Avtomobillərin qulaqbatıran siqnalları dayanacaqda avtobus gözləyən iki gəncin söhbətinə mane olmurdu. Deyəsən, qardaş idilər. Çünki “ata”, “ana” kəlmələrini cəm şəkildə işlədirdilər. Devalvasiyanın, inflyasiyanın getdikcə artdığı vaxtda birinin “Görəsən, krediti necə ödəyəcəyik?” məzlum baxışla verdiyi sualı o biri dərindən köks ötürərək “Güzel günler göreceğiz, çocuklar” deyərək cavablandırdı.
Nazim Hikmətin “Nikbinlik” adlı şeirinin ilk misrası, aforizmə çevrilən bu deyim, bəlkə də, hamımızın yapışdığı, dırnaq çəkisində olan saman çöpüdü.
Bəli, 12 il məhbəs həyatı yaşayan böyük türk şairi Nazim Hikmət də gözəl günlərin görəcəyinə ümidli idi. Ancaq ürəyi çox döyünmədi, 61 yaşında infarkt keçirərək pənah gətirdiyi, ancaq arzularının “məhbəsə düşdüyü” Moskvada dünyasını dəyişdi...
Onu oxuyan hər kəsin yaddaşında bir Nazim obrazı, daha bədii desək, Nazim Hikmət portreti canlanır. Ancaq Nazim Hikmətin bir portreti də var və bu, heç yerdə asılmayıb. Beləliklə, onun “Asılmamış portret”ini şair-publisist Elnur Astanbəyli çizəcək...
- Elnur bəy, öncə Nazim Hikmətin portretini çəkin...
- Belə bir məşhur, eyni zamanda xeyli dərəcədə şablon, söylənməkdən sürtülmüş söz var: “Onun haqqında danışmaq həm asandır, həm çətin”. Məncə, Nazim Hikmət haqqında danışmaq doğrudan da, həm asan, həm çətindir. Asandır - çünki bir tərəfdən önümüzdə zəngin, rəngarəng bir tərcümeyi-hal, bioqrafiya, o biri tərəfdən parlaq poetik istedad, qüdrətli bir poeziya var. Çətindir ona görə ki, Nazimin müəyyən seçimləri, qərarları - Sovetlər Birliyinə köçməsi və həyatının bir dönəmində Kremlin insanlığı sömürücülük, imperializm kimi bəlalardan qurtaracağına inanması həmişə dartışma mövzusu olacaq. Ancaq bütün hallarda onun taleyi - şair taleyidir. Bu ədəbiyyatda çox vacibdir. Uzağa getməyin, bizə son 50-60 ildə “ədəbi dühalar” kimi sırınan şair-yazıçıların həyatına baxın. Onların ədəbi taleləri nə qədər boz, cansıxıcı, mənasız və məzmunsuzdur! Nə şəxsi, nə də ictimai ağrıları var. Heç vaxt həyatın sərt üzünü görməyiblər, dəhşətli sınaqlardan keçməyiblər, danışacaqları və başqalarının maraqla, heyrətlə dinləyəcəkləri tarixçələr, əhvalatlar yoxdur. İlk gündən zəmanənin nəbzini tutublar, özlərinə əziyyət verməkdənsə yarınmaqla ədəbiyyatda bir koma qaralamağa çalışıblar.
- Sizin fikrinizcə yaradıcı adam əzab içində yaşamalıdır?
- Xeyr. Qətiyyən o fikirdə deyiləm ki, yaradıcı adam mütləq əzab, məşəqqət içində yaşamalı və ölməlidir. Ancaq o yaltaq kimi də yaşamalı və ölməməlidir. İnandığı ideyalar, prinsiplər olmalıdır və onlar uğrunda sürgünsə sürgünü, həbssə həbsi, ölümsə ölümü göz önünə almalıdır. Nazim məhz belə bir şairlik, yazarlıq örnəyidir. Türkiyədəki həyatı boyunca 11 ayrı-ayrı məhkəmə iddiasında üst-üstə 12 il həbs yaşamaq, ancaq inandığı dəyərlərdən əsla və əsla geri addım atmamaq – Nazimi, hansı ideoloji görüşə bağlı olur olsun, çoxları üçün doğma edən budur. Mən onun şeirlərini deyən millətçi də görmüşəm, liberal da. Çünki bu şeirlərin arxasında prinsipial bir tərcümeyi-hal dayanır.
Denizin üstünde ala bulut
yüzünde gümüş gemi
içinde sarı balık
dibinde mavi yosun
kıyıda bir çıplak adam
durmuş düşünür.
Bulutmu olsam,
gemimi yoksa?
Balıkmı olsam,
yosunmu yoksa?..
Ne o, ne o, ne o.
Deniz olunmalı, oğlum,
bulutuyla, gemisiyle,
balığıyla, yosunuyla.
Bu şeirin arxasında yalnız istedad yox, həm də tale dayanırsa, onu hər dindən, hər dildən, hər irqdən, hər millətdən, hər ideolojidən olan insanın sevərək söyləməməsi sadəcə, mümkünsüzdür.
“İnsan ata-anasının sayəsində dünyaya gəlməklə kifayətlənməməlidir, o özünü yenidən yaratmağı bacarmalıdır”
|
- Əgər rəssam olsaydınız onun həyatına hansı rəngləri əlavə edərdiniz?
- Çox istərdim ki, Nazim 1950-ci ildə həbsdən çıxdıqdan sonra üzləşdiyi təhdid və təzyiqlər qarşısında qaçmaqdan başqa çarə görməyib üz tutduğu Sovet İttifaqından da nümayişkaranə şəkildə imtina edəydi, SSRİ-nin əslində arzuladığı bir sol ölkəsi olmadığını deyib başqa ünvana gedəydi. Ancaq o zaman da “hara” sualı yaranır. Nazim əslində az yaşayıb - cəmi 60 il... Məncə, onun ölüm səbəbi heç də sadəcə, infarkt deyildi. Bu əslində qətl idi. Onu son nəfəsinədək məmləkət ağrısı və yanğısı ilə yaşamağa məhkum edən Türkiyədəki siyasi rejimlə, Sovet rejimi əlbir şəkildə öldürdü. Çünki 1950-ci illərin sonu etibarilə böyük ümidlərlə gəldiyi SSRİ-dəki idarəetmə şəkli ilə bağlı xəyalqırıqlığı yaşadığını söyləyənlər var. Məncə, Nazim SSRİ-nin sol ideologiyaya parodiyadan başqa bir şey olmadığını görsəydi və buna da üsyan etsəydi, öz tərcümeyi-halını daha da dolğunlaşdırardı. Ancaq yenə deyirəm: bəlkə də onu bu imtinadan sığınacağı daha etibarlı bir ünvanın tapmadığı gerçəkliyi daşındırıb.
- Nazim Hikmət deyir ki, “gerçək şair öz eşqi, xoşbəxtliyi və ağrısıyla məşğul olmaz. Şeirlərində xalqının nəbzi vurmalıdır”.
- Nazimin həyat və ədəbiyyat kredosunu ən gözəl açıqlayan onun öz misralarıdır:
Annelerin ninnilerinden
spikerin okuduğu habere kadar,
yürekte, kitapta
ve sokakta yene bilmek yalanı!
Yalanı yenmək, ən azı yenməyə çalışmaq - əsl yaradıcı adamın həyatı və qələmi öncə buna xidmət etməlidir.
Bilirsən, bəzən mən Nazimin elə şeirləri ilə qarşılaşıram, əslində onları tamam başqası - arxasınca əzmlə yürüyən, hər cür məşəqqətə qatlaşmağa hazır ideyaları, prinsipləri olmayan, seçimini şəxsi xoşbəxtlikdən yana edən bir Nazim yazsaydı, biz onu oxuyub Fikrət Qocanın-filanın yazdığını zənn edərdik. Ədəbiyyatda şəxsiyyətin önəmi də elə məhz budur: hər hansı mətni oxuduqda onun arxasında dayanan müəllifin kimliyi istər-istəməz baxış dəyişdirir, çünki ortada bir ikiüzlülük yox, bir səmimilik, bir yaşanmışlıq duyğusu var. Mən bu gün bizim xalqsız xalq şairlərinin, xalqsız xalq yazıçılarının yazdıqlarında həqiqət, yaxud vicdan haqqında bəlağətli məqamlar görəndə gülür və iyrənirəm. Həyatın boyu yalana xidmət et, yalan hesabına özünə karyera qur, komfort yarat, mətnlərində də insanları doğruluğa, dürüstlüyə səslə. Pardon, yeməzlər! Adama deyərlər, get aşığını at. Nazimin dünyagörüşünü, könül verdiyi ideoloji axını bəyənməmək olar, ancaq bir insanın öz ideyaları naminə həyatını, azadlığını, ailəsini qurban verməsinə sayğı göstərmək, türklər demiş, şapka çıxarmaq hər kəsin borcudur.
“Nazimi onu son nəfəsinədək məmləkət ağrısı və yanğısı ilə yaşamağa məhkum edən Türkiyədəki siyasi rejimlə, Sovet rejimi əlbir şəkildə öldürdü” |
- Nazimin kommunist olması Astanbəylinin onu sevməyinə maneə yaratmır. Bəs nədən eyni tolerantlığı bizim sovet dövrünün şair-yazıçılarına göstərmirsiz?
- Çox sadə səbəbdən. Nazim heç kimdən donos yazmayıb! O, heç bir qələm dostunun üzünə durub, “torba” tikməyib. Ən əsası, Nazim öz ideoloji baxışlarına sonadək sadiq qaldı, onların uğrunda həbsi, sürgünü, ən sonda da vətəndən dərbədər düşməyi gözə aldı. Bəs bunlar neylədilər? Sovetin çöküşü ilə dərhal yeni sistemə adaptasiya oldular, uyğunlaşdılar və bir zamanlar şəninə mədhiyyələr oxuduqları quruluşun üzünə dayandılar, ondan “işverənlik” elədilər. Tam səmimi deyirəm: Azərbaycanda sovet dövrü şair-yazıçılarından hər hansı biri yeni dövrdə də kommunist olaraq qalsaydı, yenə də Sovet quruluşunun ədalətini vəsf etsəydi, ədəbiyyat baxımdan nə qədər bayağı, zövqsüz olsa belə, mən ona sayğıyla yanaşardım. Buqələmunlara isə niyə hörmət etməliyəm?!
- Nazim Hikmət deyir ki, “peşman deyiləm yaşadıqlarıma! Əsəbiyəm bəlkə də yaşaya bilmədiklərimə!” Elnur Astanbəyli yaşadıqlarına peşmandı? Və nəyə əsəbidir?
- Açığı, içimdə heç nə ilə bağlı peşmanlıq duyğusu yoxdur. Hələ-hələ, Azərbaycan kimi bir ölkədə sözün bütün - maddi və mənəvi mənalarında məşəqqət, əzab, məhrumiyyət vəd edən bir ölkədə bəşəri idealları seçdiyimə görə əsla yoxdur. Əksinə, bir məmnunluq hissi var. Hərdən düşünürəm: axı mən “prostoy vətəndaş” da ola, seçki qutusuna topa-topa bülleten də ata, hansısa ləyaqətli bir insanın üzünə də dura, üzü əsla qızarmadan yalan da danışa, yaltaqlıq da eləyə bilərdim. Heç birini eləmirəmsə, bundan böyük xoşbəxtlik varmı? Mən özümün bugünkü seçimimə görə Belinskidən Gertsenə, Nazim Hikmətdən Pablo Nerudaya, Nəsimidən Sabirə, Axundovdan Mirzə Cəlilə, Haqverdiyevə, Xuan Varqas Lyosadan Saramaqoyadək, Sartrdan Kamyüyədək yazdıqlarının arxasında yaşadıqları, bioqrafiyaları dayanan nəhəng ədəbi-mədəni coğrafiyaya minnətdaram.
Bir şeirimdə:
Anadan doğulmaq yetməz,
Özün özünü doğ və hürr yap! – yazmışdım.
İnsan ata-anasının sayəsində dünyaya gəlməklə kifayətlənməməlidir, o özünü yenidən yaratmağı bacarmalıdır. Bunda onun ən böyük yardımçılarından biri ədəbiyyatdır. Tam səmimi deyirəm: məni valideynlərimdən daha çox Nazimin taleyi, Belinskinin Qoqola məktubu, Kamyünün Nobel nitqi tərbiyə edib. Təsəvvür edin, bizim şar kimi üfürülüb şişirdilmiş və ilk toxunuşda param-parça olan “altmışıncılar”ın ümidinə qalsaydım, kim bilir, bu gün hardaydım. Yəqin indi hansısa siyasi məhbusun üzünə duranlardan biri də mən idim.
- Nəyə əsəbi olduğunuzu demədiniz...
- Azərbaycanda əsəbi olmaq üçün səbəb qıtlığı yoxdur ki... 2015-ci ildə gəlişmiş xalqların 250-300 il əvvəl həll eləyib qurtardıqları problemlərlə uğraşmaq məcburiyyətindəyiksə, daha nədən danışasan? İndi səninlə bu söhbəti edərkən əsəbiləşdiyim bir məqamı deyim. Bayaq internetdən oxuyuram ki, Razi Nurullayevi Milli Şuradan çıxarıblar, səbəb kimi də prinsipləri pozmasını göstəriblər. Çox gözəl, çox pakizə. Kimsə yalnız partiya sədrinin üzünə ağ olanda prinsiplər pozulmur axı. Prinsiplər bizə çağdaş, demokratik, mədəni, modern bir ölkə vəd edən Milli Şuranın başqa bir üzvü, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevin Nardarana gedib, haqlı, ya da haqsız, - dəxli yoxdur, hansı səbəblə olursa olsun, onlarca əməkdaşı öldürülən bir jurnala qarşı qanlı terror aktına haqq qazandıran bir aksiyada iştirak edəndə də pozulur. Həm də daha çox pozulur və cəza öncə məhz bu cür adamlara gəlməlidir. Biz müdafiə etdiyimiz prinsipləri hamıdan yüksək tutmağı öyrənməliyik. Bu hətta bizi kütlənin qınaq hədəfinə çevirsə də.
“Hərdən düşünürəm: axı mən “prostoy vətəndaş” da ola, seçki qutusuna topa-topa bülleten də ata, hansısa ləyaqətli bir insanın üzünə də dura bilərdim” |
- Nazim Hikmət demişkən, gözəl günlər görə biləcəyik?
- Bilirsən, mən indi bu cür suallara birbaşa, konkret cavablar vermirəm. Özümdə illüziyalar da, gözləntilər də yaratmıram ki, hər hansı prosesdən, - tutaq ki, müəyyən bir seçki prosesindən, - sonra depressiya, xəyal qırıqlığı yaşamayım. Müdafiəçisi olduğum dəyərlərin haqlılığına, onların gec-tez qalib gələcəyinə inam duyğusu bu gün məni məmnun etməyə kifayətdir. Tutaq ki, 10 il əvvəllə müqayisədə daha rahatam. Fikirləşirəm ki, arzuladığımız gözəl günləri mən görməsəm də problem deyil. Əsas odur ki, düzgün dəyərləri, idealları seçmişəm. Heç kimlərinsə qırmızıcasına yalanlar söyləməsi də artıq məni əvvəlki kimi qeyzləndirmir, özündən çıxarmır. Hətta çalışıram gülüm. Sadə səbəbə görə - onsuz da hər kəs günahı, savabı ilə öz tərcümeyi-halını yazır, Azərbaycanda elə bir vəziyyət yaranıb ki, hər kəs artıq özünə cavabdehdir, bir Molla Nəsrəddin lətifəsində deyildiyi ki, axırda qoyunu qoyun, keçini keçi ayağından asacaqlar.
- 1957-ci ildə “Vışka” qəzetinə verdiyi müsahibəsində Nazim Hikmət deyir: “1937-ci ildə Xəzər dənizində təkcə balıq tutulurdu, indi neft də çıxarılır...”
- Açığı, Nazimin həmin müsahibəsindən xəbərsizəm, niyə məhz 1937-ci il? Böyük ehtimalla repressiyaya - aydın insanların ucdantutma “ovlanmasına” işarə edirdi. Çünki 1937-ci ildə də, hətta 70-80 il əvvəl də Xəzərdən yalnız balıq deyil, neft də çıxarılırdı. Görünür, o sözləri Nazimin repressiyaya dolayı təpkisidir.
- SSRİ-yə pənah gətirmiş Nazimlə Türkiyədə inqilabi şeirlərinə görə həbs olunan Nazimi necə xarakterizə edərdiniz?
- Biz bu barədə artıq danışdıq. Ancaq indi yeri gəlib, bir məqamı da deyim: Nazimin SSRİ-yə sığındıqdan sonra yazdığı şeirləri göstərdi ki, bu əslində fiziki qaçış idi. Ruhən və qəlbən Türkiyədə qalmışdı. Bir az əvvəl dedim ki, Nazimin SSRİ-də daxili peşmançılıq duyğusu ilə yaşadığını düşünürəm. Bunun bir səbəbi də onun son nəfəsinədək məmləkət həsrəti ilə yanıb-qovrulması idi. Nazim o həsrətini elə ağrı, elə acı ilə ifadə edir ki, daxilən xoşbəxt olmadığını anlamamaq, hiss etmək üçün daş qəlbli olmalısan.
Yadıma düşmüşkən, bunu da deyim: Nazim SSRİ-yə gəldikdən sonra burada heç də hamı tərəfindən gül-çiçəklə qarşılanmamışdı, ona “inastranes” deyənlər də kifayət qədər idi. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin səhv etmirəmsə, 1958-ci il iyul plenumunda buna yazıçı Mirzə İbrahimov hətta etiraz da edib ki, “sizin “inastranes” dediyiniz adam nə ingilis atteşesidir, nə amerikan səfiridir, nə də türk paşası, o öz vətənində təqib olunub Sovet İttifaqında sığınacaq tapan kommunistdir, sülh uğrunda mübarizdir! Siz isə qışqırırsınız - “inastranes”, “inastranes”! Bu yaramaz prokuror danışığıdır!”
- Nazim Hikmət bu gün Azərbaycanda yaşasaydı hər kitabından sonra həbsə düşərdi, yoxsa ona hansısa imtiyazlar tanınardı?
- Buna cavab vermək çətindir, çünki bizdə jurnalistdən tutmuş siyasi fəallaradək hər cür müxalif fikirli insan həbs edilsə də, dustaq edilən şair yoxdur. Ancaq o da başqa məsələdir ki, bu gün istedad və şəxsiyyət etibarilə Nazim çapda bir şairimiz olsa, rejim ona nə qədər dözərdi. O indi Azərbaycanda yaşasaydı, hansısa imtiyazlar tanınacağından isə ümumiyyətlə danışmağa dəyməz. Məncə, o yenə də öz dünyagörüşünün, ideallarının arxasında dimdik dayanardı.
- Yaxşı, indi sizi o dövrə aparaq. Elnur Astanbəyli Nazim Hikmətin yerində olsaydı Türkiyədən gedərdi, yoxsa susub vətəndə qalardı?
- Tarix ehtimallarla danışmağı sevmir. Bu, bayaq “Nazim bu günkü Azərbaycanda yaşasaydı” ehtimalı üzərindən dediklərimə də daxildir, mənim Nazim Hikmətin yerində olsam və onun dövründəki Türkiyədə yaşasam ehtimalına da daxildir. Ancaq yəqin ki, mən də susmazdım, doğru bildiklərimi söyləyər və yazardım. Bu mümkünsüzə çevriləndə isə SSRİ-yə üz tutmaq yerinə, susmağı seçərdim. Yalanda iştirak etməyən, ona haqq qazandırmayan, əksinə, onun qulaqlarında bir fəryad, bir ittiham kimi səslənən susmağı! Necə ki, Conatan Sviftin seçimi məhz bu cür olmuşdu - hər nə qədər fərqli müstəvidə, sırf ruhi-psixoloji vəziyyəti ilə də bağlı olsa, hər halda uzun müddət danışmaqdan imtina etmişdi.
- Çizdiyiniz bu portreti kimsə rəsm halına salıb sizə həddiyə etsə başınızın üzərində asarsız?
- Əlbəttə, həm də qürur duyaraq asardım!
Ramin DEKO
Xüsusi olaraq musavat.com üçün