları səslənirdi. Bütün bunlar "Ana, mən şəhid oldum" şərqisinin fonunda baş verirdi.

Bacısı Şəhla yenə də məni xatirələrdən ayırır:

-Teymur yuxuma girmişdi. Qapıdan girən kimi ayaqlarına qapılıb hönkür-hönkür ağlamağa başladım...O isə mənə dedi ki, anama gəldiyimi demə. Xəbər tutsa, bir ayağımın olmadığını da öyrənəcək (Teymur minaya düşərək həlak olmuşdu)...

Şəhlanın fikrini biraz da olsa, xatirələrdən, yuxulardan ayırmaq üçün söhbəti dəyişməyə qərar verirəm.

-Onun xatirəsini əbədiləşdirmək üçün ağacəkmə kampaniyası yaxşı fikirdir.

-Hə. Sağ olsun təşkil edənlər.

...Bu anda xəbərdarlıq olunur. Məzar üstünə getmək zamanıdır.

Şəhidlər Xiyabanına doğru gedərkən Teymuru yola saldığımız günü xatırlayıram. Axşam vaxtı qardaşımla yola çıxmışdıq. Dostlarını Lökbatanda yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsindən cəbhəyə yola salırdıq. Teymuru geri qaytardılar. Gedənlərin siyahısında adı yox idi. Teymur ard-arda düzülən, könüllülərlə dolu olan avtobuslara baxa-baxa geri qayıtdı. Onu bir neçə gün sonra çağırdılar. Dəfələrlə, israrla cəbhəyə getmək istədiyi üçün.
Şəhidlər Xiyabanına çatırıq. Ömrünün 32-ci payızında şəhid olan Teymurun məzarına yaxınlaşırıq. Dostları öz əlləri ilə hazırladıqları çələngi məzar başına qoyub kənara çəkildilər.

Xalası bayatını bayatıya caladı, nənəsi ard-arda ağı söylədi, anası isə...Anası məzar daşını öpə-öpə “mənim balam gələcək” deyib fəryad etdi...

Bir ANAnın yaşacağı ən ağır hiss övladının buz kimi məzarını öpmək, bala dərdi çəkməkdir yəqin... Kiçik bacısı atası ilə qucaqlaşıb ağlayırdı. Bir kənarda isə anım mərasiminə gələn, lakin heç nə anlamayan kiçik yaşlı uşaqlar dayanıb ağlayanlara baxırdılar.
Biz isə anlayırıq. Bu uşaqların gözəl, işıqlı, müharibəsiz gələcəyi olsun deyə Teymur kimi yüzlərlə oğul canından keçib. Geriyə həyata keçməyən arzular, saysız-hesabsız xatirələr, şərəfli həyat anıları buraxaraq...

Vətən sağ olsun!

Cəbrayıl döyüşləri zamanı şəhid olan Teymur Rəsulov Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə", “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR