Bu dəfə şikayətçimiz Qırxlarov Aydın Qəhrəman oğludur. Ötən ilin aprel ayında avtoqəza ilə üzləşən şikayətçimiz, heç bilməzdi ki, o hadisə onun başına gələ biləcək ən yüngül bir olaydır. Bu "film”in davamı isə hələ daha sonra olacaq...
Məsələ burasındadır ki, Aydın Qırxlarov 2014-cü ilin aprel ayının 22-də, Yasamal rayonu ərazisində öz şəxsi avtomobili ilə hərəkətdə olan zaman arxadan yüksək sürətlə hərəkət edən "Prado" markalı, 10- NH-900 dövlət nömrə nişanlı avtomobil onu vurub. Hadisə zamanı A.Qırxlarovun yanında bacısı da olub.
Dəhşətli qəza nəticəsində A.Qırxlarovla yanaşı, onun avtomobilində olan doğma bacısı da ağır xəsarət alıb. Onun hər iki ayağı sınıb. A.Qırxlarov isə 2 aya yaxın müddət ərzində komada olub.
A.Qırxlarov uzun müddət xəstəxanada müalicə aldıqdan sonra, ikinci bir şokla qarşılaşıb. Məhkəməyə müraciət edən Qırxlarov, nəticədən narazı qalıb. Çünki onun başına bu hadisəni gətirən şəxs kənarda qalıb, başqa bir şəxs həbs edilib.
Bu hadisə haqqımda musavat.com-a daha ətraflı danışan A.Qırxlarov deyir ki, məhkəməyə qəzanı törədən deyil, bir başqa şəxs gətirilib: "Qəza zamanı maşında olan şəxs polis əməkdaşı olub. O, polis kapitanı rütbəsində idi. Mən maşınında polis formasını gördüm. Onu da qeyd edim ki, mən özüm də polis əməkdaşı olmuşam. Bu hadisədən sonra məni yararsız kimi işdən çıxardılar. Mən həmin vaxt komaya düşdüm və 1 ay 26 gün komada qaldım. Vəziyyətimdən istifadə edib, cinayətin izini itirmək üçün onun adı gizlədildi. Guya ki, onun yerinə maşında başqası olub. Məhkəməyə onun qohumu olan Şamilov Əzəddin Nurəddin oğlunu gətirdilər. O, əvvəlcə ifadəsində bildirdi ki, "Mən bu hadisəni törətmişəm". Sonralar o da ifadəsini dəyişdi. Məhkəmə onu zərərçəkmiş kimi tanıdı. Bütün bu olanların hamısını Talıbov Miryusif Fazil oğlunun üstünə atdılar. Halbuki o adamı birinci dəfə idi ki, görürdüm və onun bu məsələyə heç bir aidiyyatı yox idi. Amma onu tutdular".
A.Qırxlarov deyir ki, məhkəmədə saxlanılan şəxsin günahsız olduğunu deyib. Amma hakim fikrini dəyişməyib: "Məhkəmədə bildirdim ki, məni bu şəxs vurmayıb. Onun məsələ ilə yaxından-uzaqdan ilgisi yoxdur. O, günahsızdır. Məcburi qaydada günahı üstünə qoydular. Hakim mənim üstümə qışqırdı. Hiss edilirdi ki, ona bunu tapşırıblar və qərarını dəyişən deyil. Məhkəmənin sədri Azər Tağıyev mənə dedi ki, sən nə etsən də, mənim çıxardığım qərarı dəyişdirə bilməzsən. Burada zərərçəkmiş mənəm. Amma mənim ifadəmin heç bir mənası yoxdur. Bu, necə olur?"
Şikayətçinin dediklərinə görə, həbs edilən şəxs ona atılan şərə dözməyib və dünyasını dəyişib: "Miryusif Talıbov ona atılan şərə dözmədi. Ötən ayın 1-də ürəyi partlayıb və ölüb. Belə haqsızlıq olmaz. O adamın heç bir günahı yox idi. Mənim imkanım olmadığı üçün vəkil tuta bilmədim. Məhkəmə mənə Sevinc adlı vəkil verdi. O da pulsuz deyildi. Bu xidmətə görə ona 250 manat ödəmişəm. Hər şey bir yana, bu vəkildən heç bir xeyir görmədim.
A.Qırxlarov bildirir ki, ona verilən vəkil də heç bir işə yaramayıb: "Vəkil məni müdafiə etmək əvəzinə məhkəmənin dediklərini təkrar edirdi. Ümumiyyətlə, məhkəmədə mənimlə çox kobud rəftar olunurdu. Zərərçəkmiş tərəf mən olsam da, mənimlə cinayətkar kimi davranırdılar. Yasamal rayon Məhkəməsinin çıxardığı qərardan narazıyam. Ona görə də, apellyasiya şikayəti vermişdim. Burada Camal Ramazanovun sədrliyi ilə işə baxılırdı. Ancaq heç bir irəliləyiş olmadı. Mən bu məsələdə çox şübhələnirəm. Burada tapşırıq var. Əsl cinayətkar hazırda Türkiyədədir. Ona ölkəni tərk etmək üçün şərait yaradılıb".
Şikayətçinin tələbi bu işə yenidən baxılması və ona dəymiş zərərin ödənməsidir: "Mən II qrup əliləm. Amma indiyə kimi heç bir pensiya və kömək almamışam. Komada olduğum müddətdə də mənə heç bir yardım göstərilməyib. Hamısı öz hesabımıza olub. Ümumi olaraq, müalicəm və maşınımın təmiri üçün 90 min manat xərcim çıxıb. Bunun üçün uzun illərdir ki, ev almaq üçün yığdığım pulları xərcləmişəm. İstəyirəm ki, məni vuran şəxs istintaqa cəlb edilsin. Bu gün əmək qabiliyyətimi itirmişəm. İşsizəm. Mənə dəymiş ziyan ödənilsin".